• 24 Oktyabr 2021
logo
Orduda özünü öldürmə həddinə çatdırma cinayətləri 22,2 faiz azalıb

Orduda özünü öldürmə həddinə çatdırma cinayətləri 22,2 faiz azalıb

Ötən il Azərbaycan Silahlı Qüvvələrində qeydə alınmış cinayətlər ötən illə müqayisədə ümumilikdə 2%, o cümlədən az ağır cinayətlər 10,9%, xüsusilə ağır cinayətlər 44,4% azalıb.

Trend-in məlumatına görə, bunu bu gün Respublika Hərbi Prokurorluğunda ötən ilin yekunlarına dair kollegiya iclasında Baş prokurorun müavini, Respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.

Onun sözlərinə görə, 2018-ci illə müqayisədə 2019-cu ildə qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 22,2%, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 91,7%, xuliqanlıq cinayətləri 14,3%, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 3,7%, həmçinin hakimiyyətdən sui-istifadə etmə cinayətləri 15,5 %, qulluğa səhlənkar yanaşma cinayətləri 41,2%, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50,0%, hərbi xidmətdən yayınma cinayətləri 14,1%, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri 30,2%, fərarilik cinayətləri isə 28,6% azalıb.

Hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayəti isə ümumiyyətlə qeydə alınmayıb.

Ötən dövrlərdəki kimi, 2019-cu ildə də ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib, dövlət başçısının bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar Hərbi Prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib.