• 22 Oktyabr 2021
logo
ATƏT DTİHB nümayəndələri ölkəmizdə seçkiqabağı vəziyyət barədə məlumatlandırılıb

ATƏT DTİHB nümayəndələri ölkəmizdə seçkiqabağı vəziyyət barədə məlumatlandırılıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı parlament seçkilərini izləmək məqsədilə Bakıda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) nümayəndələri ilə görüşüb.

Trend secki-2020.az saytına istinadən xəbər verir ki, görüşdə ATƏT/DTİHB seçki analitiki Maşa Yanuşeviç təmsil etdiyi təşkilatın Azərbaycanda keçiriləcək seçkilərlə bağlı gördüyü işlər barədə qısa məlumat verib.

Sonra AVCİYA-nın təmsilçisi ATƏT-in nümayəndələrini assosiasiyanın 2004-cü ildən bəri Azərbaycanda keçirilən seçkilərin monitorinqi ilə bağlı gördüyü işlər və Fəaliyyət Planına uyğun olaraq fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə bağlı fəaliyyətilə tanış edib. Bundan başqa, ATƏT-in nümayəndə heyətinə assosiasiyanın Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan regional ofislərinin gördüyü işlər, AVCİYA-nın seçkiqabağı müxtəlif istiqamətlər üzrə apardığı monitorinqlərin nəticələri barədə geniş məlumat verilib.

Görüşdə, həmçinin Mərkəzi Seçki Komissiyasının fəaliyyəti, seçkiqabağı mühit, seçki şikayətləri, namizədlərin imzatoplama kampaniyası, hər iki qurumun hazırladığı hesabatlar və s. barədə fikir mübadiləsi aparılıb. İştirakçılar namizədlərin şikayətlərinə baxılması sahəsində MSK-nın müsbət işini qeyd ediblər.

Daha sonra M.Zülfüqarlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun üzvlərinin seçki komissiyalarının təşkili, Seçki Məcəlləsinə mümkün dəyişiklikləri, hazırkı dövrdə mövcud ictimai-siyasi vəziyyət, siyasi partiyaların seçki fəallığı, regionlardakı seçki mühiti, namizədliklərini geri götürən şəxslər və s. məsələlərlə bağlı suallarını cavablandırıb.

Görüşdə AVCİYA-nın yeni iki nəşri ATƏT/DTİHB-nin nümayəndələrinə təqdim edilib.

Sonda iki qurum arasında təcrübə mübadiləsinin davam etdirilməsi, seçki gününün monitorinqini keçirəcək Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının nümayəndələrinin 350 müşahidəçi ilə görüşünün təşkili barədə razılıq əldə olunub.