• 25 Aprel 2024
logo
“Azərbaycan daha sərt şəkildə izahat tələb edəcək”

“Azərbaycan daha sərt şəkildə izahat tələb edəcək”

Tural İsmayılov: “Daha kəskin addımlar da ata bilərik”

“İran Azərbaycana qarşı bu günə qədər düşmən siyasətinə heç bir aydınlıq gətirməyib. Daha əvvəl də ölkəmiz tərəfindən beynəlxalq axtarışa verilən terrorçuların Azərbaycana təhvil verilməsi məsələsində İranın normal bir mövqe göstərmədiyinə şahidlik etmişik”.
Bu fikirlər “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Tural İsmayılov deyib. Ekspert bildirib ki, bu saniyələrə qədər hələ də İrandan ölkəmizə qarşı informasiya terroru davam edir: ““Hüseyniyyun” adlı radikal ekstremist təşkilat İran agenturası ilə birlikdə İran ərazisindən Azərbaycan və Türkiyə əleyhinə fəaliyyət göstərirlər. Amma hətta Azərbaycan-İran münasibətlərində “soyuq küləklər” olmayanda da onlar Azərbaycan əleyhinə fəaliyyətlərini dayandırmayıblar, bu kontekstdə hansısa addımlar atmayıblar”.
İranın rəsmi Bakının sorğusunun qarşılığında sükut etməsinə gəldikdə, T.İsmayılov qeyd edib ki, Tehran artıq heç bir cavab verə bilmir: “Bir tərəfdən İranın içərisində hər şey nəzarətdən çıxıb: “Mollakratiya xalqın qarşısında aciz qalıb. Digər tərəfdən ölkədə ciddi iqtisadi çöküş yaşanır. Bütün bunlarla yanaşı, indi İranın Azərbaycan ərazilərinə gedən 14 təxribatçı barədə susmağı verəcək cavablarının olmadığı deməkdir”. Politoloq hesab edir ki, Tehran öz casuslarını rus sülhməramlıları ilə ortaqlıq formasında Xankəndiyə göndərib: “Rus sülhməramlılarının artıq bütün əndazələri aşması və İran agentlərinin ümidinə qalması da əslində həm İranın, həm də Rusiyanın düçar olduğu durumu göstərir”.
T.İsmayılovun gözləntisi budur ki, Azərbaycan sonrakı addımlarda daha sərt şəkildə İrandan izahat tələb edəcək: “İrana qarşı daha kəskin addımlar da ata bilərik. Həmçinin, rus sülhməramlılarının vaxtından əvvəl çıxarılması təklifi də ciddi şəkildə gündəmə gələ bilər”.