• 19 Aprel 2024
logo
“Türkiyə İranın Azərbaycanı hədələməsinə seyrçi qala bilməzdi”

“Türkiyə İranın Azərbaycanı hədələməsinə seyrçi qala bilməzdi”

Elxan Şahinoğlu: “Birgə hərbi təlimlər vasitəsi ilə mesaj verildi”

Azərbaycanla qardaş Türkiyə arasında əməkdaşlıq bütün sahələr üzrə inkişaf edir. Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilən "Qardaş yumruğu" kod adlı Azərbaycan-Türkiyə birgə təlimləri başa çatıb.
Xatırladaq ki, dekabrın 6-da Azərbaycan-Türkiyə birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, birgə təlimi (Qardaş Yumruğu) izləmək üçün Türkiyə Müdafiə naziri Hulusi Akar və Azərbaycan müdafiə naziri Zakir Həsənov poliqona gəliblər: “Məruzə edilib ki, ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələri, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə qarşılıqlı əlaqədə müxtəlif təlim döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirirlər”.
Zakir Həsənov və Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti, eyni zamanda, Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimdə icra olunan tapşırıqları xüsusi quraşdırılmış monitorlar vasitəsilə canlı izləyiblər. Sonda bütün istiqamətlər üzrə icra olunan tapşırıqlar videobağlantı vasitəsilə qoşulan komandir heyəti ilə birgə təhlil edilib: “Keçirilən birgə təlimi yüksək qiymətləndirən müdafiə nazirləri təlimin daha da keyfiyyətli təşkili və şəxsi heyətin peşəkarlıq qabiliyyətinin artırılması ilə bağlı müvafiq tövsiyələrini verib”.
Müdafiə Nazirliyinin məlumata görə, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbiçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.
Nazirlik bildirib ki, birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu diqqətə çatdırıb ki, İranın bir neçə dəfə Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər Bakı ilə yanaşı Ankaranı da ciddi düşündürmüşdü. Onun fikrincə, Ankaranın Tehranla münasibətləri bizimki qədər gərgin deyil: “Ancaq Türkiyə İranın Azərbaycanı hədələməsinə seyrçi qala bilməzdi və Azərbaycanla birgə hərbi təlimlər vasitəsiylə Tehran xəbərdar etməliydi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə birgə hərbi təliminin iştirakçılarına müraciətindəki cümlələrin tamamı birbaşa Tehrana mesaj idi: “Çətin hava şəraitində keçirilən təlimlər Azərbaycan və Türkiyə hərbçilərini daha da gücləndirəcək. Türkiyə və Azərbaycan bu hərbi təlimlərlə həmrəylik nümayiş etdirib. İnanıram ki, sizlər dostlara güc, düşmənlərə qorxu verdiniz. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri də göstərdi ki, heç kim bizi bir-birimizdən ayıra bilməz və ayıra bilməyəcək”.
Türkiyə-Azərbaycan birgə hərbi təlimləri İranda yaşayan fəal azərbaycanlıları öz haqları uğrunda mübarizəyə daha çox həvəsləndirir. Tehranın ağlı və məntiqi olsa, gərək bir daha Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsin. Ancaq məntiq olsaydı münasibətləri gərginlikdən qurtarmaq üçün yollar axtarardılar”.
Politoloq Turan Rzayev diqqətə çatdırıb ki, təlimlər bir çox baxımdan diqqət çəkdi və başda İran olmaqla regionda imperialist maraqları olan, bu maraqlar çərçivəsində Azərbaycana təhdid yaradan qüvvələrə kifayət qədər ciddi mesaj oldu: “Xüsusilə təlimlər İrana cavab mahiyyəti daşıyırdı və demək olar ki, rəsmi Tehranın həm bir müddət öncə Araz çayı boyunca keçirdiyi “Qüdrətli İran” adlandırdığı təlimlərinə, həm də SEPAH-a bağlı Teleqram kanallarında İranın Xəzər dənizindən Bakı buxtasına hücum edəcəyinə dair yayılan təhdid xəbərlərinə layiqli cavab oldu.
Təlimlər çərçivəsində diqqətçəkən əsas məqam isə şübhəsiz təlimlərə Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” qırıcılarının cəlb edilməsi oldu. “F-16” qırıcılarının təlimlərə cəlb edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2020 ci ildə AzTV vasitəsilə xalqa müraciətində toxunduğu bir məqamı yenidən aktuallaşdırdı:
“Bu bir ay ərzində, demək olar ki, mən hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedin baxın F-16 neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki, yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər onlar”, - deyə dövlət başçısı xalqa müraciətində vurğulamışdı.
Prezidentin iki il öncə dediyi bu sözlər faktiki olaraq təlimlər fonunda bir daha özünü doğrultdu. Düzdür, Azərbaycana İran tərəfdən birbaşa təcavüz olmasa da faktiki olarad təhdid yarandı. Buna cavab olaraq da rəsmi Tehran F-16-ları gördü.
Bu bir daha İrana açıq bir mesaj idi. Yəni İranın təhdidi qarşısında türk F-16-ları təlimlər adı altında havaya qalxdı. Ehtimal təcavüz riski qarşısında isə həmin F-16-lar təlimlərdə icra etdiklərini real döyüş vəziyyətini də icra edə bilər”.
Siyasi şərhçi Asif Nərimanlı deyib ki, Türkiyə və Azərbaycan birgə hərbi təlimlərində Bakı şəhərini, Astara, Cəbrayıl və İmişli rayonlarını əhatə edən təlimlərdə iki mühüm detal var: “Birincisi, təlimlərin coğrafiyasıdır: Azərbaycan və Türkiyə ordusu İranla sərhəddə (Astara və Cəbrayıl) döyüş məşqi edir;
İkincisi, təlimin ssenarisidir: iki ölkənin vahid ordusu çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edir;
İki qardaş Araz üzərindən körpü salmaqla Bakını təhdid edən İrana adekvat cavab verdi: mümkün hərbi ssenarilərdə mollaların qarşısına vahid ordu çıxacaq;
Burada Bakının İrana cavab ardıcıllığı da diqqət çəkir:
- Xüsusi Təyinatlı Qüvvələr İranla sərhəddə gecə əməliyyatı keçirdilər;
- Əliyev “türk ordusu buradadır, sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar” sözləri ilə İran rejiminə “qarşınızda türk birliyi var” mesajını verdi;
- Bakı və Ankara Araz çayı üzərində körpü ssenarisi ilə “o taya keçməyin” çətin olmadığını nümayiş etdirdi;
Bu təlimlər həm də Araz üzərində “türk körpüsü”nün salınması mesajıdır”.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov isə bildirib ki, İran Güney Azərbaycanı 4 hissəyə bölüb. Biz güneyli qardaşlarımızın səsini dünyaya çatdırmalıyıq. İranda edamlar başlayıb və bu qətliamlar daha da genişlənəcək".

Əli