• 3 Fevral 2023
logo
Düşmənlər bu təlimlərdən dərs çıxarmalıdır

Düşmənlər bu təlimlərdən dərs çıxarmalıdır

Məhəmməd Əsədullazadə: “Türkiyə və Azərbaycan birgə ordu birləşməsi yaradılması labüddür”

Azər Qasımov: “Təlimlərlə verilən mesajlar ümumi olsa da, hər kəs öz payını aldı”

İki qardaş ölkə arasında keçirilən bu hərbi təlimlər regionda Azərbaycanın təhlükəsizliyini gücləndirəcək və ölkəmiz regional güc olaraq Xəzər dənizi hövzəsində aparıcı ölkə olacaq. Həm Ermənistan, həm də Rusiya Qarabağla bağlı siyasətlərində diqqətli olmalı və bu amildən istifadə edərək Azərbaycana qarşı hərbi təhdidləri kənara qoymalıdır. Çünki Azərbaycan artıq Türkiyə ilə birgə eyni hərbi qruplaşmaya malikdir. Bu qruplaşma “Qardaş Yumuruğu” adlanır. Türkiyə və Azərbaycanın birgə "Qardaş Yumuruğu" hərbi təlimləri Tehrandakı isti başlara soyuq duş effekti verdi. Tehran rejiminin Azərbaycanla bağlı strateji xəttində müsbətə doğru dəyişikliklər gözlənilmir. Proseslər iki ölkə səfirliklərinin geri çağırılması ilə nəticələnə bilər.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Məhəmməd Əsədullazadə ötən gün Türkiyə və Azərbaycanın birgə hərbi təliminə münasibətində deyib.
O, qeyd edib ki, Rusiya da bu təlimlərdən dərs çıxaracaq. Qarabağda hoqqabazlıqları, separatçıları silahlandırması azmış kimi Laçın dəhlizində Azərbaycanın gömrük postunun qoyulmasının qarşısını alır. Laçın dəhlizində Azərbaycanın Rusiya sülhməramlı qüvvələri ilə birgə gömrük postunun qoyulması Kreml tərəfindən qəbul edilməyib. Azərbaycan məcburi şəkildə bunu etməlidir: “Qeyd edim ki, Türkiyə və Azərbaycan birgə ordu birləşməsi yaradılması labüddür. Bu birlik ölkəmizə qarşı siyasi və hərbi təzyiqləri neytrallaşdıracaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Türkiyə Azərbaycan birgə hərbi təlimlərindən Tehran rejimi nəticə çıxarmalıdır. Türkiyə ilə ilk dəfə olaraq bu kimi geniş miqyasda keçirilən hərbi təlimdi. İranın Azərbaycana hərbi təhdilldlərinə qarşı "Şuşa" dekalarasiyasına uyğun olaraq Ankara-Baki birgə geniş miqyaslı hərbi təlimləri İrana ciddi mesajdır. Bu təkcə İrana deyil, Rusiyada bu təlimlərdən nəticə çıxarmalıdır. Çünki, Qarabağda Rusiya sülhməramlı qüvvələrinin "fəaliyyəti" Azərbaycanın təhlükəsizliyini təhdid edir. Bu təlimləri NATO-Azərbaycan təlimləri kimi də xarakterizə etmək olar. Vaşinqtonda bu təlimlərə dəstək verir. Azərbaycan Baş Qərargah rəisi bir neçə gün Pentaqonda görüşlər keçirdi. Azərbaycana ABŞ dəstəyi yeni müstəvidə davam edir. Türkiyə və Azərbaycan birgə hərbi təlimləri ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər. İranın Azərbaycana qarşı hərbi təhdidləri fonunda keçirilən bu təlimlərdən sonra Tehranın Zəngəzur dəhlizi ilə bağlı spekulyasiyalarina da cavabdır. Bu təlimlərdən sonra Türkiyə qoşunları müəyyən müddətdə Azərbaycanda qalacaq”.
Politoloq Azər Qasımov isə deyib ki, "Qardaş Yumruğu" adlı Türkiyə-Azərbaycan təlimi isim verilmədən ünvanı o qədər məlum olan bir tətbiqatdır ki, verdiyi mesajlar baxımından bütün maraqlı tərəfləri addım atmazdan əvvəl iki dəfə fikirləşməyə məcbur edəcək. Keçirilən tətbiqatın vaxtı, əhatə dairəsi və məkanları baxımından verdiyi mesaj çox əhəmiyyətli idi. Bakı, Astara, Cəbrayıl və İmişli rayonlarının ərazisində keçirilən təlimlərin əsas məqsədi iki qardaş ölkənin ordularının inteqrasiyasını artırmaq, ehtiyac olacağı halda bir-birilərinin müstəqilliyini, milli maraqlarını qorumaq üçün qarşılıqlı fəaliyyət göstərərək, yumruq kimi birləşmək və istər Türkiyə, istərsdə də Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün birlikdə olacaqlarını göstərmək idi: “Təlimlərlə verilən mesajlar ümumi olsa da, hər kəs öz payını aldı. Arazın üzərində açılan panton körpü isə mesajı konkret ünvanına geri qaytardı. Hələ bir ay öncə İran Araz üzərində sınıq-salxaq panton körpü qurmuş, Arazı keçməyi məşq etmiş və Azərbaycana öz ağlınca mesaj vermişdi. Keçirilən tətbiqat bu mesajı İrana qaytardı və Arazı keçməyin necə olduğunu onlara göstərdi. Türkiyə Azərbaycanın yanında illərdir vardır. 2001-ci ildə Qərargah rəisi Kıvrıkoğlu Paşa dövründə Xəzər dənizində İranın güc göstərişinə üç gün Azərbaycana səfər etmiş, "Türk ulduzları" Bakı səmalarında uçmuşdu. 2010-cu ildə Türkiyə Prezidenti Gül ilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Strateji iş birliyi" çərçivəsində: "bir tərəfə hücum olarsa, digər tərəf bütün imkanlarından istifadə edərək hücuma məruz qalanı dəstəkləyəcəkdir"-deyə, bir ifadə vardır. Ən nəhayət isə 2021-ci ildə Türkiyə Prezidenri Ərdoğan və Azərbaycan Prezidenti Əliyev arasında Şuşa şəhərində imzalanan tarixi "Şuşa bəyannaməsi" isə Türkiyə-Azərbaycan strateji müttəfiqliyimizin pik nöqtəsi oldu. Bunlar məsələlərin üzdə olan tərəfləridir. Ümumiyyətlə, regiondakı proseslərin siyasi analizində bu təlimin yeri və məqsədi nöqteyi-nəzərindən fikir yürütsək, bəzi mətləblər üzərində dayanmaq yerinə düşər”.
A.Qasımov qeyd edib ki, ilk növbədə Türkiyənin İranla olan münasibətləri üzərində dayanmaq lazımdır. İranla Türkiyə iki qonşu və tarixi rəqib ölkələrdir. Bu tarixən belə olub, indi də belədir. Hər iki ölkənin maraqları bir çox məsələdə kəsişir, hətta hərbi qarşıdurma səviyyəsinə kimi gəlib çıxır. İlk növbədə Suriya və İraqda bu münasibətlər açıq və gizli qarşıdurma həddindədir: “İki ölkənin sərhədləri qismən sakit olsa da, İranın ətraf regionlardakı pozucu fəaliyyətinin təsiri sərhəddə də özünü göstərir. Türkiyə ərazisinə Əfqanıstan qaçqınlarının daşınması, sərhəddən keçirilməsi İranın fəaliyyətinin nəticəsidir. İranın Azərbaycana qarşı olan münasibəti isə Türkiyənin gündəmində xüsusi yer tutur. Bu məsələlər Türkiyə və İran münasibətlərinin gərgin olduğunu göstərir. Təbii ki, hər iki ölkə bu gərginliyi gündəmə gətirməməyə, işıqlandırmamağa çalışırlar. Amma iş Azərbaycana gələndə Türkiyənin mesajı açıq və aydındır: "Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir!" Keçirilən təlimlərin əsas hədəfi də İrandır. İran son dövrlər Azərbaycana qarşı açıq şəkildə aqressiv siyasət yürüdür, təlimlər keçirir, Ermənistanla birlik fəaliyyətləri aparır. Zəngəzur dəhlizinin açılmasını özünə qarşı təhlükə hesab edir və buna müxtəlif adlar altında mane olmaq yolunu tutur”.
Politoloqun fikrincə, Türkiyə- Azərbaycan tətbiqatları İrana mövcud olan siyasi və hərbi reallıqları göstərmək, eyni zamanda, nəticə baxımından gəlinəcək sonluğun heç də İran üçün yaxşı olmayacağını göstərmək baxımından manədardır. İran-Azərbaycan münasibətlərinin kəskinləşməsini bilavasitə iki ölkə arasında qarşıdurma kimi yox, dolayısı ilə İranın Zəngəzur dəhlizinin açılmasına göstərdiyi reaksiya baxımından verilən cavab kimi xarakterizə etmək lazımdır. Bu, Azərbaycan tərəfindən siyasi hücumdur və İranın mövqeyinin dəyişdirilməsinə hesablanıb: «Bir çoxlarının Amerika Azərbaycanı Ukrayna kimi poliqona çevirmək istəyir şəklində fikirləri əsassızdır və məsələnin mahiyyətini anlamamaqdan irəli gəlir. İrana qarşı olan sərt ritorika nə qədər kəskinləşsə də, bunun açıq qarşıdurmaya keçmək ehtimalı yoxdur. Bu, tək nəzəri olaraq deyil, praktiki olaraq da mümkün deyil. İranın Azərbaycana və ya əksinə, Azərbaycanın İrana hücum etmək kimi planları yoxdur, ola da bilməz. Bunun qarşısını alan təbii baryer var, bu da İranın şimalındakı azərbaycanlılardır. Nə İran azərbaycanlıların arasından keçib Azərbaycana hücum edəsidir, nə də Azərbaycan öz soydaşları olan əraziyə hücum edəsidir və ya üçüncü ölkəyə buna şərait yaradasıdır. Qarşılıqlı hərbi təlimlər, diplomatik və informasiya dueli mövqe mübarizəsidir, qismən də ölkələrin daxili təsir rıçaqlarını istifadə məqsədi güdür. İranın daxilindəki proseslər, onun parçalanması barədəki ehtimallar Azərbaycandan kənar geosiyasi proseslərdir. İrandaxili proseslər dərinləşərsə, Azərbaycan bu prosesə ən son mərhələdə qoşula bilər. Türkiə-Azərbaycan tətbiqatı İranla yanaşı Ermənistan, Rusiya və Yunanıstana da açıq mesaj verir, eyni zamanda, regiondan kənar bu regionda oyun qurmaq istəyən ölkələrə başa salır ki, sizin oyunlarınızın qarşısında iki qardaş ölkənin güclü orduları var. Üzərinə oyun qurduğunuz bədbəxt Ermənistanı rahat buraxın. Onları boş vədlərlə şirnikləndirməyin. Sizin boş vədlərinizin Türkiyə və Azərbaycanın gücü qarşısında heç bir dəyəri yoxdur. Bizlər vaxtı ilə erməni xalqını içərimizdə saxlamış, çörək vermiş xalqlar olmuşuq. Əgər onlara qarşı onda düşmənçilik etmiş olsaydıq indi erməni adlı xalq olmazdı. Amma bizlər Türk milləti kimi tarixən bizə möhtac olan heç bir xalqla pis rəftar etməmişik. Öz çörəyimizi ermənilər daxil qonşularla, vətəndaşımız olan hər kəslə bölüşmüşük. İndi də buna hazırıq. Amma bu mərhəmətin qədrini bilənlə».
Сavid