• 19 Aprel 2024
logo
“Hamam suyu” ilə dost tutanlar

“Hamam suyu” ilə dost tutanlar

İran Ermənistan “qardaşlığı”nın gerçək üzü

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi ilə bağlı regional mesajlar intensivləşdikcə, “İran” adlanan ölkənin saxta məzhəbçi rejiminin erməniləri ağuşuna almaq cəhdləri də artır. Belə ki, Tehran rejiminin Qafanda tələm-tələsik tövləyəbənzər konsulluq açmasından doğan məzhəkə səngimədən, əmmamələri yerlə sürünən saxta mollaların 2023-cü ilin əvvəlində Ermənistanda ticarət mərkəzi açmaq niyyətləri gündəmə gəlib.
Ermənistanın Tehrandakı ticarət ataşşesi Vardan Kostanyan dekabrın 6-da İrəvanda, Ermənistanın İqtisadi inkişaf nazirliyində keçirilən görüşdən sonra jurnaslitlərlə söhbətində deyib ki, yeni ticarət mərkəzində “İran” adlandırdıqları ölkənin 100-dən artıq şirkəti öz məhsullarını təqdim edəcək. Kostanyanın sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü kimi “İran” adlanan ölkədə geniş təbliğ olunur və bu ölkənin şirkətləri Ermənistanda birgə müəssisələr yaratmaqla öz məhsullarını Aİİ üzvü olan ölkələrdə güzəştli şərtlərlə realizə edə bilərlər. Vardan Kostanyan qeyd edib ki, “İran” adlanan ölkədə Ermənistanın analoji ticarət mərkəzinin açılması ilə bağlı Tehran rejimi ilə müzakirələr aparılır.
“İran” adlanan ölkənin Ermənistandakı ticarət attaşesi Əkbər Heydəri isə bildirib ki, erməni iş adamları arzu etdikləri vaxt Tehranda və digər şəhərlərdə öz biznes sərgilərini aça, yaxud keçirilən sərgilərdə iştirak edə bilərlər. Bunun üçün isə ermənilərə “İran” adlanan ölkənin ərazisinə ayaq basçaları yetərlidir. Yerdə qalan nə varsa - təşkilatçılıq işlərindən başlamış qonaqlamaya kimi – molla rejimi edəcək.
Ermənistanın İqtisadi inkişaf nazirinin müavini Armen Arzumanyan da dekabrın 6-da ölkəsi ilə molla rejiminin əməkdaşlığı ilə bağlı müzakirələrdən sonra, bu ilin 10 ayı ərzində “İran”la Ermənistan arasındakı ticarət dövriyyəsinin 45,3% artığını və 565,6 milyon ABŞ dollarına çatdığını açıqlayıb və hədəfin, Rəisi ilə Paşinyanın dediyi kimi, 3 milyard ABŞ dolları olduğunu bildirib.
Ermənistan tərəfinin bütün iddialarına baxmayaraq, ticarət dövriyyəsinin, əsasən “İran”dan Ermənistana, buradan isə Avrasiya İqtisadi İttifaqı ölkələrinə, xüsusilə də Orta Asiyaya təkrar ixracı hesabına artdığı kimsəyə sirr deyil. Elə Ermənistanın Tehrandakı ticarət attaşesinin də yuxarıda iqtibas gətirdiyim fikirləri belə düşünməyə əsas verir.
Xatırladım ki, İranın Ermənistandakı səfiri Abbas Zohuri hələ bu ilin avqust ayının 27-də yerli mediaya açıqlamasında bildirmişdi ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrə 6-7 min adda məhsulu güzəştli tariflərlə ixrac etmək imkanı “İranlı” iş adamlarına İttifaqın bazarlarında işləmək imkanı yaradır. Sitat: “İran güzəştli gömrük rüsumlarından istifadə etməklə Ermənistan ərazisindən Avrasiya İqtisadi İttifaqına 6-7 min adda məhsul ixrac edir. İran Ermənsitan vasitəsilə Avrasiya İqtisadi İttifaqına ixracını iki dəfə artırmağı planlaşdırır”.
Göründüyü kimi, Ermənistan ərazisi İran üçün güzəştli tariflərdən yararlanmaq üçün “tramplin” rolunu oynayır. Ermənistan isə ona Avrasiya İqtisadi İttifaqının üzvü kimi təqdim edilmiş güzəştlərdən İranın yararlanmasına imkan verməklə, əslində həm Gömrük İttifaqı və Vahid İqtisadi məkan haqqında müqavilənin, həm də Aİİ haqqında müqavilənin bir sıra müddəalarının tələblərini pozur. Beləki Aİİ ilə İran arasında imzalanmış müvəqqəti müqaviləyə əsasəb bu ölkədən İttifaq ərazisinə 500 adda məhsulun güzəştli şərtlərlə idxalı nəzərdə tutulur. Amma İranın İrəvandakı səfiri 6-7 min adda məhsulun Ermənistan ərazisi ilə idxalından danışır. Belə anlaşılır ki, Ermənistan “hamam suyu ilə özünə dost tutur”, yəni Aİİ üzv olan ölkələrin idxal potensialından istifadə etməklə, İranın bu ölkə ilə Aİİ arasında imzalanmış müqavilədə nəzərdə tutulmayan məhsullarının Avrasiya İqtisadi İttiofaqının bazarlarına təkrar ixracına imkan yaradır.
Qənaətimə görə, təkcə Ermənistanda deyil, bütün mümkün coğrafi məkanlarda Azərbaycanın maraqlarına qarşı çıxmağa çalışan molla rejiminin Aİİ məkanına Ermənistan üzərindən çıxışını əngəlləmək üçün imkanlar var. Azərbaycan Aİİ üzvü olan dost və qardaş ölkələrlə, xüsusilə də Qazaxıstan və Qırğızıstanla olan münasibətlərindən istifadə etməklə, həmçinin onlara İrəvanın Gömrük İttifaqı və Vahid İqtisadi məkan, həm də Aİİ haqqında müqavilənin bir sıra müddəalarının tələblərini pozuğu faktlarını əsas kimi təqdim edərək, İranın Ermənistan üzərindən təkrar ixrac yolu ilə Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin bazarınlarına çıxış imkanlarını məhdudlaşdıra bilər.

Elçin Mirzəbəyli