• 19 Mart 2024
logo
“Konstitusiyanı pozmaq hansı ehtiyacdan qaynaqlanır?

“Konstitusiyanı pozmaq hansı ehtiyacdan qaynaqlanır?

Qüdrət Həsənquliyev: “Dövlət ödənişlərinin həcmi qanunla müəyyən olunmalıdır”

“Dövlət ödənişlərinin həcmi qanunla müəyyən olunmalıdır. Biz qanunu qəbul etməliyik, cənab Prezident imzalamalıdır”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili bildirib ki, yalnız bundan sonra vətəndaşlardan hansısa vergi və ödəniş almaq olar: “Burada biz səlahiyyət veririk. Məsələn Torpaq Məcəlləsinə etdiyimiz dəyişikliyin 4-cü maddəsində qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Mən ötən dəfə izah etdim, dövlət orqanlarının xidmət haqları dövlət rüsumu haqqında qanunla müəyyənləşib. Dövlət orqanının göstərdiyi xidmətə görə, vətəndaş rüsum ödəyir və onun qarşılığında da lisenziya, yaxud hər hansı bir sənədi alır. Konstitusiya birbaşa hüquqi qüvvəyə malikdir. Konstitusiyanın 73-cü maddəsinin 2-ci hissəsində deyilir ki, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. İndi biz qanunu konstitusiyaya zidd qəbul etdik, vətəndaş məhkəməyə verdi və dedi ki, mən ödəməyəcəyəm, mənim sənədimi ver. O da verməyəcək. Belə olan halda məhkəmə hansı qərarı qəbul edəcək? Konstitusiyanı əsas tutacaq, yoxsa bizim Torpaq Məcəlləsinə edilən dəyişikiliyi? Mən başa düşürəm, elə məsələlər var ki, konstitusiya nəzərə alınmır. Hansısa ali dəyərlər, dövlətin ali məqsədləri nəzərdə tutulur, halbuki mən onu da düzgün hesab eləmirəm. Burada o məbləği Milli Məclis müəyyənləşdirsə, nə olacaq ki? Hökumət təklif versin. Amma deputatlar da xalqın təmsilçiləri kimi burada müzakirə eləsinlər və qanunu qəbul edək, bundan sonra xidmət haqqını ödəsinlər. Niyə icra orqanı bunu Milli Məclisdən kənar, konstitusiyaya zidd etmək istəyir? Mən başa düşə bilmirəm ki, bu hansı ehtiyacdan qaynaqlanır ki, biz konstitusiyanı pozaq? Yenə də deyirəm ki, konstitusiya birbaşa qüvvəyə malikdir. Bizim savadlı vətəndaşlarımız verəcəklər məhkəməyə bizim qəbul etdiyimiz qanun tətbiq olunmayacaq”.

Əli