• 22 Fevral 2020
logo
Davos Forumu Azərbaycanın dünya ilə inteqrasiyası və yeni trendlərin iştirakçısı olması üçün fürsətlər yaradır - Cavid Vəliyev

Davos Forumu Azərbaycanın dünya ilə inteqrasiyası və yeni trendlərin iştirakçısı olması üçün fürsətlər yaradır - Cavid Vəliyev

Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunda 45 hökumət və dövlət başçısı ilə birlikdə iştirak edərək, burada həm dövlətlərin siyasi liderləri, həm də şirkət rəhbərləri ilə mühüm görüşlər keçirdi.

Bunu Trend-ə Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev deyib. Onun sözlərinə görə, Azərbaycanın bu forumdan gözləntisini iqtisadi və siyasi istiqamətlərdə qiymətləndirmək olar: “Bunlara ikitərəfli ticarət münasibətlərinin inkişaf etdirilməsi, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, dünyada sosial, iqtisadi, demoqrafik, iqlim, sənaye və texnoloji trendlər haqqında gedən prosesləri digər dövlətin liderləri və şirkət rəhbərləri ilə müzakirə edərək təkliflər vermək və s. daxildir. Azərbaycan dünya ilə inteqrasiya olunan bir dövlətdir və bu mənada Davos dünyanın sadalanan problemlərinin müzakirə olunduğu bir platformadır. Prezident İlham Əliyev də dünyadakı bu prosesləri diqqətlə izləyən və bu dəyişikliklərə görə tədbir alan bir lider olaraq tədbirdə təmsil olundu.

Digər tərəfdən, Azərbaycan Prezidentinin iştirak etdiyi “Strateji Baxış: Avrasiya” paneli də olduqca vacib idi. Dünya ticarət və iqtisadiyyatının mərkəzi son illərdə bildiyimiz kimi Avrasiyaya keçmişdir. Azərbaycan bunu nəzərə alaraq Şərq-Qərb arasında bir körpü olduğu strategiyasından hərəkət edir. Prezident İlham Əliyevin yuxarıda qeyd edilən başlıqda bir paneldə iştirak etməsi dünya dövlətləri və şirkətlərinin gözündə Azərbaycanın bu strategiyasının qəbul olunduğunun təzahürüdür. Bu mənada Azərbaycan Qərb üçün Avrasiyaya giriş qapısı olaraq qiymətləndirilir.

Həmçinin, Azərbaycan dəmir yolu, avtomobil yolu, limanlar və dəniz gəmiçiliyi sahələrinin inkişaf etdirilməsi üçün sərmayə yatırmışdır. Hazırda Azərbaycan bu infrastrukturun aktiv istifadəsi üçün yüklərin cəlb olunması istiqamətində çalışır. Burada vergi, gömrük keçişlərinin sadələşdirilməsi qədər siyasi təbliğat olduqca vacibdir. Şərq-Qərb arasında Azərbaycanın yerləşdiyi orta koridor vaxt etibarı ilə ən qısa koridordur və bunun Şərq-Qərb arasında yük daşıyan şirkət və dövlətlərə tanıdılmasına ehtiyac vardır”.

C.Vəliyevin sözlərinə görə, Davos Forumunun iqtisadi bir zirvə görüşü olmasına baxmayaraq, siyasi təsirləri də vardır: “Prezident İlham Əliyevin "Azərbaycan haqqında qərarlar Bakıda verilir", "Azərbaycan Bakıdan idarə olunur" mənasına gələn ifadələrinin dünya dövlətləri və şirkətlərinin təmsil olunduğu bir zirvədə səslənməsi olduqca vacibdir. Bu açıqlamalar Azərbaycan xarici siyasətinin müstəqillik prinsipi əsasında qurulduğunun bir təzahürüdür. Çünki, Avrasiya coğrafiyasında bəzi dövlətlərin həyata keçirdiyi xarici və təhlükəsizlik siyasəti Qərbdə onların suverenlik və müstəqilliyinin şübhə ilə yanaşılmasına səbəb olur. Bu baxımdan, Azərbaycan müsbət bir nümunə olaraq təqdim olunmuşdur.

Azərbaycanda həyata keçirilən iqtisadi və siyasi islahatların altına imzasını atan bir lider olaraq Prezident İlham Əliyev Davosda maraqla qarşılandı. Həm siyasi lider və şirkət rəhbərləri ilə görüşdə, həm də öz çıxışında Azərbaycan Prezidenti bu məsələni davamlı gündəmdə saxladı. Çünki xarici investorlar adətən sərmayə yatıracağı ölkədə 2 şeyə diqqət edir - ölkədəki iqtisadi şərait və siyasi sabitlik. Bu mənada, son dövrlərdə ölkənin iqtisadi, siyasi və məhkəmə sahəsində olan islahatları xaricdən də diqqətlə izlənilir.

Bu gün ölkədə aparılan siyasi və iqtisadi islahatların nəticəsində, dünya ölkələri iqtisadi böhranın mənfi nəticələrini müzakirə etdiyi bir dövrdə Azərbaycanda iqtisadi artım 2% oldu. Ən vacibi isə qeyri neft sektoru 3.5 %, qeyri neft sənaye sektorunda 14 % artım qeydə alındı. Xüsusən, kənd təsərrüfatında illik artım 7% oldu. Xarici borc ÜDM-nin 17 %-ni meydana gətirir ki, bu da Azərbaycanın dünyada 9-cu yerdə bərqərar olmasına imkan yaradır. Lakin bu rəqəmin 10%-a qədər azaldılması planlaşdırılır. Son rəqəmlərə görə, Azərbaycanın strateji valyuta ehtiyatı xarici borcundan 5-6 dəfə çoxdur. Gömrük və vergi sahələrində aparılan islahatlar nəticəsində 2019-cu ildə plandan 1 milyard manat daha çox vəsait büdcəyə daxil olmuşdur".

Ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin OPEC-in baş katibi Məhəmməd Barkindon ilə görüşü xüsusilə diqqət çəkici oldu: "Bildiyiniz kimi, 2015-ci ildə neftin 1 barelinin qiyməti 30 dollara qədər düşmüşdü və bu məsələ iqtisadiyyatlarında neftin böyük rol oynadığı OPEC-i və OPEC-ə üzv olmayan dövlətləri narahat edirdi. Bu ölkələr vəziyyətdən çıxış yolu axtardığı bir dövrdə - 2015-ci ildə Prezident İlham Əliyev OPEC və OPEC-ə üzv olmayan ölkələrin birlikdə çalışması təklifini vermişdi. Prezidentin bu təklifindən 12 ay sonra OPEC və digər 24 neft istehsal edən ölkə arasında əməkdaşlıq haqqında bəyannamə imzalandı. Nəticədə neft istehsal edən ölkələr günlük istehsalı 1.2 barel azaltdı ki, bu da dünya istehlakının 10%-i qədərdir. Beləliklə, neft qiymətləri yavaş-yavaş artdı və bugünkü 67 dollar səviyyəsinə çatdı. Qısacası, Prezidentin təklifi neft ölkələrinin qarşılaşdığı qiymət probleminin həllində ilk təklif oldu.

Əlbəttə, Davosa dəvət olunmaq qədər, tədbirdən necə qayıtmaq da vacibdir. Belə ki, Prezident Əliyev Davosun regional mərkəzinin Azərbaycanda yaradılması haqqında protokol imzalayaraq Bakıya əli dolu qayıdacağını göstərdi. Bununla Azərbaycan Dördüncü Sənaye İnqilabı Şəbəkəsi Mərkəzinə qoşuldu. Dünyada sadəcə 5 belə regional mərkəz var idi, Azərbaycan 6-cı oldu. Bu mərkəzlərin məqsədi yeni texnologiyaların idarə edilməsi sahəsində dövlət-özəl sektor əməkdaşlığını inkişaf etdirməkdir. Bu mərkəz, eyni zamanda Milli Dördüncü Sənaye İnqilabı strategiyalarının inkişafında köməkçi rol oynayacaq.

Düşünürəm ki, Davosda Prezident İlham Əliyevin keçirdiyi görüşlər uğurlu oldu və Azərbaycanın dünya ilə inteqrasiyası və dünyadakı yeni trendlərin iştirakçısı olması üçün fürsətlər yaradır. Bu, həmçinin qeyri-neft sektorunun inkişafı və çoxvektorlu, müstəqil xarici siyasətimizin anlaşılması baxımından da vacib əhəmiyyətə malikdir".