• 24 Oktyabr 2021
logo
Vüsal Qasımlı: Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır

Vüsal Qasımlı: Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır

Biznes mühitinin yaxşılaşdırılması, institutsional təkmilləşmə, infrastrukturun yaxşılaşdırılması, özəl sərməyənin cəlbi, bazarlara çıxış və insan kapitalının inkişafı hökümətin əsas islahat gündəliyini təşkil edir. Əlverişli makroiqtisadi mühit və təşviq mexanizmləri, habelə gözləntilərin yaxşılaşması özəl sərmayənin təşviqini sürətləndirməyə hesablanıb. Bu baxımdan Azərbaycan Fransa kimi inkişaf etmiş iqtisadiyyata malik ölkə ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkil etdiyi işgüzar görüşdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır: "Təsadüfi deyil ki, 2018-ci il Fransanın Cənubi Qafqazın üç ölkəsi ilə ümumi ticarət dövriyyəsinin 62,4%-i məhz Azərbaycanın payına düşüb. 2019-cu il Azərbaycandan ixracın 3%-i Fransaya həyata keçirilmişdir. Fransadan idxal olunmuş məhsullar isə ümumi idxalın 2,1%-ni təşkil edir. Azərbaycandan Fransaya ixrac olunan əsas məhsul xam neftdən başqa fındıq, meyvə, tərəvəz, xurma, şərab və s. məhsulların ixracını genişləndirmək mümkündür.”

Qeyd edək ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında qarşılıqlı iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir. Hazırda Palatanın 60-dan çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.