• 2 Mart 2024
logo
Azərbaycanın ərazi bütövlüyünü təmin edən dövlət adamı

Azərbaycanın ərazi bütövlüyünü təmin edən dövlət adamı

Müstəqil Azərbaycan Respublikası bu gün dünyanın öndə gedən, müstəqil daxili və xarici siyasəti olan nüfuzlu ölkələrindən biridir. Xüsusən də 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz Böyük Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın qüdrətini bir daha artırdı. Bütün bunlara əlbəttə ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı böyük zəka sahibi, dünya hərb və diplomatiya tarixində öz dəsti xətti olan möhtərəm Prezident İlham Əliyevin gərgin əməyi və uzaqgörən siyasət sayəsində olmuşdur.

2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Dövlətin əsası dayanıqlı inkişafdır. Məhz İlham Əliyevin prezident seçildiyi ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.

Bu illər ərzində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkəmiz Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.

Rəfael Mehdiyev
Z.Əhmədov adına 64 nömrəli tam orta məktəbin direktoru