• 27 İyul 2024
logo
Rusiya özünü bataqlığa atıb

Rusiya özünü bataqlığa atıb

“Bu gediş Rusiyaya yaxşı heç nə vəd etmir”

Artıq 8-ci aydır Rusiya Ukraynaya hərbi müdaxilə edib. Kreml istəyinə nail olmayıb, rəsmi Kiyev isə müqavimət göstərir, müdafiə olunmaqla yanaşı, hücum əməliyyatlarında iştirak edir, işğal olunan ərazilərini qaytarır, müharibə getdikcə qızışır, hər iki tərəfdən yüzlərlə itki qeydə alınır, tərəflər isə sülh barədə fikirləşmək istəmirlər. Kerç körpüsünün partladılması, Moskvanın Kiyevi bombalaması, Ukrayna silahlı qüvvələrinin isə Rusiya şəhərlərini hədəfə alması vəziyyəti daha da gərginləşdirib.
Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də səhər tezdən Ukraynaya soxulub. Qərb ölkələri Rusiya Federasiyasının təcavüzünə qarşı çıxdılar və Ukraynanı dəstəklədilər - yeni anti-Rusiya sanksiyaları tətbiq etdilər və Kiyevi silahla təmin etməyə başladılar.
Kreml geri çəkilmək fikrində deyil, hətta nüvə silahını işə sala biləcək hədəsini verib. Kiyev isə Rusiya üzərində artıq qələbə çaldığı fikrindədir. Prezident Volodimir Zelenski əmindir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə artıq uduzub. O, bu fikri Almaniyanın “Bild” portalına müsahibəsində bildirib.
"Dünyada hələ də başa düşməyən dövlətlər var ki, Putin artıq bu müharibəni uduzub. Tarixən o, uduzub. Ukraynaya yox. İndi o, artıq dövlətinə uduzub, bütün dünyaya uduzub. O, demokratiyaya uduzub. Yəni, ümumiyyətlə, onun müharibəsi uduzub”, - Ukrayna Prezidenti bildirib.
Avropa Komissiyasının baş katibi, Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell qeyd edib ki, Ukraynanın Rusiya ilə müharibəsinin növbəti altı ayı həlledicidir.
“Həqiqətən də, Rusiyanın Ukraynaya təcavüzünün başlamasından altı aydan çox vaxt keçib və indi biz yeni mərhələdəyik: Ukrayna Rusiya qoşunlarını geri çəkilməyə vadar edir ki, bu da hərbi, siyasi və psixoloji baxımdan vacibdir. Beləliklə, Rusiya Ukrayna ərazisinin təxminən 20%-ni işğal edib və hələ də dinc əhaliyə qarşı qəddarlıq nümaiş etdirir. Bununla belə, görünən odur ki, artıq döyüş meydanında təşəbbüs ukraynalıların tərəfindədir. Onlar Krım da daxil olmaqla cəbhə xəttinin arxasındakı sursat anbarlarını və digər hədəfləri uğurla vurub, cənubda, xüsusən də Xerson vilayətində əks-hücum əməliyyatına başlayıblar”, - deyə Borrell bildirib.
ABŞ dövlət katibi Entoni Blinken isə deyib ki, Vaşinqton Rusiyanın təcavüzünə qarşı müqavimət göstərən Ukraynanı dəstəkləməyə davam edəcək. Bilnken əlavə edib ki, Rusiya başladığı müharibədə artıq uduzub. "Ukraynalılar inanılmaz cəsarətlə müdafiə olunur və Rusiya artıq uduzub. Putinin məqsədi özünün dediyi kimi, Ukraynanı müstəqil və suveren ölkə kimi məhv etmək idi. Bu məqsəd uğursuzluğa düçar oldu. Suveren və müstəqil Ukrayna Putindən daha uzun müddət yaşayacaq".
Blinken vurğulayıb ki, Rusiya Donbasda müəyyən uğurlar əldə etsə də, qəti qələbədən uzaqdır və artıq əldə etdiyi nailiyyətlər ona hədsiz baha başa gəlib.
Politoloq Azər Qasımov “Xalq Cəbhəsi”nə deyib ki, Ukraynaya hücumundan sonra baş verən hadisələr Rusiyanın güc strukturlarının mahiyyətini ortaya çıxardı. Əslində məsələ o deyil ki, bu hücumla güc strukturları özünü bir çox cəhətlərdən hazırlıqsız, Rusiya kimi böyük dövlətin bu günə kimi mövcud olan fikrə görə, güclü, müasir və inkişaf etmiş olduğu mifik gerçəyini darmadağın etdi, məsələ ondadır ki, eyni zamanda, Rusiyanın dövlətçilik ənənələrini məhv etdi. Ukraynaya hücum edəndə kəşfiyyat mənbələrinin məlumatına əsasən Rusiya bir neçə günə işğal başa çatdırmalı, hakimiyyət devrilməli, Ukrayna xalqı da buna sevinməli və millətçilərdən onları xilas etdiyinə görə bu işğalı alqışlamalı idi. Bu, Rusiya kimi böyük dövlətin kəşfiyyat məlumatı idi. Əslində bütün proses də buna hesablanmışdı. Rusiya hesab etmişdi ki, işğal prosesini deyilən şəraitdə başa çatdırdıqdan sonra dünya ictimaiyyəti də buna işğal deməyəcək və adından da məlum olduğu kimi "xüsusi hərbi əməliyyat" deyəcək. Bu da Rusiyanın reputasiyasını aşağı salmaq yox, əksinə daha da qaldıracaq. Hadisələrin gedişi məlumdur. Səkkiz ayda Rusiya nəinki bu reputasiyasını qaldıra bildi, olan-qalan nə var idisə onu da yox etdi. Gələk indi dövlətçilik məsələsinə. Məsələ ondadır ki, Rusiyanın dövlətçilik ənənələri də yox imiş. Adi insan belə aydırdır ki, hadisələrin belə gedişi Rusiyanı məhvinə aparır. Bu gediş Rusiyaya yaxşı heç nə vəd etmir. Rusiya təbliğat maşını deyək ki, daxili auditoriyada elə fikir formalaşıb ki, sadə vətəndaş bu gedişatın Rusiyanı məvhə apardığını görmür, bəs bu təbliğatın mənbəyi olan kəşfiyyat orqanları nə üçün özlərini sadə vətəndaş kimi bu təbliğatın təsiri altında aparır? Rusiyanın bu bataqlığa daha da batmasına şərait yaradırlar. Dövlətçilik ənənələri olan dövlətdə bu durumda dövlət təhlükəsizliyi orqanları bu gedişatı dəqiq qiymətləndirib dərhal bunun qarşısını almaq üçün hərəkətə keçər, bunda günahı olan hər kəsi vəzifəsindən uzaqlaşdırıb, həbs edər və sonra isə yenidən dövləti formalaşdırmaqla məşğul olardı. Məsələnin mahiyyəti budur. Görünən odur ki, Rusiya həqiqətən də məhvə məhkumdur, amma ola bilməz ki, Rusiyanın daxilində buna qarşı çıxa biləcək güclər olmasın. Rusiya hakim elitası kriminal hakimiyyətdir, eyni zamanda, rus xalqının düşmənidir. Əgər hakimiyyətə olduğu bu on illiklərdə qurduqları ordu, kəşfiyyat və iqtisadiyyat budursa, əksər xalqın güzəranı göz önündədirsə, amma bununla yanaşı oliqarxların, hakimiyyətə yaxın elitanın, onların media təbliğatçılarının lüks həyatları, mal-dövlətləri saysız-hesabsızdırsa, deməli, deyilən həqiqətdir. Rusiya dövləti kriminal hakimiyyətin əlindədir, onun idarəçiliyi də belə olmalı idi. Görünən odur ki, Rusiya addım-addım daxili qarşıdurmaya sürüklənir. Amma böyük ölçüdə Rusiyanın gələcəyindən narahat olan qüvvələrlə kriminal hakimiyyət qarşıdurmasına yox, əllərində külli miqdarda oğurluq pullar toplamış hərbi generalitet ilə hakimiyyəti qoruyan kəşfiyyat strukturlarının xidmətçiləri arasında ölüm-qalım qarşıdurmasına. İki cəbhə də müharibənin uduzulduğunu hiss edir, daha doğrusu, bilirlər. Məsələ bunda kimi günahlandırmaq və qurban verməkdir:
“Məsələ ondadır ki, bu məğlubiyyətdən bütün tərəflər cavabdehdir və günahkardır. Məgər Putin bilmirdi ki, dövlət büdcəsindən istər hərbiyə, istərsə də təhlükəsizlik orqanlarına ayrılan vəsaitlər oğurlanır, təyinatı üzrə istifadə edilmir? Putin bunu yaxşı bilirdi, amma bunu bildiyi halda göz yummağa məcbur idi, çünki onların da bu kriminal hakimiyyətdə öz təsir dairəsi var idi və onların da qarşılarına oğurlanan pullardan atılmalı idi. Yoxsa belə çıxır ki, oliqarxlar və siyasi elita varlanması idi, hakimiyyətdə qalmağa şərait yaradan qurumlar yox? Bir sözlə, bu məğlubiyyət bütün Putin rejiminin məğlubiyyəti hesab ediləcək. Putin bunları çox yaxşı başa düşürdü. O, təxminən görüntü xatirinə 100-150 minlik ordu yaratmışdı. Onları əllərində olan silahlarla silahlandırmışdı və milyonluq ordunun mövcudluğu ilə ətrafdakılara qorxu salıb, arxayın idi ki, qarşısındakı Ukrayna ordusu bu tələyə düşəcək və rus ordusunun adı gələndə qaçıb dağılacaq. Görüntü də bunu təsdiq edirdi. Paradda iştirak edir kimi rahat şəkildə sıra ilə ordunun Ukraynaya girməsi, özlərinə tam arxayınçılıq, 60-70 kilometrlik hərbi texnika kolonaları və s. isbat edirdi ki, rus ordusu döyüşməyə gəlməyib, sadəcə bir neçə xüsusi təyinatlı dəstələri Kiyevə daxil olub Zelenskini həbs etməli, ya da öldürməli idi və bununla da işğal uğurla başa çatmalı idi. Rusiyanın döyüşkən hesab edilən ordusu elə görünən qədər idi, yəni Ukraynaya hücum edən qədər. Az bir hissə də ölkədən kənarda Suriya, Liviya və digər münaqişə bölgələrində yerləşmişdi ki, təxminən 10-15 min və ya bir az çox olardı”.
Hələ 2008-ci ildə 5 günlük müharibədə Rusiya Gürcüstana hücum edəndə, gürcü ordusu Rusiyanın öndə gələn ordusunu ilk günlərdə darmadağın etmişdi və bunların əvəzinə rus komandanlığı Rusiya ərazisindəki bütün hərbi hissələrdən seçib əsgər gətirməyə məcbur olmuşdu ki, hücumu davam etdirsin. Amma normal ordusu olan dövlət Gürcüstana ən yaxın olan, məsələn, Cənub qruplaşmasını ora göndərməsi bəs etməli idi ki, əmri yerinə yetirsinlər, yoxsa Mərkəz və Şimal komandanlığını da döyüşə cəlb etməzdi. Burdan aydın olurdu ki, Rusiyanın ordusu görünüşdə qorxuludur, amma real döyüş vəziyyətində göründüyü kimi deyildi. Həmin Gürcüstan döyüşlərində hava hücumundan müdafiə sistemlərinin raketləri tükənəndən sonra rus təyyarələri Tbilisinin həndəvərində uça bilmişdi. Rusiya güc strukturlarının zəifliyi özünü "Kerç" körpüsünün müdafiəsində də göstərdi. Dəqiq məlumat olmasa da, körpüdə baş verən partlama istər kəşfiyyat, istərsə də ordu və daxili işlər orqanlarının fəaliyyətinin də yox səviyyədə olduğunu sübut etdi. Bu körpü Putinin bir növ simvolu hesab edilirdi. Onun vurulması, həm də Putinin doğum günündə vurulması həmin bu güc strukturlarının böyük ölçüdə ya bacarıqsızlığının, ya da məqsədli şəkildə ğöz yummasının nəticəsidir: “Kimin bu hadisəni törətməsindən asılı olmayaraq nəticə eynidir. Putini gözdən salmaq. Amma hesab etmirəm ki, bu, həmin hakimiyyət daxili qrupların məqsədli oyunudur, çünki Putin onların ortaq fiqurudur. Putin yoxdursa, onlar da böyük ehtimalla olmayacaq. Bu, tək Putini devirmək istəyən qrupun oyunu ola bilər. Bura müstəqil və ya ukraynayönlü kimlərsə aid edilə bilər. Fikrimcə, bunun əslində, Putinin öz oyununun olduğu daha öndə gələn versiyadır. Putin niyə öz simvolunu vurmaqla özünə zərbə vursun? Ola bilsin ki, Putin bundan istifadə edib, Ukraynaya qarşı daha güclü dağıdıcı zərbə vurmağı, ya da daxildəki ona əks qüvvələri və ya fəaliyyətindən narazı olduğu, amma vəzifədən çıxara bilmədiyi birilərini təmizləməyə əsas əldə etməyi planlaşdırır. Görünən odur ki, Ukrayna bataqlığı Rusiyanı Ukrayna düzlərindən sonra, Rusiya daxilində də öz içinə çəkməyə davam edir. Müharibə uzandıqca Rusiya hərtərəfli bu bataqlığa batır. Rusiyanın isə bu bataqlıqda batmaqdan başqa fikri yoxdur. Ən azı Rusiyanın müharibəni uzatmaqla bunu deməyə əsas verdiyi şübhə doğurmur”.
Cavid