• 26 Oktyabr 2021
logo
Əli Kərimli xalqımızın hüzn günündən də öz çirkin məqsədləri üçün istifadə etməyə çalışır

Əli Kərimli xalqımızın hüzn günündən də öz çirkin məqsədləri üçün istifadə etməyə çalışır

Özünü müxalifət "lideri" adlandıran Əli Kərimlinin həyat yolundakı ilk fərarilik faktı 1990-cı ilin 20 yanvar günündə baş verənlərlə bağlıdır.
Bunu Trend-ə Milli Məclisin deputatı Sona Əliyeva deyib.
Onun sözlərinə görə, o zaman Rəhim Qazıyev, Nemət Pənahlı və Əli Kərimli “Şmit” zavodunda yaradılan Müdafiə Komitəsinin üzvü idilər: “Onlar 20 yanvarda şəhərin giriş-çıxışında qurulan barrikadalara bir növ nəzarət etməli idilər. 20 Yanvar faciəsi günü tələbə yoldaşları komitə üzvləri ilə maraqlanıblar, görüblər ki, Əli Kərimli ortada yoxdur. Yanvarın 21-də isə Əli Kərimli meydana çıxıb, yəni hadisədən sonra. Yataqxanada ona 20 yanvarda harada olması ilə bağlı sual da veriblər. O isə yoxa çıxmışdı, qırğın zamanı gizlənmişdi”.
Deputat bildirib ki, Əli Kərimli ümumiyyətlə xəyanət və satqınlıq fonunda dırnaqarası siyasətçiyə çevrilib: “Heç kim onun mərhum Əbülfəz Elçibəyə qarşı törətdiyi xəyanət və söyüş kampaniyalarını, AXCP-nin sədrlik postunu hansı çirkin yollarla zəbt və işğal etdiyini unutmayıb. Ona görə də bu gün onun fəaliyyətinə nəzər salarkən həm də belə bir nəticə hasil edə bilərik ki, bu ünsür bütövlükdə müxalifəti dağıdıb, özünü də "ana müxalifət lideri" kimi təqdim etməyə cəhd göstərir. Amma bu xislət illərdir davam etsə də, o, öz qaranlıq niyyətinə çata bilmir.
Əli Kərimli və qaragüruhçu dəstəsi 20 Yanvar faciəsindən də sui-istifadə edir. Hər il 20 Yanvar günü süni ajiotaj yaratmağa, təxribat törətməyə çalışır, Şəhidlər Xiyabanının kütləvi ziyarəti ilə bağlı ənənəvi növbəli buraxılış qaydasını yenə özlərinə qarşı təxribat sayır. Halbuki, bu cür ümumxalq ziyarətlərində polis nizam-intizamı və sabitliyi qorumaq üçün insanları kiçik qruplarla göndərir. Əli Kərimli bu yolla özünü gündəmə gətirmək istəyir, bu adam xalqımızın hüzn günündən də öz çirkin məqsədləri üçün istifadə etməyə çalışır.
Atalarımızın məşhur bir sözü var - başqasına quyu qazan özü düşər. Ömrünü xalqa, dövlət maraqlarına, hətta təmsil olunduğu düşərgəyə xəyanətlər etməyə həsr edən Əli Kərimli, əlbəttə ki, qazdığı quyuya mütləq mənada özü düşəcək. Onun xisləti, qaragüruhçuluğu da tam olaraq bu gerçəkliyi sübuta yetirir”.