• 1 Dekabr 2022
logo
Edillidəki kütləvi məzarlığa kor olanlar: 4 min itkinin neçəsi Xocalıda torpağa gömülüb?

Edillidəki kütləvi məzarlığa kor olanlar: 4 min itkinin neçəsi Xocalıda torpağa gömülüb?

Azərbaycan daha bir missiyanı təkbaşına öz üzərinə götürüb: I Qarabağ müharibəsində əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın axtarışını! Neçə illərdir dünyaya çağırış edirik ki, Ermənistan 4 min insanımızın öldü-qaldısından xəbər vermir, sözünüzü deyin, təzyiq göstərin, heç olmasa qətlə yetirib, kütləvi şəkildə basdırdıqlarının yerini göstərsinlər...Amma nə faydası, dünya gücləri laldır, kardır, kordur!!!

Təkcə bu faktamı? Yox! 44 günlük müharibə başa çatandan sonra Azərbaycan Ermənistandan Qarabağda basdırdığı minaların xəritəsini istədi, bu barədə də çoxsaylı səslənişlər oldu. Azərbaycana “erməni əsirləri qaytarın” deyib də, təzyiqlər göstərənlər burada da səsimizə səs vermədilər. Hətta üçtərəfli müqavilə imzalandıqdan, müharibəyə “stop” deyildikdən sonra ərazilərimizə keçib, hərbçilərimizi, dinc sakinlərimizi qətlə yetirən terrorçuların azad olunmasından ötrü olmazın canfəşanlığa əl atanlar işğalçıların əlindən mina xəritələrini alıb vermədilər ki, ermənilərin darmadağın etdiyi əraziləri abadlaşdıranlar təhlükə ilə üzləşməsinlər. Ermənistanın yüzlərlə hərbçinin qaytarılması müqabilində verdiyi xəritələrin də özlər kimi saxta olması faktı belə, beynəlxalq qurumların “tükünü tərpətmədi”.

Budur, Azərbaycan daha 17 hərbçini sağ-salamat Ermənistana qaytardı, sentyabrın 13-ündə Azərbaycana qarşı təxribat törədən, 80 hərbçimizin həlak olması ilə nəticələnən xain hücumda iştirak edənləri! Hansı ölkə terrorçuları gül-çiçəklə qarşılayır, yedirib-içirib yola salır?! Amma “ədalət”li paytaxtlar ilk gündən Azərbaycana çağırışlar etməyə başladılar, lap zəhləmizi tökdülər. Baxın, yaralı, əsir Azərbaycan əsgər və zabitlərini yaxın məsafədən atəş açmaqla qətlə yetirən erməni terrorçularını kimsə ittiham etmədi, amma ermənilərin qurduğu tamaşaya istinad edib, üstümüzə gəldilər. Şübhəsiz ki, elə Ermənistanın cinayətlərinin ört-basdır edilməsi üçün hazırlanıbmış həmin tamaşa, Klaar və digərləri balanslı münasibət bildirsin deyə. Axı, işğal dövründə də belə davranıblar, hər zaman işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoyublar. Məntiqlə bu gün Ukrayna və Rusiya elə də eyni davranılmalı idi...Amma yox, erməniyə özəl münasibət var, fərqi yoxdur terrorçu olsun, separatçı olsun, ya uşaq qatili...

Qeyd etdiyimiz kimi, Azərbaycan yenə də humanist davrandı və bir qrup hərbçini Ermənistana qaytardı. Hətta Tiqran və digər 3 nəfərin yaralarını sarıyaraq, müalicə edərək! Əvəzində?..Nikol Paşinyan ABŞ-a təşəkkür etdi, elə təşəkkür xəbərində də Azərbaycan ittiham edildi, həyasızcasına deyildi ki, hərbçilər Azərbaycanın “təcavüzü” samanı əsir götürülmüşdü. Azərbaycanın bu addımı yetərincə qiymətləndirildimi? Təbii ki, yox. Amma eyni addımı Ermənistan atsaydı, indi düzülmüşdülər bir-birinin ardınca tərif yağdırmağa.

Azərbaycan Ermənistan hərbçilərini qaytardığı gün Xocavənd rayonunun Edilli kəndində növbəti kütləvi məzarlığın aşkarlandığı xəbəri yayıldı! Müqayisə edin, biz diri erməniləri qaytarırıq, onlar isə hətta bizim qətlə yetirilənlərimizin də basdırıldığı yerləri nişan vermirlər, sadəcə Azərbaycan əsgərinin azad etdiyi ərazilərdə aparılan qazıntı işləri nəticəsində insan qalıqları aşkarlanır. Baş Prokurorluğun məlumatına diqqət edək: “İstintaqla I Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxsin öldürülməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilməsi müəyyən olunub. İstintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə bu il fevralın 23-26-da baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, sentyabrın 14-30-da isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək götürülüb. İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib. Həmin hadisələrin şahidi olmaqla 28 avqust 1993-cü il tarixdən 14 dekabr 1994-cü il tarixədək Ermənistanda əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”.

Dəhşətdir! Ailələrin gözləri 29 ildir yol çəkir, əzizinin nə öldüsündən, nə qaldısından xəbər tuta bilməyib. Bir çox hərbçilərimizin, mülkilərimizin ata-analarının ağlamaqdan gözləri kor oldu bu illərdə. Nakam dünyasını dəyişənlərin sayı-hesabı yoxdur. İndi çoxlarının qulağı səsdədir, görəsən tapılan qalıqlar kimin həyətinə aparılacaq. Adamlar quruca təskinlik xəbəri üçün də qurban deyiblər, dəhşətdir!

İllər öncənin bir olayını xatırladım: Yardımlının Yolocaq kəndinə şəhid aparılmışdı. Beynəlxaql Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Şuşa yaxınlığında aşkarlanmış sümük qalıqları təqribən on ildən sonra çıxarılaraq Azərbaycana təhvil verilmişdi. Ağlamaqdan gözlərinin nurunu itirmiş ananın sümük qalıqları qoyulmuş tabuta xitabən “xoş gəldin, oğul”- deməsi dəhşətli an idi. Bu gün 4 min insanımızın doğması sümük qalıqlarına “xoş gəldin” deməyə tamarzı qalıb. Bunun nə qədər dəhşətli olduğunu erməni sifətlilər və ermənipərəstlər bilməz, duymaz. Görün Ermənistanı hərbi əsirlərin - terrorçuların qaytarılmasına görə təbrik edənlər Azərbaycana Edillidəki kütləvi məzarlığa görə başsağlığı verdilərmi? Yenə lal, kar, kor oldular!

Xocavənd rayonunun Edilli kəndi ərazisində 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanmış ərazidən bu gün və sabah götürüləcək, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin kriminalistika şöbəsinə təqdim ediləcək. Kimlərin olduğu bəlli olmasa da, artıq əminlik var ki, hərbçilərimizə məxsus qalıqlardır. Əsgər ayaqqabısı, kəməri...Meyitlərin ayaqlarının məftillə bağlanması hər şeyi deyir! Erməni faşizminin gerçək simasını açan faktlardır...

Sentyabr ayında Kəlbəcər rayonunun Yanşaq kəndində bunkerlər aşkarlanmışdı. Məlum oldu ki, düşmən işğal illərində azərbaycanlı əsirləri soyuq havada heç bir şərait olmadan, dəhşətlər içərisində məhz bu kameralarda saxlayıb! Alman konslagerindən də dəhşətli vəziyyətdə! Amma görün Njdenin nəvələrinə bir söz deyilirmi bu faktlara görə?!

Hələ görün Rusiya sülhməramlılarının olduğu ərazilərdə - Xocalı, Ağdərə, Xocavənd, Malıbəyli, Kərkicahan...digər yerlərdə nə qədər kütləvi qəbristanlıqlar var! Ermənilər rusun kölgəsində gizlənməklə, bu ərazilərin azadlığını əngəlləməklə həm də Azərbaycanın öz vətəndaşlarından soraq almaq imkanlarını məhdudlaşdırırlar, bununla insanlığa qarşı törətdikləri cinayətləri ört-basdır edirlər. Bilirlər ki, bu faktların hər biri Beynəlxalq Məhkəmənin predmeti olacaq, ona görə maksimum gizlədirlər! indi o cinayətləri təsdiqləyən faktlar ortaya çıxır, addım-addım. Azərbaycan əsgəri hansı ünvanı azad edirsə, insan qalıqları aşkarlanır, Başlıbeldə də belə olmuşdu, Fərruxda da oldu, Edillidə də...

Bir gecədə məhv edilən, yer üzündən silinən 7 min nəfərlik Xocalıda görün nə qədər insanlarımız toplu halında torpağın altına gömülüb. Və o torpaqların üzərində hələ də terrorçular sülənir...

Elşad PAŞASOY