• 20 Aprel 2024
logo
Nüvə müharibəsinə hazırlıq görülür

Nüvə müharibəsinə hazırlıq görülür

Elçin Xalidbəyli: “Ukraynaya nüvə zərbəsi endirilsə, NATO dərhal reaksiya verəcək”

Rusiya öz müdafiəsi üçün istənilən silahdan, o cümlədən strateji nüvə silahlarından və yeni prinsiplərə əsaslanan silahlardan istifadə edə bilər. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev özünün “Telegram” kanalında dövlət başçısı Vladimir Putinin vətəndaşlara xüsusi televiziya müraciətində elan etdiyi əsas qərarları şərh edərkən yazıb. “Yeni birləşmiş bütün ərazilərin müdafiəsi Rusiya Silahlı Qüvvələri tərəfindən əhəmiyyətli dərəcədə gücləndiriləcək. Bu cür qorunma üçün təkcə səfərbərlik imkanları deyil, həm də Rusiyanın istənilən silahı, o cümlədən strateji nüvə silahları və yeni prinsiplərə əsaslanan silahlar istifadə oluna bilər”, - deyə Medvedev bildirib.
ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə plan hazırlayıb. Lakin o, CBS-ə açıqlamasında məsələnin detallarını müzakirə etməkdən imtina edib.
Blinken Rusiya Prezidenti Vladimir Putinin nüvə ritorikasını “məsuliyyətsiz” adlandırıb və deyib ki, ABŞ açıq və özəl şəkildə Rusiyadan “nüvə silahları haqqında boş söhbətləri” dayandırmağı tələb edib.
“Moskvanın belə bir addımın nəticələrinin dəhşətli olacağını bizdən eşitməsi və öyrənməsi çox vacibdir. Biz bunu çox açıq şəkildə ifadə etmişik”, - ABŞ Dövlət Departamentinin rəhbəri əlavə edib.
Putin nüvə silahından istifadə etmək qərarına gəlsə, Kremldə ona yox deyə biləcək kiminsə olub-olmaması ilə bağlı suala Blinken belə cavab verib: “Məncə, sizin işarə etdiyiniz böyük problemdir və bütün avtokratiyaların "Axilles dabanı"dır. Belə iqtidara adətən həqiqəti söyləmək qabiliyyəti və ya arzusu olan kimsə olmur. Zənnimcə, Rusiya hazırda qarışıqlıq içərisindədir, çünki sistemdə Putinə səhv yolda olduğunu deyə biləcək heç kim yoxdur”.
ABŞ dövlət katibi həmçinin bir daha bəyan edib ki, özünü "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" adlandıran bölgələrdə, eləcə də Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş ərazilərində keçirilən “referendumlar qondarmadır”. Blinkenin sözlərinə görə, Ukrayna bu bölgələri qaytarmaq hüququna malikdir.
Hərbi ekspertlərin bildirdiyinə görə, taktiki nüvə silahları əsasən döyüş meydanında istifadə üçün nəzərdə tutulub. Düşmənin müdafiə xəttini yarmaq və ya strateji obyektləri sıradan çıxarmaq üçün, məsələn, hava limanlarını... ən kiçiklərinin zərər verdiyi ərazinin radiusu heç bir kilometrə də çatmaya bilir. Nəhəng nüvə göbələyi də əmələ gəlmir. Frans press agentliyinin yazdığına görə, Rusiya Ukraynaya bir və ya bir neçə taktiki nüvə silah ata, onu suda və ya havada partladaraq elektron cihazları sıradan çıxara bilər.
Bəs nüvə silahı hansı nöqtəyə atılacaq? Rusiya hərbi Akademiyasının eksperti Vladimir Proxvatilova görə, Ukraynanın Lvov bölgəsinə. Polşa ilə sərhədə. və ya Odessadakı Qaradəniz flotuna. Ukrayna mətbuatının yazdığına görə isə Britaniya Kəşfiyyatının Ukrayna Prezident ofisinə verdiyi məlumata görə, Rusiya nüvə zərbələri üçün bir neçə hədəf seçib. Onlardan biri Lvova 30 km məsafədəki Yavorov poliqonudur.
Politoloq Elçin Xalidbəyli mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə bildirib ki, Rusiyanın hərbi-siyasi elitasında daxili çəkişmələr mövcuddur. Bu çəkişmələr hərbi məğlubiyyətlərdən istifadə edərək, rəqiblərin sıxışdırılmasına cəhdlər ilə müşayiət olunur. Bəzi məlumatlara görə, Rusiyada üç hərbi güc mərkəzi fəaliyyət göstərir və onların arasında kəskin ziddiyyətlər mövcuddur. Hazırda Rusiya Müdafiə Nazirliyi, Rosqvardiya və "Vaqner" hərbi şirkəti arasında amansız mübarizə gedir. Müşahidələrə əsasən, Rosqvardiya və "Vaqner"in Rusiya Müdafiə Nazirliyinə qarşı birləşdiyini ehtimal etmək olar. Onu da qeyd etmək lazımdır ki, belə daxili çəkişmələr ən çox Putin hakimiyyətinə təhlükə yaradır. Hər halda, Ukrayna savaşındakı ağır məğlubiyyətlərlə yanaşı, Rusiyanın hərbi güc mərkəzləri arasındakı ziddiyyətlər də Putin hakimiyyətini zəiflədir: “Ona görə də, Kreml sahibi Ukrayna savaşından mümkün qədər tez bir zamanda çıxmağın yollarını axtarmaq məcburiyyətində qalıb. Ancaq Putin hakimiyyətinin davam etməsi üçün Rusiyanın qalib görkəmdə çıxması əsas şərtlərdən biridir. Əks halda, Ukraynaya qarşı savaşın niyə başladıldığı, bu müharibədə çoxlu sayda canlı qüvvə və hərbi texnika itkilərinin səbəbini izah etmək çətin olar. Və bu, onsuz da nüfuzu bütün hakimiyyəti dövründə ilk dəfə bu qədər sarsılmış prezident Vladimir Putinin sonunu gətirə bilər. Təbii ki, Kreml sahibi bunu hamıdan yaxşı anlayır. Ona görə də, ata biləcəyi son addımları sınaqdan çıxarır. Belə ki, bir tərəfdən, qismən səfərbərlik elan edərək, ABŞ və Qərbə Rusiya ordusunun yenidən gücləndirilməkdə olduğunun mesajını verməyə çalışır. Digər tərəfdən isə, Ukrayna ərazisini beynəlxalq hüquq normalarına zidd "referendum"larla parçalayıb, ilhaq edir. Bununla da, Rusiya cəmiyyətinə Ukrayna savaşında ölkənin qalib durumda oldunu qəbul etdirməyə cəhd göstərir. Halbuki, Kreml sahibi özü də bilir ki, ilhaq olunmuş torpaqlar heç vaxt Rusiya ərazisi kimi tanınmayacaq. Ona görə də, Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı "mərasim"də prezident Vladimir Putin rəsmi Kiyevə sülh danışıqları təklif etdi. Əsas məqsəd ondan ibarətdir ki, sülh danışıqlarında Ukrayna indiki situasiyanın beynəlxalq hüquqla tanınması ilə razılaşsın. Və Kreml sahibi rəsmi Kiyevi, eləcə də, Rusiya əleyhinə beynəlxalq koalisiyanı buna məcbur buraxmaq üçün ən yolverilməz hərbi təhdid mexanizmini - nüvə silahını da dərhal ön plana çıxartdı”.
E.Xalidbəyli qeyd edib ki, Rusiyanın nüvə silahından istifadə etməsi bütün dünya üçün böyük fəlakətə yol aça bilər. Kreml hələlik nüvə faktorundan Rusiyanın beynəlxalq rəqiblərinə qarşı təhdid və şantaj məqsədilə istifadə edir. Və bu şantaj faktoru sayəsində Rusiyanın hədəflərinə çata biləcəyinə hələ də ümid bəsləyir. Rusiyanın hazırda ilk hədəfi Ukrayna savaşından mümkün qədər tez bir zamanda çıxmaqdan ibarətdir. Çünki, Rusiyanın yalnız hərbi deyil, bütün sahələr üzrə resursları tükənmək üzrədir. Rusiya artıq Ukrayna savaşının ağırlığına tab gətirməkdə çətinlik çəkir. Hətta böyük ehtimalla Rusiya yaxın bir neçə ay ərzində daxili kollaps ilə də üzləşə bilər: “Ancaq Rusiya Ukrayna savaşından müəyyən üstünlüklə çıxmaq niyyətindədir. Ən azından Ukraynanın işğal olunmuş ərazilərini öz əlində saxlamağa çalışır. Çünki əks halda, Kreml Ukrayna savaşında verilən çoxsaylı canlı qüvvə və hərbi texnika itkilərini, ümumiyyətlə, məğlubiyyəti Rusiya cəmiyyətinə izah edə bilməz. Bütün bunları nəzərə aldıqda, Rusiyanın Ukrayna savaşının hansısa mərhələsində - daha dəqiq desək, məğlubiyyətin qətiləşdiyi mərhələdə nüvə silahından istifadə edə bilər. Əgər, Rusiya belə bir addım atarsa, hətta taktiki nüvə silahı ilə zərbəsi belə, bu, yüzminlərlə insanın həyatı bahasına başa gələ bilər. Dünya dövlətləri bunu Rusiyaya qətiyyən bağışlamazlar. Onu da qeyd edək ki, ABŞ başda olmaqla, əksər Qərb ölkələri öz vətəndaşlarını Rusiya ərazisindən çıxartmağa başlayıblar. Bu addım müəyyən mənada, yaxınlaşdığı ehtimal olunan nüvə savaşına ilkin hazırlıq da hesab edilə bilər. Bəzi ehtimallara görə, Rusiya ilk nüvə zərbəsini Ukrayna ərazisinə endirmək niyyətindədir. Buna veriləcək cavab reaksiyasına uyğun olaraq, növbəti nüvə zərbəsi Avropa məkanını hədəfə ala bilər. ABŞ və Qərbdən gələn açıqlamalara əsasən, hesab etmək olar ki, Ukraynaya nüvə zərbəsi endirilsə, NATO dərhal reaksiya verəcək. Çünki, bu hərbi-siyasi alyans Ukraynaya nüvə zərbəsinin NATO-ya edilmiş hücum kimi qəbul ediləcəyi artıq rəsmən bəyan edilib”.
Politoloqun fikrincə, bəzi məlumatlara görə, Kreml Ukraynaya nüvə zərbəsi endirdikdən sonra hadisələr çox sürətlə cərəyan edəcək. Buna cavab olaraq, Ukrayna ərazisində olan Rusiya ordusu tamamilə məhv ediləcək. Eyni zamanda, Rusiyanın Qara dəniz donanması da bu su hövzəsinin dibinə göndəriləcək. Bundan sonra baş verəcək hadisələr də yenə məhz Kremldən asılı olacaq. Belə ki, əgər, Kreml Avropa məkanına nüvə zərbəsi endirməyə cəsarət edərsə, fəlakət zonası qat-qat genişlənib, böyüyəcək: “Bu halda, NATO-nun Rusiya ərazisinə nüvə zərbəsi endirə biləcəyi ehtimal olunur. Rusiya əhalisinin mütləq əksəriyyəti ölkənin Qərb hissəsində kampakt yaşayır. Həmin bölgələrə nüvə zərbəsinin hansı fəlakətləri törədə biləcəyini təsəvvür etmək isə qətiyyən çətin deyil. Yəni, milyonlarla, hətta hər iki tərəfdən onmilyonlarla günahsız insan həyatını itirə bilər. Ona görə də, Kremlin dünyanı və Rusiyanı geriyə dönüşü olmayacaq kataklizmlərə sürükləməkdən imtina etməsi lazımdır. Hələ qətiyyən gec deyil. Nüvə zərbəsindən sonra isə çox gec olacaq. Rusiya "qırmızı cizgi"ləri keçməməlidir və artıq dayanmaq barədə düşünməlidir. Əks halda, Kremlin və Ukrayna savaşını ssenariləşdirən beynəlxalq dairələrin günahı ucbatından həm Rusiya, həm də bütün dünya bəşər tarixinin ən böyük faciəsini yaşaya bilər”.
Cavid