• 27 Aprel 2024
logo
Ermənistanın hərbi cinayəti SÜBUT olundu: Bakını ittiham edənlər nə deyəcək?

Ermənistanın hərbi cinayəti SÜBUT olundu: Bakını ittiham edənlər nə deyəcək?

12 hərbçimiz əl-qolu məftillə bağlı halda qətlə yetirilərək, kütləvi şəkildə dəfn edilib. Əslində dəfn edilməyib, çuxur qazıb üzərinə torpaq atıblar.
Xocavəndin Edilli kəndində tapılan növbəti kütləvi məzarlıqdan çıxan bunlardır. İşğaldan azad edilmiş torpaqların altında saysız-hesabsız belə məzarlar var. I Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğal edən Ermənistan hərbi və mülki olmaqla on minlərlə azərbaycanlını qətlə yetirdi. Bu gün belə 4 min azərbaycanlının taleyi haqqında məlumat verilmir.
İşğalın davam etdiyi 30 ilə yaxın müddətdə Azərbaycan bu faktları beynəlxalq birliyin qarşısında nə qədər qaldırsa da, cavab yalnız səssizlik və laqeydlik oldu. Vətən müharibəsində torpaqlarımızın azad edilməsindən sonra kütləvi məzarlar tapılır və ermənilərin törətdiyi cinayətlər gün üzünə çıxır. Lakin beynəlxalq birlik yenə görməzdən gəlir.
Əl-qolu bağlı halda qətlə yetirilən 12 hərbçimiz Ermənistanın törətdiyi hərbi cinayətlərin kiçik və ortaya çıxan bir hissəsidir. Müharibədən sonra Ermənistanla aparılan danışıqlarda Bakının əsas tələblərindən biri də 4 min azərbaycanlının taleyinə aydınlıq gətirilməsi, kütləvi məzarlıqların koordinatlarının verilməsidir. Bu məsələ Moskva masasında da, Brüssel masasında da gündəmə gətirilib, beynəlxalq güclərin iştirak etdiyi bütün platformalarda qaldırılıb. Ermənistan cavab verməkdən yayınır, beynəlxalq birlik də itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi üçün heç bir addım atmır.
Amma və lakin...
- Azərbaycanı “təcavüzdə” ittiham edirlər;
- Azərbaycan əsgərinin “hərbi cinayət” törətdiyi iddiası üzərindən kampaniya aparırlar;
Sərhəddə erməni təxribatından sonra baş verən son döyüşlərdən sonra dünyanın gerçək üzünün bir daha şahidi olduq. Azərbaycan dövlət sərhədinin bərpası istiqamətində addımlar atdığı halda “təcavüz” ittihamları ilə üzləşdi. Daha sonra feyk video ilə Azərbaycan hərbçiləri “hərbi cinayət”də ittiham edildi.
Və Bakıya qarşı bu iddiaları beynəlxalq birlik intensiv şəkildə gündəmə gətirir, nüfuzlu media orqanları tirajlayır, Ermənistan, erməni diasporu/lobbisi və onların təsirinin güclü olduğu ölkələr Azərbaycanı hədəf taxtasına çıxarmağa çalışır.
Sual yaranır:
- Edillidə tapılan 12 hərbçinin qalıqları hərbi cinayət deyilmi?!
- 4 min azərbaycanlının taleyi haqqında məlumat verməmək, kütləvi məzarlıqların koordinatlarını gizlətmək humanitar cinayət deyilmi?!
Torpaqlarımız işğalda olanda da dünyadan ədalət gözləyirdik, işğaldan azad ediləndən sonra da. İşğala öz gücümüzlə son qoyduq, görünür, Ermənistanın törətdiyi cinayətlərin ortaya çıxarılmasını da özümüz etməliyik. Çünki reallıqlar göstərir ki, ədaləti yalnız özümüz bərpa edə bilərik.
Tapılan məzarlıq azərbaycanlı adını daşıyan, lakin Azərbaycanı “təcavüzdə” ittiham edənlər üçün də tarixi sillədir. İndi yeni trend özümüzdən olanların da məsələ biz olanda səssiz qalanlara qoşulub Azərbaycanı “təcavüzdə”, “erməni əsgərinə qarşı hərbi cinayətlər”də ittiham etməsidir. Bu “trend” illərdir “demokratiya”, “insan haqları” kimi məsələlər altında gizlənənlərin gerçək üzünü də ortaya çıxardı və bəlli oldu ki, məqsəd verilən sifarişi yerinə yetirməkdən ibarətdir və sifariş veriləndə Dövlət, Vətən, Torpaq məsələsində də Azərbaycana qarşı çıxa bilirlər.

Asif Nərimanlı