• 29 Mart 2024
logo
Dünya savaşının coğrafiyası genişlənir: yeni “Ukrayna” artıq öz rolunu oynayır

Dünya savaşının coğrafiyası genişlənir: yeni “Ukrayna” artıq öz rolunu oynayır

Əli Zülfüqaroğlu

Artıq III dünya savaşının coğrafiyasının genişləndirilməsi prosesini müşahidə edirik. Təbii ki, III dünya savaşı iqtisdi müstəvidə çoxdan başlamışdı, sonra virusla davam etdirildi və planlar reallaşmadığına görə gözlənildiyi kimi hərbi toqquşmalara rəvac verildi.
Amma təəssüf ki, bizim bəzi siyasi şərhçilərimiz öz “ənənələri”nə sadiq qalaraq yenə də sabah baş verəcəkləri deyil, dünənki hadisələrin xronologiyasını və bu gün baş verənlərin icmalını “analitika” adı altında kütləyə yedirməyə davam edirlər...
Təbii ki, Rusiyanın Ukraynaya hücumunu heç kim alqışlamır. Ukraynanın pəncərəsindən məsələyə baxaq: “Mən müstəqil dövlətəm, istər NATO-ya daxil olaram, istərsə də dünyadakı istənilən ittifaqlarda təmsil olunaram. Bunun heç kimə aidiyyəti yoxdur”.
Rusiyanın pəncərəsindən məsələyə baxaq: “ABŞ Ukraynanı NATO-ya daxil etməklə mənim təhlükəsizliyimə təhdid yaradır. Razılaşmaya görə, NATO Rusiyanın sərhədlərinə yaxın olmamalı idi. Mən təhlükəsizliyimi təmin etmək məcburiyyətində qalaraq Ukraynada önləyici tədbirlər görürəm”. Təbii ki, dövlətlər haqlı olduqlarını sübut etmək üçün aruqmentlər irəli sürürülər. Bizim burada haqlı-haqsız axtarmaq niyyətimiz yoxdur. Elə bir şeytani oyun qurulub ki, əsas hədəf dünyanı fəlakətə sürükləməkdir və bu ssenarinin nə üçün hazırlandığı ilə bağlı dəfələrlə yazmışıq. Hazırda Rusiyadan sonra növbəti şeytani ssenari Türkiyə üçün qurulur...

Növbəti “Ukrayna” və qaynayan qazan

Prosesləri diqqətlə izlədikdə bölgəmizdə daha bir qaynadılan qazanı görməmək mümkün deyil. Baş verənləri təhlil edərkən məntiq onu deməyə əsas verir ki, dünyanın növbəti “Ukraynası” Yunanıstandır və bu “dövlət” ona verilən rolu oynamağa hazır vəziyyətdədir. Diqqət yetirmək məcburiyyətində olduğumuz bir məsələ var. Yunanıstan NATO ölkəsidir. Yunanıstanı silahlandıran NATO-nun birinci gücü hesab edilən ABŞ-dır. Və bu silahlandırma NATO-nun ikinci gücü Türkiyəyə qarşıdır. Proseslər nəyi deməyə əsas verir? Yaxın aylarda, yaxud günlərdə nə baş verə bilər? ABŞ Yunanıstanın bir çox hissəsində bazalar qurub, eyni zamanda Türkiyə ilə quru sərhəddə-Dədəağacı deyilən əraziyə çox ciddi hərbi texnika və sursat yığıb.
Onu da qeyd edək ki, Lozan anlaşmasına görə silahlandırlıması qadağan edilən adalar artıq ABŞ-ın hərbi bazalarına çevrilib. Hətta Türkiyəyə məxsus “Quş adası”na 2 kilometr məsafədə yerləşən ada da silahlandırılıb. Bu isə beynəlxalq razılaşmanın pozulması və müharibə qığılcımlarının yayılması anlamına gəlir. Yəni Lozan anlaşması pozulur ki, bu da Türkiyəni hərbi əməliyyatlara başlamağa məcbur buraxır.

“Lozan yırtıldı”-Türkiyə savaşın bir addımlığında

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Lozan yırtıldı”, qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “belə davam edərsə adaların suverenliyini tanımayacağıq” ifadəsi çox ciddi mesajdır və hərbi əməliyyatların başlayacağını deməyə əsas verir. Yəni Rusiya üçün qurulan oyun Türkiyə üçün də tam hazırdır. Bu planı hazırlayan şeytani ağıl elə bir oyun qurur ki, dövlətlərə hərbi əməliyyatlara başlamaqdan başqa yol buraxmır. Artıq dünyanın ikinci “Ukraynası”nın Yunanıstan olacağı dəqiqdir. “Lozan yırtıldı” ifadəsi bu mənzərəni təsəvvürümüzdə canlandırır və indidən bir müddət sonra qardaş Türkiyəni “təcavüzdə” qınayacaq bəzi KÜTlədən fərqli düşünmə potensialı olmayan media mənsublarının diqqətinə çatdıraq ki, bu ssenarini Ankara yazmır. Türkiyə də Rusiya kimi savaşa sürüklənir.
Bütün bu prosesləri izləyərkən bir neçə il öncədən başlanan hazırlığı diqqətdən qaçırmamalıyıq. ABŞ Suriyada özünün qurduğu İŞİD-ə “qarşı” YPG, PYD-ni silahlandırması məhz bu günə hesablanıb. Yəni 100 illik geosiyasi düzən dağılırsa, 5-6 il öncədən yazdığımız yazılarda vurğuladığımız kimi bu günə qədər dünyanın idarə olunmasında təməl sütun rolunu oynayan qlobal maliyyə təşkilatları, eyni zamanda ittifaqlar və hərbi bloklar da darmadağın olur ki, bu zaman düşmənlər dosta, dostlar düşmənə çevrilir.

Putinin Qurana istinadı və bu günün mənzərəsi

Rusiya Prezidenti Vladimir Putinin Türkiyə, Rusiya və İranla birgə Ankarada təşkil olunan zirvə toplantısında Qurandan-Ali İmran surəsinin 103-cü ayəsindən sitat gətirməsi sizcə təsadüfi idimi?
Putin: “Allahın sözlərini xatırlayın. Siz düşmənsiniz, amma Allah sizin ürəklərinizi yaxınlaşdırdı və sizi dosta çevirdi”.
Yəni Putin demək istəyir ki, NATO-nun doktrinasına görə Rusya-Türkiyə düşmən olsa da, əslində faiz dünyasına qarşı birgə mübarizə aparmaq məcburiyyətindədirlər. Hazırda Yunanıstan-Türkiyə gərginliyi məhz bu tərəfdaşlığın və birgə mübarizənin nəticəsidir.

ABŞ və Fransanın silah yardımı-Yunanıstan PKK ilə eyni statusda

Surayadakı terror təşkilatlarının ABŞ tərəfindən təyyarədən başqa ölkələrin ordularında olan bütün növ silahlarla təchiz edilməsi Türkiyəyə qarşı qurudan hücum hazırlığı idi. Yinanıstanda qurulan hərbi bazalar, Türkiyənin F-35 proqramından çıxarılması və F-16 satışının demək olar ki dayandırılması fonunda Yunanıstan aviasiyasının gücləndirilməsi isə bu bölgədə qardaş ölkəyə qarşı hava hücumu hazırlığıdır.
Türkiyəli ehtiyatda olan ordu generalı Ərdoğan Karakuş bildirib ki, Yunanıstanla Türkiyə arasında hava döyüşünün üstünlük təşkil edəcəyi məlumdur.Yunanıstan aviasiyasının gücləndirilməsi ilə Türkiyəyə zərbə vurula biləcəyinə inandırılıb.
Xatırladaq ki, Yunanıstan öz hava donanmasına Fransadan yeni nəsil döyüş təyyarələri olan Rafale təyyarələrini əlavə etməklə qısa müddətdə Türkiyəyə qarşı hava üstünlüyünü qurmaq üçün çalışır. Yunanıstan Hərbi Hava Qüvvələrinin ehtiyatında 6 ədəd Rafale F3R təyyarəsi var və Fransadan 18 reaktiv təyyarə sifariş edib.
Qətərin hava qüvvələrinin inventarında Fransa istehsalı olan təyyarələr, o cümlədən Rafale reaktivləri üstünlük təşkil edir. Türkiyənin Rəsmi Qəzetində dərc olunan beynəlxalq müqavilədə göstərilir ki, Qətərin 36 Rafale təyyarəsi və 250 personalı Türkiyəyə göndəriləcək.
Türkiyəyə qarşı daha bir cəbhə isə Yunan KİPR-ində açılır. Yunan KİPR-inə də ABŞ tərəfindən ağır silahlar daşınırsa deməli Şimali Kipr Türk Cümhuriyyəti də risk altındadır və Türkiyə eyni zamanda burada da savaşmaq zorunda qalacaq. Yəni qardaş ölkə Amerika tərəfindən 3 tərəfdən mühasirəyə alınıb və dünya tarixinin bəlkə də son yüzillik hesablaşması günü gündən yaxınlaşır.

Liderlər nə deyir?

Təsadüfi deyil ki, cənubi Kiprin Xarici İşlər naziri İoannis Kasulidis Türkiyə ilə Yunanıstan arasında mümkün müharibəyə çəkilməkdən narahat olduqlarını bildirib: “Egey dənizindəki müharibənin birbaşa bizə təsir edəcəyindən qorxuruq, çünki biz bütün bu hekayədə ən zəif halqa kimi istifadə oluna bilərik”.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis: “Türkiyə təkdir, Yunanıstan isə yalnız deyil, Avropa ilə yanaşı NATO üzvü olan müttəfiqlərimiz də var”.
Avropa Komissiyasının sözçüsü Peter Stano: “Türkiyə mehriban qonşuluq münasibətləri və beynəlxalq hüquqa hörmət çərçivəsində bütün Avropa İttifaqı ölkələrinin suverenliyinə hörmət etməlidir. Yunanıstan Avropa İttifaqının üzvüdür. Türkiyə gərginliyi azaltmalı və təkcə Yunanıstanla deyil, bütün ittifaq ölkələri ilə də konstruktiv əməkdaşlıq yolunu tutmalıdır. Avropa İttifaqı Yunanıstanla həmrəydir. Türkiyə təhdid ritorikasına son qoymalıdır”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “Türkiyənin təkləndiyini, dünyadan uzaqlaşdığını deyənlər indi quyruqlarını qısıb bir küncdə oturublar. Yunanıstanı bizə hücuma təhrik edənlərin nə etmək istədiklərini çox yaxşı bilirik, bu çirkin ssenarilərə imkan verməyəcəyik. Qərbi Trakya və adalarda yığılan silahların bizim üçün heç bir önəmi yoxdur. Çünki bizim gücümüz bundan çox-çox üstündür. Amma xatırlatmaq istərdik ki, bu, sözügedən ölkə üçün gizli işğal deməkdir. Sizcə, Amerika və Avropanın dəstəyi sizi xilas edəcəkmi? Bu, heç bir işə yaramayacaq.”.
Göründüyü kimi Türkiyə oyuna gəlmək istəmir və son ana qədər savaşdan yayınmağa çalışacaq. Amma proseslər savaşın qaçılmaz olduğunu deməyə əsas verir.

ABŞ və Fransanın Ermənistanı diriltmək cəhdləri

Məsələ təkcə bununla bitmir. Qardaş ölkə ilə eyni ittifaqda yer alan Azərbaycan da unudulmur. Nensi Pelosinin Ermənistana səfəri və verdiyi açıqlamalar təsadüfi deyil. ABŞ və Fransanın Ermənistana silah və maliyyə yardımı edəcəyi dəqiqdir. Buradan o nəticə çıxır ki, Ermənistanın olan qalan sınıq-salxaq ordusunu toparlamağa çalışıb, müasir silahlarla təchiz edərək Azərbaycan üzərinə hücuma keçmə əmri verəcəklər.
Fransanın gündəlik “Le Figaro” qəzetinin redaktor müavini Jean-Christophe Buisson twitter hesabında yazıb: “Birləşmiş Ştatlar türklərdən müdafə etmək üçün Ermənistana silah tədarük etməyi planlaşdırır. Bəs Avropa İttifaqı? Bəs Fransa?".
Amerika Erməni Milli Komitəsi (ANCA) isə bəyan edib ki, Ermənistan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq ABŞ siyasətçiləri konqresin təzyiqi altında Ermənistana silahların satışını nəzərdən keçirirlər.
Göründüyü kimi təhlükəli ssenari işləyir. Ona görə də biz, eyni zamanda muzdlu döyüşçülərdən də istifadə oluna biləcəyi ehtimalını nəzərdən qaçırmamalıyıq. Yəni Cənubi Qafqazda yenidən müharibə alovlandırmaq cəhdləri Rusiya-Ukrayna və Türkiyə-Yunanıstan müharibəsi fonunda baş verəcək ki, bu bölgəmizdə təməlləri atılan yeni ittifaqın əngəllənməsi üçündür. Amma unutmayaq ki, Türkiyəyə qarşı hücum olarsa Pakistan, Rusiya, Azərbaycan daxil olmaqla bir sıra dövlətlər, həmçinin Çin də qardaş ölkənin arxasında olacaq. Bu, okeanın o tayında, çökən petrodollar sistemi fonunda çöküş prosesini yaşayan və getdikcə öz içinə qapanmaqdan başqa alternativi qalmayacaq ABŞ-ın son həmlələridir. Qeyd olunanlar dünya üçün fəlakət ssenarisidir və bu yazıda proqnozlaşdırılan proseslərin özünü doğrultmamasını arzu edirəm...