• 9 Dekabr 2022
logo
44 günlük müharibədə qələbəmizin əsas şərtləri

44 günlük müharibədə qələbəmizin əsas şərtləri

Vüqar Dadaşov: “Azərbaycan dünya xristian təzyiqi neytrallaşdıra bildi”

Təbii ki, hər bir müharibənin yekun nəticəsinin ən vacib şərti müharibə aparan ölkənin Ali Baş Komandanının hərbi siyasi qərarlarıdır. Ölkənin müharibəyə hazırlanması, müharibə şəraitində idarə olunması, mümkün proseslərinin variantının hesablanması, siyasi nəticələr, iqtisadi potensial, informasiya və ən nəhayət, ordu və hərb mexanizminin təşkili ağır, yüksək peşəkarlıq, siyasi iradə tələb edən olduqca böyük məsuliyyətli, ölüm-qalım məsələsidir.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Vüqar Dadaşov 44 günlük İkinci Qarabağ müharibəsində əldə olunan qələbəni təhlili zamanı deyib.
V.Dadaşov qeyd edib ki, müharibələrin xalqların və dövlətlərin taleyində nə qədər vacib və gərəkli prosesin olduğu barədə 2019-cu ildə çap olunmuş “Mənim düşüncəm” adlı kitabımda yazıb: “Ümumiyyətlə, müharibə aparan dövlətin Ali Baş Komandanın bütün mümkün nəticələri, siyasi prosesləri hesabladıqdan sonra gəldiyi düzgün qənaətə əsasən müharibəyə başlamaq əmrinin verməsi artıq qələbənin yarısına bərabərdir. Sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan işğal edilmiş ərazilərimizin azad edilməsi prosesinə xeyli əvvəl başlamışdı. Bu günkü əldə etdiyimiz zəfər həmin o uzun illərin hazırlıqlarının nəticəsi və bəhrəsi idi. Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım “Milli Məclis” jurnalına müsahibəsində: “Odur ki, kimsənin qalxıb “bu zonada qəfil bir münaqişə başladı, Azərbaycan ordusu da öhdəsindən gəldi’’, - söyləməsi doğru olmazdı”, - deyə bildirib. B.Yıldırım əlavə edib ki, geriyə baxaraq, ən azı 5-10 illik hazırlıq prosesini, doğru strateji qərarları sezmək önəmlidir. Sabiq baş nazir qeyd edib ki, bu dövrdə Azərbaycan əsgərləri güclü təlimlər keçdilər və ordu möhtəşəm şəkildə təchiz edildi. Ancaq şəxsi qənaətimə görə, İlham Əliyev Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi prosesinə 2000-ci illərdən hazırlaşırdı. Bunun sübutu kimi Ermənistanın keçmiş prezidenti Robert Koçaryann Dağlıq Qarabağ konfliktinin həlli ətrafında Azərbaycanın mərhum prezidenti Heydər Əliyev ilə danışıqlar prosesi haqqında 2003-cü ilə çap olunmuş “Həyat və azadlıq” kitabındakı xatirələri yetərlidir. İlham Əliyev hakimiyyətə gələndən sonra uzun müddətli nəticələrə hesablanmış siyasi gedişlərini edirdi. İlk baxışdan Azərbaycanın asılı mövqeyi kimi görsənən proseslərin nəticəsi qarşı tərəfi rahat salırdı və qarşı tərəf, daha doğrusu, Rusiyanın Azərbaycanda hər şeyi nəzarətdə saxladığı illüziyasını qoruyurdu. İlham Əliyev qarşı rəqib tərəf üçün elə bir mənzərə yaratmışdı ki, həmin o mənzərə Rusiyanı və Ermənistanı aldatmışdı. Söhbət məhz Azərbaycanın hərbi imkanlarından gedir. Azərbaycan prezidentinin rəqibləri üçün, onları rahatlaşdıran, gözlənilməz və hesablanması mümkünsüz olan gedişlər etmişdi hansı ki, 44 günlük müharibədə qələbənin əsas şərtlərinə çevrildi”.
Politoloqun fikrincə, İlham Əliyev elə bir situasiya və mənzərə yaratmışdı ki, Rusiya və Ermənistan Azərbaycanının bütün hərbi imkanlarından məlumatlı olduqlarını, müharibə şəraitində vəziyyətə tam nəzarət edəcəkləri illüziyasına əmin idi: “Rusiya və Ermənistanın illüziyası əsasən aşağıda qeyd etdiyim mənzərəyə görə idi: İlham Əliyev uzun müddətli dövrdə müharibəyə hazırlaşdığını və müharibəni çox milyardlıq müqavilələr əsnasında aldığı rus silahları ilə aparacağını göstərirdi. Rusiya və Putin başda olmaqla rus silahlarının necə uzaqdan idarə edə biləcəklərini, texniki göstəricilərini, imkanlarını bilirdi və Azərbaycanın müharibə aparacağı o silahlara hesab götürmüşdü. Rauf Atakişiyevin təyyarəsinin “kor” edilməsi həmin o rus “hesab-nəzarətin” bir nümunəsi və yoxlanması idi. Müharibə öncəsi Gəncədə Türkiyəyə məxsus 10 ədəd F-16 qırıcı təyyarələrin yerləşdirilməsi rus təyyarələrinə “etibarın” göstəricisi idi. Ruslar düşünürdü ki, əgər Azərbaycan işğal edilmiş ərazilərini hərb yolu ilə azad etməyə başlasa təbii ki, rusların silahlarından istifadə edəcək. İllərlə Rusiyanın Azərbaycanın ordu rəhbərliyinə oturduqları və qoruduqları adamların son ana kimi rəhbərlikdə saxlanılması Rusiyanı Azərbaycanın mümkün hərb planlarından məlumatlı olacaqlarına tam əminlik yaratmışdı. Digər vacib məsələ isə ümumən hərbi kadr məsələsi idi. Azərbaycan Rusiyanın hərbi məktəblərində öz hərbiçilərini oxutmağı ruslarda elə bir təəssürat yaratmışdı ki, Azərbaycan hərbçiləri də məhz döyüş əməliyyatlarında rus məktəbinə məxsus bilik və elmdən istifadə edəcəkdir hansı ki, ruslara həmin mümkün əməliyyatların da zərərsizləşdirməsi elmi də bəlli idi. II-ci Dünya müharibəsindən sonrakı dövrə uyğun klassik hərb sistem ümumən dəyişməz olaraq qalırdı. İlham Əliyev faktiki olaraq paralel şəkildə iki standartlı ordu yaratmışdı, rus standartına və “NATO” standartlarına yəni, Türkiyə modelinə uyğun. (Nəinki Rusiya ,dünyanın heç bir ölkəsi (Türkiyədən başqa) Azərbaycanın klassik müharibə üsulundan imtina edəcəyini görə bilmədi.) Ümumiyyətlə, dövlətlər arası münasibətdə ən effektli üsullardan biri də dövlət başçılarının şəxsi münasibətləri, dost əlaqələridir. İlham Əliyev Qarabağ konfliktinin hərbi yolla həllində mümkün rəqib ola biləcək tərəf ölkələrlə (KTMT ölkələri) və həmin dövlətlərin başçılarının hamısı ilə etibarlı dost münasibətləri qura bilmişdi. Və nəhayət, müharibənin qısa müddətə hesablanması. Qeyd etdiyim vəziyyət İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini şərtləndirən əsas amillər idi hansı ki, ümumi görünüşdə Rusiya və Ermənistanın xeyrinə mənzərə yaratmışdı”.
27 sentyabr 2020-ci il tarixdən İlham Əliyev Azərbaycan əsgərinə işğal olunmuş ərazilərimizin azad edilməsi üçün hərbi əməliyyatlara başlamaq əmri verdi. Azərbaycan ordusu hücum əməliyyatları zamanı çox milyardlıq müqavilələr əsasında aldığımız rus silahlarından demək olar ki, istifadə etmədi. Rusiyanın Azərbaycana satdıqları silahlara “hesab-nəzarəti”ni əhəmiyyətsiz etdi, Rusiyanın Azərbaycanın ordu rəhbərliyində yerləşdirdiyi şəxslərin əməliyyatlar zamanı təcrid edilməsi Azərbaycanın hərbi planları barədə informasiyanın yayılmasının qarşısını əhəmiyyətli dərəcədə aldı, Azərbaycan hərbçiləri döyüş əməliyyatlarında rus məktəbinə məxsus bilik və elmdən imtina edərək Azərbaycan ordusunun mümkün hərbi planlarının hesablanmasını mümkünsüz etdi, Azərbaycan XXI-ci əsrin müharibə modelini ilk olaraq tətbiq etməklə dünyanın müharibə anlayışını dəyişdirdi: “İlham Əliyevin Azərbaycanın haqq savaşında rəqib tərəf kimi KTMT-yə üzv dövlətlərin başçıları ilə etibarlı dost münasibəti müharibənin gedişində həmin dövlətlərin müharibəyə mümkün müdaxiləsinin qarşısını almağa yardımçı ola bilən əsas vasitələrdən birinə çevrildi. Bu baxımdan İlham Əliyev faktiki olaraq düşmən tərəfin bütün hesablamalarını əhəmiyyətsiz hala salaraq qələbə qazandı. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Rusiyanın müharibəyə bir başa müdaxilə etməməsinin səbəbi məhz Rusiyanın yuxarıda qeyd etdiyim “hesablamalara” arxayınlaşması idi hansı ki, Rusiya Azərbaycanı uğursuz Tovuz təxribatına görə cəzalandırmaq niyyətində idi. Həm Putinin, həm də Paşinyanın etiraf etdiyi kimi, Rusiya Ermənistana mümkün bütün hərbi yardımlarını etdi. Əminliklə qeyd etmək lazımdır ki, müharibənin gedişində Rusiyanın hesab götürdüyü vəziyyətin əhəmiyyətsizliyi qarşı tərəf üçün soyuq duş kimi çaşqınlıq yaratdı və müharibənin qısa müddətə hesablanması Rusiyanın mümkün manevr imkanlarına vaxt qoymadı”.
Politoloq onu da vurğulayıb ki, İlham Əliyev siyasi və hərbi strateq kimi intellekti ilə yaratdığı illüziya ilə rəqiblərini üstələdi və artıq baş tutmuş fakt qarşısında qoydu. Bu arada Belorus prezidenti Aleksandr Lukaşenkonun “İlham Əliyev postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır” ifadəsini də əlavə etmək yerinə düşər. İnkar edilməz faktdır ki, Azərbaycanın 44 günlük müharibədə qələbəsindən ən çox hiddətlənən, qəzəblənən məhz Rusiya idi çünki, faktiki olaraq Azərbaycan Rusiyanın hərb elmini, hərb maşınını, hərb sənayesini məhv edərək Rusiyanın nüfuzunu sıfıra endirdi, hesablamalarını gülünc vəziyyətə saldı. Azərbaycan Rusiyanı sülhməramlı adı ilə Qarabağa buraxmaqla Rusiyanın müəyyən qədər də olsa nüfuzunu qorudu. Ancaq Azərbaycan bu gedişlə də dünya xristian təzyiqi neytrallaşdıra bildi və eyni zamanda da Rusiyanı öhdəlikli və məsuliyyətli tərəfə çevirdi: “Əsl həqiqətdə də Rusiya sülhməramlıları Azərbaycanın işinə yaradı baxmayaraq ki, rus sülhməramlılarla bağlı Azərbaycanda haqlı mənfi fikir mövcuddur. Ancaq fakt budur ki, Azərbaycan xristian dünyasının mümkün addımlarını rusların mövcudluğu il neytrallaşdırdı. ABŞ-da Bayden administrasiyasının Rusiyaya qarşı ənənəvi ABŞ siyasətinin bərpası Rusiyanın Türkiyə və Azərbaycan birliyindən asılılığını artırdı. Odur ki, rus sülhməramlıların Qarabağda mövcudluğu prezident İlham Əliyevin işarə etdiyi kimi müvəqqəti xarakterlidir. Rusiya Prezidenti Vladimir Putinin müşaviri Andrey İllarionov UKRLİFE.TV-yə müsahibəsində Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbəsinin əsas faktoru kimi İlham Əliyevin olduğunu bildirib və qeyd edib ki, Azərbaycanın qələbəsi Vladimir Putinin Azərbaycan və İlham Əliyev qarşısında ağrılı məğlubiyyətidir. “Bu vəziyyətdə Azərbaycan nəinki real qalibdir və həm də regionda diktatordur”- deyə İllarionov bildirib. İllarionov deyib: “Müharibədən əsas qənaət budur: Rusiyanı kürəyini yerə vuran nə Tramp, nə Makron, nə də Ərdoğandı, yerə vuran Əliyevdir” İlham Əliyev çətin geosiyasi şəraitdə, mürəkkəb regionda, dünya nəhənglərinin maraqlarının toqquşduğu meydanda düşmənləri üstələyə bildi. Kiminsə etirafından asılı olmayaraq fakt, fakt olaraq qalır - İlham Əliyev düşmənlərini özünün yaratdığı mənzərəyə inandırdı və Azərbaycan dövlətinin, xalqının mövcudluğu üçün olduqca vacib qələbəni əldə etdi”.
Cavid