• 20 Yanvar 2020
logo
add image
Azərbaycan işğalçı Ermənistanı durmadan, günbəgün üstələyir - Sona Əliyeva

Azərbaycan işğalçı Ermənistanı durmadan, günbəgün üstələyir - Sona Əliyeva

Ölkə başçısı cənab İlham Əliyev 2019-cu ilin sosial-iqtisadi yekunları ilə bağlı keçirilən müşavirədə Azərbaycanla Ermənistanı müqayisə etdi və iki ölkənin iqtisadi göstəricilərini söylədi. Prezidentimiz haqlı olaraq bildirdi ki, Azərbaycan dünyanın aparıcı təşkilatlarının hazırladığı statistik göstəricilərdə ali, Ermənistan isə üçüncü liqadadır. Bu, işğalçı ölkənin gündən-günə hansı uçuruma sürükləndiyinin göstəricisidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sona Əliyeva deyib.

Deputat əmin olduğunu bildirib ki, bu göstəricilər gec-tez özünü Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə müsbət təsir göstərəcək:

“Çünki bir ölkənin gücü onun iqtisadi göstəricilərindən bilavasitə asılıdır. Azərbaycan isə bu mənada işğalçı ölkəni durmadan, günbəgün üstələyir. Azərbaycan bu gün dünya ölkələri üçün etibarlı tərəfdaşdır. İri, beynəlxalq əhəmiyyətli layihələrə donorluq edir.

Ölkə başçısının da qeyd etdiyi kimi keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr çox yaxşı səviyyədədir. Təkcə 2019-cu ildə ümumi daxili məhsul 2,2 faiz artıb. Qeyri-neft sektorunda bu artım 3,5 faizə bərabərdir. Yola saldığımız ildə sənaye istehsalı 1,5 faiz artıb. Buna baxmayaraq, qeyri-neft sektorunda sənaye istehsalında 14 faiz artım müşahidə olunub. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin əyani təzahürüdür”.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan bütün dünyada sülh adası kimi tanınır: “Bölgənin, regionun ən stabil ölkəsidir. Bunun nəticəsidir ki, ötən il turistlərin ölkəmizə səfərləri rekord həddə çatdı. Yəni, 3 milyon 170 min xarici qonaq ölkəmizə gəldi. Onlar daha çox regionlara səfərlər etdilər. Bu da bölgələrimizdə turizmin inkişafının hansı səviyyədə olduğunun göstəricisidir. Ötən il xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Bu da ölkəmizə artan marağın göstəricidir”.