• 27 İyul 2024
logo
Radikal qrupların aldıqları qrantlar özlərini ifşaya xidmət edir - Bəhruz Quliyev

Radikal qrupların aldıqları qrantlar özlərini ifşaya xidmət edir - Bəhruz Quliyev

Sözdə müxalifət adlandırılan, lakin uzun illərdir qaragüruhçuluqla məşğul olan radikal qrupların həm də qrant müxalifəti adlandırılması heç də təsadüfi deyil.

Bunu açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib. Onun sözlərinə görə, zaman-zaman müxtəlif xarici dairələrdən qrantlar alan radikal qrupların üzərilərinə götürdükləri öhdəliklərdən biri də, Azərbaycanda mövcud olan sabitliyin əleyhinə təxribatçı əməllər törətməkdən ibarətdir ki, bütün bunların qarşısını ilk növbədə xalq alır:

“Çünki xalq belə dırnaqrarası müxalifətə heç vaxt inanmayıb, bundan sonra da inanmayacaq. Xüsusilə, qrantlar üzərində “siyasətçilik” edənlər də əslində yaxşı anlayırlar ki, sağlam düşüncəli ictimai rəy onları əsla qəbul etmir, daim dövlətçilik maraqlarının yanında olur, ölkə rəhbəriliyinin siyasətini dəstəkləyir. Ona görə də həmin qaragüruhçu qruplar “siyasətlərini” müxtəlif qrantlar üzərində qurmaqla məşğuldurlar ki, xarici təşkilatlar qarşısında olan-qalan ümidləri də puç olmasın”.

“Lakin onu da xatırlatmaq istərdim ki, istər Soros, istərsə də digər bu kimi fondlar olsun – onların gizli yollarla ötürdükləri qrantlar nəticəsiz qalır, havaya uçur”-, deyə qeyd edən siyasi ekspert onu da əlavə edib ki, AXCP, Müsavat kimi partiyaların arasında gedən savaşların əksəriyyəti də məhz qrantlar uğrundadır:

“Baxın, hər iki partiya uzun illərdir ki, eyni düşərgədə təmsil olunsalar da, kiçik məsələlərdə belə bölüşməyi bacarmırlar. Çünki onların “liderlərinin” şəxsi ambisiyaları, şəxsi mənfəətləri, daha dəqiq desək, siyasət üzərində qurduqları qrant biznesləri buna imkan verməyib, verməyəcək də. Onların dava-dalaşlarının tərkib hissəsi bilavasitə qrant maraqları üzərində qurulduğuna görə, hətta seçkilərdə bir araya gələ bilmirlər. Misal üçün, bu gün Müsavat partiyası seçkilərə qatılmaq qərarını verib, AXCP-“Milli Şura” cütlüyü isə iştirak etməyəcək. İndi cəbhəçilər müsavatçıları ən sərt şəkildə ittiham edir, müxalifətə xəyanət etməkdə suçlayırlar. Bunun üçün isə müəyyən vaxtları bir daha xatırlatmaq olar. Daha öncəki seçkilərdə isə müsavatçılar cəbhəçiləri xəyanətlərdə və s. məsələlərdə ittiham ediblər.

Ümumiyyətlə, istər AXCP-nin, istərsə də Müsavatın “liderlərinin” antiazərbaycançı şəbəkələrdən aldıqları və miqdarlarını hətta öz ətraflarında olanlardan da gizli saxladıqları qrantlar hesabına özlərinə dəbdəbəli həyat təşkil etmələrini hər iki partiyada bilməyənlər yoxdur. Bütün bunları isə radikal qruplar “demokratiya” pərdəsi altında sırımağa çalışırlar. Ancaq göründüyü kimi, heç bir normal düşüncəyə sahib olan insan belələrinin “siyasətlərini” qəbul etmir, əksinə rədd edir. Gah “siyasi mühacir”, gah da “siyasi məhbus” adları altında var-gəl edən qrupların biznes maraqları bundan o yana deyil”.

Siyasi ekspert bildirib ki, hətta bu kimi məsələlərdə bir-birini həzm etməyən cəbhəçilərlə müsavatçılar artıq “siyasi həyatlarının” son dövrlərini başa vurmaqdadırlar: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da siyasi areal dəyişir, yeni impulslar, çağırışlar meydana gəlir. Xüsusilə, ölkəmizdə başladılan və uğurla davam etdirilən çoxşaxəli islahatların reallaşdırılması belə qrupların çirkin maraqlarının qarşısına keçilməz sədd qoyur. Hesab edirəm ki, dövlətimizdə əldə edilən hər bir uğur, hər bir nailiyyət Azərbaycanın dövlətçilik təməllərini daha da möhkəmləndirir və bu reallıq qeyd edilən fikirlərdə öz təsdiqini kifayət qədər sübuta yetirir. İkitirəlik faktoru isə, əlbəttə ki, dağıdıcılığın, radikalçılığın sonunu daha sürətlə yaxınlaşdırır”.