• 22 Oktyabr 2021
logo
Azərbaycan Süleymaninin ölümündə ittiham edildi: Yalan və məkrin arxasındakı şok niyyət...

Azərbaycan Süleymaninin ölümündə ittiham edildi: Yalan və məkrin arxasındakı şok niyyət...

Ermənilər bu dəfə İranla Azərbaycanı üz-üzə qoymaq istəyir

Arzu Nağıyev: “Ermənilər təxribatçı iddialarla İran-Azərbaycan münasibətlərini korlamağa çalışır”

İran generalı Qasım Süleymaninin İraqda ABŞ tərəfindən reallaşdırılan hücum nəticəsində öldürülməsi bütün dünyanın əsas müzakirə mövzularından birinə çevrilib.

Moderator.az xəbər verir ki, İran və ABŞ arasındakı gərginliyi artıran bu hadisədən erməni mediasının anti-Azərbaycan məqsədi ilə istifadəsi müşahidə edilməkdədir. Belə ki, bəzi erməni saytlarında Süleymaninin ölümünə səbəb olan raketin məhz Azərbaycandan atıla biləcəyi ilə bağlı fikirlər irəli sürülməkdədir.

Süleymaninin ölümünə səbəb olan raketin Azərbaycandan atıla biləcəyi ilə bağlı ortaya atılan cəfəng fikirlərdə məqsəd heç şübhəsiz, İran-Azərbaycan dostluğunu sarsıtmaq, qonşu və dost iki dövləti üz-üzə qoymaqdır. Halbuki, Azərbaycanın həm qonşu İran, həm də ABŞ-la yüksək səviyyəli dostluq və əməkdaşlıq əlaqələri qurduğu, bu dövlətlərə arasındakı qarşıdurmada hər hansı şəkildə yer almadığı və bundan sonra da almayacağı məlum həqiqətlərdən biridir. Həmçinin, Azərbaycanın rəsmi dairələri dəfələrlə ölkə ərazisində hər hansı bir xarici dövlətə məxsus hərbi bilrik, təyyarə və ya raket sisteminin olmadığını, Azərbaycanın hər hansı bir dövlətin işinə qarışmaq, ona hansısa formada müdaxilə etmək niyyətindən uzaq olduğunu bəyan edib.

Görünən odur ki, Ermənistan mediası indiki həssas məqamdan istifadə edərək İranın qəzəbini Azərbaycana yönəltmək, bununla da iki dövlət arasında qarşıdurma yaratmağa çalışır ki, nə Azərbaycanın, nə də İranın bu cür ucuz təxribata getməyəcəyi göz önündədir.

Saytınıza açıqlama verən politoloq Arzu Nağıyev də bunu erməni tərəfinin növbəti təxribatı kimi dəyərləndirdi:

“Təbii ki, bu, erməni tərəfinin təxribatıdır. Məlum məsələdir ki, İran Azərbaycana qonşu dövlətdir. Orada çoxsaylı azərbaycanlılar yaşayır. Bu günə qədər İranla Azərbaycan arasında hər hansı bir problem yaşanmayıb. Eyni zamanda, Azərbaycan balanslı siyasət yürütməkdədir və bu səbəbdən də ölkəmizin həm İsrail, həm də ABŞ-la normal münasibətləri mövcuddur. Azərbaycanın bu siyasəti isə heç şübəsiz Ermənistanı narahat etməyə bilmzədi. Məhz buna görə də, bu proseslərdə ermənilər tərəfindən Azərbaycanın adının hallandırılması gözlənilən idi.

Heç şübhəsiz, bu, təxribat xarakterli fkirlərdir. İran tərəfinin bu hadisəyə münasibəti bəllidir. Ermənilər sadəcə, bu cür cəfəng fikirlərlə İranla Azərbaycan arasındakı münasibətləri korlamaq, aranı qızışdırmağa çalışır".

P.S. Təbii ki, Azərbaycan ordusunun arsenalında kifayət qədər güclü raketlər mövcuddur. Lakin bu raketlər Azərbaycan torpaqlarını işğal edən və bu gün də işğal altında saxlayan erməni generalları üçün nəzərdə tutulub və rəsmi İrəvan tamamilə əmin ola bilər ki, ali baş komandan savaş əmri verəcəyi təqdirdə bu raketlər öz hədəflərinə hökmən yetişəşəcəkdir!