• 8 Dekabr 2022
logo
Moskvadan Zəngəzur dəhlizi addımı: Tehran oyunu pozmağa çalışır

Moskvadan Zəngəzur dəhlizi addımı: Tehran oyunu pozmağa çalışır

Rəisi və Paşinyan arasında telefon söhbəti oldu: məsələ təkcə Ermənistanı “qırmızı xətti” elan edən Tehranın İrəvana “qardaşlıq zəngi” yox, həm də son proseslər, xüsusilə Rusiyanın Mehri-Əkərək yolunda yeni postlar qurması fonunda diqqət çəkir.
İrəvan və Moskvanın rəsmi açıqlamalarında Mehri-Əkərək istiqamətində qurulan postların iki ölkə arasındakı müqaviləyə əsasən atıldığı deyilir, Rusiya tərəfi isə əlavə edir ki, “son dövrlər İrandan Ermənistana narkotik və digər qanunsuz daşıma cəhdlərinin artmasına” görə bu qərar verilib. Hətta “silah, qumbaratan və külli miqdarda döyüş sursatının aşkarlanması” faktından da bəhs edirlər. Əsaslandırmaq şübhəlidir, hadisələrin inkişafı da bu şübhələri artırır:
- Tehranda keçirilən Ərdoğan-Putin-Rəisi zirvəsində Yaxın Şərq əsas mövzu olsa da, üçtərəfli əməkdaşlığın Cənubi Qafqaz bölgəsində də davam etdirilməsi, xüsusilə 3+3 formatının inkişafı ilə bağlı məsələlər həll edilməli idi. Lakin İran Suriya məsələsində olduğu kimi, Zəngəzur dəhlizinin açılmasına qarşı da Xomneyinin saxta “min illik yol” iddiasına əsaslanan “separat” mövqe sərgilədi.
- Ərdoğan Tehrandan sonra Soçiyə - Putinlə görüşə getdi: tərəflərin xüsusilə iqtisadi razılaşmaları (ikitərəfli ticarətdə rubldan istifadə ruslar üçün çox şey deməkdir) Moskva və Ankaranın Tehransız hərəkət planının olması ehtimalını önə çıxardı;
- Bu iki görüşdən sonra Rusiya Mehri-Əkərək istiqamətində - Zəngəzur dəhlizinin keçəcəyi ərazidə əlavə postlar qurmağa başladı;
Moskvanın bu addımı iki hədəfə hesablanıb:
Birincisi, Zəngəzur dəhlizinə qarşı çıxan Tehrana razılaşmanı pozmağa imkan verməyəcəyi göstərir: rus sərhədçilərin “İrandan gələn təhlükələrə” görə postlar qurması da bu mesajın verilməsinə hesabıanıb;
İkincisi, sərhədçilərini dəhlizin keçəcəyi istiqamətdə yerləşdirməklə nəzarəti gücləndirir: 10 noyabr razılaşmasının 9-cu bəndinə görə, Ermənistan Azərbaycana Naxçıvanla “maneəsiz keçid” verməli, həmin yolun təhlükəsizliyini Rusiya hərbçiləri təmin etməlidir;
Zəngəzurdan yolun “dəhliz məntiqi” ilə açılmasını üç ölkə - Azərbaycan, Türkiyə və Rusiya xüsusilə istəyir: Moskva üçün bu, təkcə kommunikasiyanın açılması yox, həm də bölgədə təsir imkanını saxlamaq baxımından da əhəmiyyətlidir; “dəhliz məntiqi”nin olmaması ruslar üçün vasitəçilik etdikləri razılaşmaların icra edilməməsi, marağında olduqlaqrı kommunikasiyaların açılmaması, Bakının Laçın dəhlizində eyni rejimi tələb etməsi problemləri də yaradır;
Baş verənlər postların qurulmasının Rusiyanın Zəngəzur dəhlizinin razılaşmaya uyğun açılmasının logistikasını formalaşdırmaq olduğu versiyasını gücləndirir. Rəisinin Paşinyana zəngi də baş verənləri anlamaq, dəhlizə qarşı İrəvan üzərindən “separat” mövqeyini davam etdirmək məqsədi daşıyır.