• 19 Mart 2024
logo
"Bu gün ermənilərin yanlız iki seçimi var... "

"Bu gün ermənilərin yanlız iki seçimi var... "

Əlisahib Hüseynov: “Azərbaycanlıların öz tarixi yurdlarına qayıtmaq istəyi Ermənistanda sözün əsl mənasında ciddi təşvişə səbəb olub”
Qərbi Azərbaycandan olan soydaşlarımıza qaçqın statusunun verilməsi təklifini hamımız birmənalı surətdə dəstəkləməli və rəsmi İrəvanın əsassız tələblərinə qarşı ötən əsrin 80-ci illərinin sonlarında Qərbi Azərbaycandan qovulan soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdışının təmin edilməsi, habelə Qərbi Zəngəzura azərbaycanlıların kompakt şəkildə yaşayacağı ərazi kimi muxtar respublika və ya vilayət statusunun verilməsi tələbini irəli sürməliyik.
Bunu “Xalq Cəbhəsi”nə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Onun fikrincə, belə bir tələblərlə çıxış etməyimiz həm strateji baxımdan olduqca əhəmiyyətlidir, həm də ki, öz xarici havadarlarının təhriki və diktəsi ilə Azərbaycanın Qarabağ iqtisadi bölgəsinin dağlıq hissəsində (Xankəndi və ətraf ərazilərdə) yaşayan bir ovuc erməni üçün “status” tələb edən, 44 günlük müharibə nəticəsində faktiki mövcudluğuna son qoyulmuş Minsk Qrupunun yenidən aktivləşdirilməsinə və prosesə qoşulmasına cəhd göstərən Ermənistan hakimiyyətinin gün-gündən artan “iştah”ını cilovlamaq və əsassız tələblərini bloklamaq üçün taktiki manevr imkanlarımızı daha da artıra bilər: “
Xankəndidəki ermənilər üçün status tələb edən, onların insan hüquqlarının pozulduğu iddiaları ilə çıxış edən Paşinyan iqtidarı zəhmət çəkib ilk növbədə Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarını təmin etməli, onların tarixi Azərbaycan ərazilərinə gediş-gəlişinin təmin edilməsinə, qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qaytarılmasına “yaşıl işıq” yandırmalıdır.
Bu gün ermənilərin yanlız iki seçimi var – ya onlar 10 noyabr razılaşmasının müddəalarına qeydsiz-şərtsiz əməl etməlidirlər, yadaki Azərbaycan həm Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı əraziləri qanunsuz erməni silahlı dəstələrindən güc yoluyla təmizləyərək Xankəndidə öz suverenliyini bərpa edəcək, həm də ki, qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdış məsələsini önə çəkəcək, onlar üçün muxtariyyət tələb edəcək. Rəsmi Bakı Ermənistan qarşısında bu tələbləri qoymalıdır”.
Bu tələblər avantürist Paşinyanı da, revanşist çağırışlarla çıxış edən erməni müxalifətini də dərhal reallıq hissinə qaytaracaq. Müşahidələrimiz də onu göstərir ki, azərbaycanlıların öz tarixi yurdlarına qayıtmaq istəyi Ermənistanda sözün əsl mənasında ciddi təşvişə səbəb olub. Az-çox realistlik hissi olan ermənilər artıq Qərbi azərbaycanlıların gec-tez öz doğma torpaqlarına dönəcəklərini başa düşməyə başlayıblar: “Biz də bu istiqamətdə fəaliyyətlərimizi get-gedə daha da genişləndirməliyik. Bunun yolu isə ilk növbədə qərbi azərbaycanlı qaçqınların öz tarixi torpaqlarına qayıtmasına zəmin yaratmaq üçün müvafiq qanunlarımzı təkmilləşdirməkdən, onlara qaçqın statusu verməyimizdən və Ermənistandan qovulan soydaşlarımızın həmçinin BMT-nin qaçqınlar siyahısına da daxil edilməsinə nail olmağımızdan keçir. Biz bütün bunları gerçəkliyə çevirmək üçün bu istiqamətdə təxirəsalınmaz tədbirlər görməliyik”.
Cavid