• 19 Mart 2024
logo
Azərbaycanın vasitəçilik missiyası uğurlu alına bilər

Azərbaycanın vasitəçilik missiyası uğurlu alına bilər

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfəri baş tutub.
Ölkə başçısının qardaş ölkəyə səfəri V İslam Həmrəyliyi Oyunları çərçivəsində baş tutsa da, həm də keçirdiyi görüşlərlə diqqət çəkib.
Səfər çəçivəsində Prezident İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib. Görüşlə bağlı informasiya az olsa da, tərəflərin əsas müzakirə mövzusunun Ermənistanın Qarabağda törətdiyi son təxribatlar və buna cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatının olduğu məlumdur. Təsadüfi deyil ki, Rəcəb Tayyib Ərdoğan Qarabağdakı son hadisələrlə əlaqədar bir daha Türkiyənin dəstəyini ifadə edib və şəhidlərlə bağlı başsağlığı verib.
“Qisas” əməliyyatından qısa müddət sonra Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevi Türkiyəyə dəvət etməsi faktiki olaraq rəsmi Ankaranın prosesləri yaxından izlədiyini göstərir. Bu mənada ölkə başçılarının görüşdə son hadisələr ətrafında müzakirə aparmaları və ortaq strateji addımları müzakirə etdiklərini demək olar.
Dövlət başçıları arasında həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlardakı son durum müzakirə edilib. Əslində son zamalar cəbhə xəttində artan erməni təxribatları Türkiyə-Ermənistan münasibətlərinə təsirsiz ötüşməyəcək. Rəsmi Ankara dəfərlərlə elan edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması rəsmi İrəvanın atacağı konstruktiv addımlardan və ən əsası, Azərbaycanın mövqeyindən asılı olacaq. Yəni Ermənistanın gərginliyi artırması, destruktiv addımlar atması öz növbəsində Ermənistan-Türkiyə münasibətlərini hazırkı səviyyədə saxlayacaq.
Ölkə başçılarının görüşündə digər diqqətçəkən məqam isə Ərdoğan və Əliyevin əl-ələ, gülərək söhbət etmələri idi. Bunu həm də Azərbaycan Ordusunun son antiterror əməliyyatına Türkiyənin tam və birmənalı dəstəyinin görüntüsü və dünyaya mesaj kimi qiymətləndirmək olar.
Prezident İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatarla da görüşüb. Söhbət zamanı türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunulub.
Ölkə başçısının Ərsin Tatarla görüşü planlaşdırılmış görüş olmayıb və məhz Türkiyə prezidentinin istəyi əsasında gerçəkləşib. Rəsmi Ankara uzun illərdir Şimali Kiprin müstəqilliyinin tanınması istiqamətində addımlar atır. Bu istiqamətdə rəsmi Bakıdan Şimali Kiprin müstəqilliyinin tanınması bir neçə dəfə istənilib.
Azərbaycanın Şimali Kipr mövzusunda mövqeyi bəllidir. Rəsmi Bakı Ermənistanla problemlər kontekstində Şimali Kiprin müstəqilliyini tanımayıb. Düzdür, 44 günlük müharibə nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan münaqişə kontekstinə keçirsə də, bu rəsmi Bakının mövqeyini dəyişmir.
Prezident İlham Əliyev avqustun 9-da Konyada Fələstin Dövlətinin Baş naziri Məhəmməd Ştayyehi ilə də görüşüb. Ümumiyyətlə istər Şimali Kipr Prezidenti Ərsin Tatar, istərsə də Fələstin Dövlətinin Baş naziri Məhəmməd Ştayyehi keçirilən görüşlərin Türkiyə tərəfindən təşkil edildiyini demək olar. Xüsusilə Ankara Bakının İsrail ilə əlaqələrini yaxşı bilir. Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması prosesində rəsmi Bakının sərgilədiyi vasitəçilik və konstruktiv mövqeyin Fələstinlə də olmasını istənilir.
Fələstin-İsrail münasibətləri son günlər yenidən gərginləşib və Azərbaycan iki ölkə arasında həm sülhün əldə edilməsi, həm də münasibətlərin normallaşmasında vasitəçi ölkə ola bilər. Rəsmi Bakının həm İsrail, həm də Fələstin ilə münasibətləri normaldır. Azərbaycanın münaqişə təcrübəsi və Qoşulmama Hərəkatının sədri olduğunu nəzərə alsaq, belə bir vasitəçilik missiyası uğurlu alına bilər.

Turan Rzayev
politoloq