• 19 Aprel 2024
logo
Bernsin İrəvana səfəri ilə Qarabağdakı təxribat…

Bernsin İrəvana səfəri ilə Qarabağdakı təxribat…

Amerikalı siyasi ekspert Endryu Korıbkonun Qarabağdakı son proseslərlə bağlı məqaləsini təqdim edirık:
Qarabağdakı son eskalasiya Azərbaycanın hamı tərəfindən tanınmış ərazisində qeyri-qanuni erməni silahlı birləşmələrin mövcudluğunun davam etməsi ilə bağlıdır. Həmin qüvvələr tərksilah edilməkdən və ya bölgədən çəkilməkdən imtina edərək Rusiyanın 2020-ci ilin noyabrında vasitəçilik etdiyi sülh prosesinin inkişafına mane olur. Mərkəzi hökumət həmin qrupların son təxribatlarına cavab vermək məcburiyyətində qaldı və nəticədə bir qədər də ərazi azad edilmiş oldu.
Bununla belə, bu eskalasiya bölgəni izləməklə məsul olan rus sülhməramlıların da yerləşdiyi ərazidəki həssas vəziyyəti çətinləşdirir. Buna görə də Moskva əlindən gələni etməlidir ki, həmin qeyri-qanuni erməni silahlı birləşmələri tərk-silah etməklə və ya bölgədən çıxarmaqla zərərsizləşdirərək, Bakını qıcıqlandıran bu əməllərin qarşısını alsın, çünki onların Azərbaycan qüvvələrinə qarşı davamlı hücumları münaqişənin yenidən canlanması riskini yaradır. Bu, hər kəsin maraqlarına zidd olardı və buna görə də nəyin bahasına olursa-olsun, qarşısı alınmalıdır.
Bir qədər irəliyə baxanda proqnozun xoş olmadığını deyə bilərik. Bu təxribatlar Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəsdən təxminən iki il keçəndən sonar da baş verməməlidir. Bu, İrəvan və onun proksilərinin (qanunsuz erməni silahlı birləşmələrin) münaqişənin həllində səmimi olmadığını göstərir. Hətta, demək olar ki, onlar münaqişə ocağını yenidən alovlandırmaqda maraqlı görünürlər. Bununla onlar Azərbaycana Qarabağla bağlı öz maraqları ilə bağlı birtərəfli qaydada güzəştə getməsi üçün təzyiq vasitələri əldə etməyə və onu daha bir genişmiqyaslı müharibənin astanasında saxlamağa çalışırlar.
MKİ rəhbərinin bu yaxınlarda İrəvana səfərindən sonra Ermənistanın bu baxımdan Amerikanın təsiri altında fəaliyyət göstərməsi də mümkündür. Vaşinqton Rusiyaya qarşı davam edən proksi müharibəsinin bir hissəsi kimi Cənubi Qafqazda qondarma “cənub cəbhəsi” açmaq istəyə və bu məqsədlə İrəvanı özü üçün “faydalı axmaq” kimi istismar edə bilər. Qeyd etməkdə fayda var ki, bu, hələlik sadəcə fərziyyədir, lakin son gərginliyin MKİ rəhbərinin Ermənistana səfərindən bu qədər qısa müdət sonra baş verməsi şübhə doğurur.
Buna görə də Rusiya kəşfiyyatı araşdırma aparmalıdır ki, onun amerikalı rəqibi KTMT üzrə hərbi müttəfiqinin “başını bişirməsin”. Hələ mən Qarabağda münaqişə baş verəcəyi təqdirdə Rusiya sülhməramlı qüvvələrinin birbaşa qarşıdurmaya cəlb edilməsi üçün Ermənistanın yem kimi istifadə olunması ehtimalından danışmıram. Hazırda Ukraynadakı hərbi əməliyyatı bitirməyə fokuslanmış Rusiyanın istəyəcəyi ən axırıncı şey “cənub cəbhəsinin” açılmasıdır. Bu, Rusiyanın diqqətini yayındıraraq hazırda bitirməyə çalışdığı prosesi çətinləşdirə bilər.