• 16 Oktyabr 2021
logo
Prezident İlham Əliyev: Biz gərək generasiya güclərini daim elə vəziyyətdə saxlayaq ki, Azərbaycanda heç vaxt qıtlıq olmasın

Prezident İlham Əliyev: Biz gərək generasiya güclərini daim elə vəziyyətdə saxlayaq ki, Azərbaycanda heç vaxt qıtlıq olmasın

Biz gərək generasiya güclərini daim elə vəziyyətdə saxlayaq ki, Azərbaycanda heç vaxt qıtlıq olmasın.

Bunu Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Gələcəkdə, xüsusilə ucqar dağ kəndlərində enerji təsərrüfatına da böyük diqqət göstərilməlidir. Çünki biz demək olar ki, bütün şəhərlərdə artıq yeni yarımstansiyaların, transformatorların quraşdırılması nəticəsində problemi həll etmişik, ancaq bəzi kəndlərdə dirəklər köhnədən qalıbdır. Mən o kəndlərdə olarkən görürəm ki, hələ də taxta dirəklər qalmaqdadır. Onları müasir dirəklərə dəyişdirmək üçün əlavə tədbirlər görülməlidir. Paylayıcı xətlər indi tamamilə yenilənibdir. Ona görə enerji təminatını indiki səviyyədə saxlamaq üçün əlbəttə ki, biz daim fəal olmalıyıq və o cümlədən “Azərişıq” daim bu işlərə diqqət yetirməlidir. Çünki bizim tələbatımız artır. Baxın, 2019-cu ildə qeyri-neft sənayemiz 14 faiz artıbdır. Deməli, əlavə enerji gücü lazımdır. Hesab edirəm ki, şəbəkəyəqoşulma bizdə yüksək səviyyədə təmin olunur. Bəzi ölkələrdə bu, böyük problemə çevrilir və açılan müəssisələr ümumi şəbəkəyə qoşula bilmir. Bizdə bu problem yoxdur. Ancaq tələbat artır, əhali artır və artacaq. İndi əhali 10 milyona çatıbdır. İllər keçdikcə bu, 11 milyona, 12 milyona çatacaq. Ona görə bizim şəbəkəmiz buna hazır olmalıdır. Ona görə biz böyük vəsait ayırırıq ki, generasiya güclərini tamamilə təzələyək. Biz indi profisitlə çalışırıq. Ancaq biz gərək generasiya güclərini daim elə vəziyyətdə saxlayaq ki, Azərbaycanda heç vaxt qıtlıq olmasın. Əlbəttə ki, enerji təsərrüfatını normal vəziyyətdə saxlamaq üçün bütün istismar qaydaları gərək yüksək səviyyədə təmin edilsin.

2018-ci ildə baş vermiş qəza böyük dərs olmalıdır. Bu qəzadan sonra görülmüş tədbirlər öz nəticəsini verməkdədir. Biz yarımstansiyaların dairəvi qaydada birləşdirilməsi nəticəsində özümüzü qəzalardan, qəzaların fəsadlarından qoruyuruq. Qəza hər bir ölkədə baş verə bilər. Ancaq əsas məsələ ondadır ki, bu qəzanın fəsadları hansısa müddət ərzində aradan qaldırılır. Bu dairəvi sistemi biz ona görə yaratmışıq ki, enerji təminatını qısa müddət ərzində təşkil edə bilək. Sizə uğurlar arzulayıram. Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız".