• 27 İyul 2024
logo
“Birinci Qarabağ müharibəsinin iştirakçılarına da dövlət qayğısı göstərilir”

“Birinci Qarabağ müharibəsinin iştirakçılarına da dövlət qayğısı göstərilir” - Turan Rzayev

“Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlilərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Bu gün də biz bunun əyani şahidi oluruq”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Turan Rzayev deyib: “Təsadüfi deyil ki, dünəndən etibarən Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanıldı.
Belə ki, I dərəcə əlilliyə görə - 8 800 manat, II dərəcə əlilliyə görə - 6 600 manat, III dərəcə əlilliyə görə - 4 400 manat ödəniləcəyi açıqlandı. Artıq bu barədə, habelə ödəməni hansı bankdan alacağına dair həmin şəxslərə SMS göndərilir.
Hesab edirəm bu halın özü belə görülən işlərin şəffaflığından xəbər verir. Yəni ödəmələrin bank kartları vasitəsilə ödənilməsi, eyni zamanda vətəndaşlara ödəmələrin SMS vasitəsi ilə xəbər verilməsi bu sahədə görülən innovativ yeniliklərdən xəbər verir. Bununla artıq həm vətəndaşların get-gələ salınması, həm də digər neqativ halların qarşısı alınmış olur. Asan, qısa zamanda vətəndaşlara əlillərinə birdəfəlik ödəmələrin ala bilir.
Ölkə başçısının bu addımı həm də onu göstərir ki, yalnız 44 günlük Vətən müharibəsi deyil, Birinci Qarabağ müharibəsinin iştirakçılarına da dövlət qayğısı göstərilir. Yəni “Heç kəs yaddan çıxmır”.
Bu vaxta qədər belə vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, o cümlədən ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, milli qəhrəmanlara verilən prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb.
Əlbəttə müəyyən problemlər də var və bu danılmazdır. Lakin əsas olan odur ki, problemlər bu gün həll edilir, bu istiqamətdə işlər görülür. Xüsusilə ölkə başçısının bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Eyni zamanda prezidentin şəhid ailələri, qazilərə göstərdiyi hörmət, qayğı, ehtiram bir çox məmurlara örnək olmalı, onları bu məsələdə daha aktivləşdirməlidir”.

Əli Zülfüqaroğlu