• 30 Noyabr 2020
logo
“Əminəm ki, gələn il dövlətlərimiz arasında əməkdaşlığın genişlənməsi və inkişafında yeni bir mərhələ olacaq"

“Əminəm ki, gələn il dövlətlərimiz arasında əməkdaşlığın genişlənməsi və inkişafında yeni bir mərhələ olacaq"

"2019-cu il Rusiya-Azərbaycan əməkdaşlığının inkişafı üçün uğurlu və effektli il oldu. Rusiya və Azərbaycan prezidentlərinin oktyabr görüşü zamanı Prezident İlham Əliyev mühüm nəticələri qeyd etdi: "Həm keçən il, həm də bu il ticarət dövriyyəsi artmaqdadır. Verilən məlumatlara görə, avqust ayına qədər artım 20% -dən çox idi. Bizim üçün Rusiya ən vacib tərəfdaş, dost, yaxşı qonşudur. Biz bu münasibətləri yüksək qiymətləndiririk".
Bu fikri “Kanal 5”ə Rusiyanın “Business-Dialog Media” nəşriyyat və kommunikasiya qrupunun baş icraçı direktoru, “World Business Guide Azerbaijan” jurnalının baş redaktoru Mariya Suvorovskaya Rusiya və Azərbaycan iqtisadi əlaqələri haqda danışarkən bildirib. Mariya Suvorovskaya ilin sonunda keçirilən Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumunda da müsbət nəticələri olduğunu deyib: "22 və 23 noyabr tarixlərində Moskvada Yubiley Forumu keçirildi. Təxminən 1200 iştirakçını bir araya gətirən unikal dialoq platforması oldu. Forumun iki günlük proqramı Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının geniş iclası ilə açıldı. Dörd dəyirmi masa çərçivəsində işgüzar regional əməkdaşlığın genişləndirilməsinin ən vacib məsələlərinin müzakirəsi aparıldı. Forum iştirakçıları sənaye, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə toxundular. Forumun ikinci günündə keçirilən Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumunun həmsədrləri Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienko və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva idi. Azərbaycan nümayəndə heyətinin Rusiyaya rəsmi səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsindəki xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya "Dostluq" ordenini təqdim etdi. Bu il Rusiya-Azərbaycan əməkdaşlığına həsr olunmuş ilk işgüzar nəşrin - "World Business Guide. Azerbaijan" jurnalının və eyni adda elektron qəzetin çap olunmağa başlaması da məntiqli və düzgündür. Jurnalı Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarova təqdim etdik və o, bizim gördüyümüz işləri yüksək qiymətləndirdi. Həmçinin forum çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə müqavilə imzaladıq". Mariya Suvorovskaya qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında təxminən 140 dövlətlərarası və hökumətlərarası müqavilə və saziş mövcuddur: "Azərbaycanla ticarət əlaqələri Rusiya Federasiyasının 72 təsisçisi tərəfindən dəstəklənir. Əminəm ki, gələn il dövlətlərimiz arasında əməkdaşlığın genişlənməsi və inkişafında yeni bir mərhələ olacaq".