• 26 Aprel 2024
logo
Türkiyə səfiri: "Hər sahədə əngəlləri qaldırmalı, birlikdə inkişaf etməliyik"

Türkiyə səfiri: "Hər sahədə əngəlləri qaldırmalı, birlikdə inkişaf etməliyik"

“Qlobal təhdidlərə qarşı Türk Dövlətləri Təşkilatının da inkişaf etdirilməsi əsas məsələlərdən biridir. Bu təşkilata daxil olan ölkələr arasında həssas münasibətlərin olduğu məlumdur”.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Şuşa Bəyannaməsindən Sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu" haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxışında deyib.
Səfir bildirib ki, bu təşkilat çərçivəsində birlikdə hərəkət etmək üçün yeni bir şans qazanılıb: “Artıq bu təşkilat çərçivəsində liderlər, xarici işlər nazirləri, ombudsmanlar, media nümayəndələri səviyyəsində görüşlər davam etməkdədir”.
Cahit Bağcı Türkiyənin silah embarqosu altında olduğu dövrlərə də diqqət çəkib: “1983-cü ildə biz silah embarqosu dövründə bölücü terror təşkilatının da təhdidi ilə qarşı-qarşıya qalmışdıq. 1983-cü ildən 2003-cü ilə qədər isə əlində olan silahların 80%-ni özü istehsal edən Türkiyə halına gəlmişik. Amma silah embarqosu dövründə Türkiyə güllə belə ala bilmirdi. Türkiyə iqtisadiyyatı çox böyüyüb. Türkiyənin müdafiə xərcləri ilə təhsil xərcləri eynidir. Artıq güclü bir Türkiyə var”.
Səfir qeyd edib ki, 30 il boyunca Azərbaycan hərbçiləri Türkiyədə hərbi məktəblərdə təhsil aldılar və orduda çalışdılar: “30 il ərzində Azərbaycan Ordusu gücləndi. Türkiyənin də siyasi dəstəyi ilə 30 illik işğala son qoyuldu”.
Diplomat bildirib ki, iki ölkənin tarixi qələbəsi, bu coğrafiyada bir-biriləri ilə çiyin-çiyinə mübarizəsi digər ölkələrə nümunədir: “Bu qələbədən sonra imzalanan Şuşa Bəyannaməsini sətir-sətir bilməliyik. Çünki bu bəyannamə artıq qanundur. Şuşa Bəyannaməsi hər kəsə bir təlimat, tapşırıqdır. Mədəniyyətdə də, hərbdə də, hər sahədə əngəlləri aradan qaldırmalıyıq və birlikdə inkişaf etməliyik. Şuşa Bəyannaməsi sadəcə enerji və müdafiə sənayesini əhatə etmir, bütün sahələri əhatə edir”.
Cahit Bağcı vurğulayıb ki, dünyada baş verən dəyişikliklər bəzi problemləri də meydana gətirir, qlobal təhdidlər fonunda hər ölkənin milli strategiyasının hazırlanması çox vacibdir: “Hazırda bölgədə baş verənlər gələcəkdə hansı addımlar atmalı olduğumuzun işarələrini verməkdədir. Türk dövlətləri arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərimizi əsirgəməməliyik. İşbirliyimiz enerji, qaz və başqa sahələrdə də olmalıdır. Ortaq siyasi iradə göstərməliyik. Ortaq siyasi iradə birlikdə formalaşdırılmalıdır”.
Səfir onu da qeyd edib ki, Şuşa Bəyannaməsinin müddəti sonsuzdur: “Şuşa Bəyannaməsi türk dünyasının birliyi üçün səylərin birləşdirilməsini də özündə ehtiva edir. Şuşa Bəyannaməsi əslində diplomatlar üçün yol xəritəsidir. İki ölkənin diplomatlarının istinad edəcəyi ən dəyərli sənəddir. Şuşa Bəyannaməsi əslində Türkiyə-Azərbaycan birliyinin sarsılmaz birlik olduğunun dünyaya elanıdır”.