• 27 Aprel 2025
logo
Əli Həsənovdan həbs xəbərlərinə reaksiya: “Nəyə görə?”

Əli Həsənovdan həbs xəbərlərinə reaksiya: “Nəyə görə?”

“Hazırda Avropa ölkələrindən birindəyəm və ürək müayinəsi üçün buraya gəlmişəm”
Dünən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun ölkəni tərk etmək istəyərkən, hava limanında saxlanılması barədə xəbərlər yayılıb. Həmin məlumatlara görə, Əli Həsənov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Lakin o, oxu.az-a açıqlamasında xəbərləri təkzib edib: “Məni niyə saxlamalıdırlar? Nəyə görə? Buna inanırsınız? Mən 25 il bu ölkənin siyasi münasibətlərinin içində olan və aparıcı şəxslərdən biri olmuşam. Hazırda Avropa ölkələrindən birindəyəm və ürək müayinəsi üçün buraya gəlmişəm”.
Onun sözlərinə görə, sosial şəbəkədə özü ilə bağlı yazılanları oxuyub və bu şayiələrə inanmamağı məsləhət görüb. Əli Həsənov qeyd edib ki, bundan əvvəl də Avropa ölkələrindən birində əməliyyat keçirib. O, əlavə edib ki, Yeni ilə kimi ölkəyə qayıdacaq.
Əli Həsənovun oğlu Şamxal Həsənli də atasının həbs xəbərləri barədə məlumat yayıb. O bildirib ki, sözügedən məlumatlar əsassızdır: “Atam ürəyindən əməliyyat olunduğuna görə ildə bir neçə dəfə həkim nəzarətindən keçmək üçün Avstriyaya gedir. Dekabrın 25-də növbəti müayinə üçün atam yenidən bu ölkəyə gedərək həkim müayinəsindən keçib. Səhhəti ilə bağlı hər şey qaydasındadır və inşallah, dekabrın 29-u ölkəyə, Bakıya qayıdacaq”.
“Şayiə, böhtan xarakterli məlumat yayanlara isə bu cür çirkin əməllərdən əl çəkməyi tövsiyə edirəm” deyə Şamxal Həsənli bildirib.