• 13 Avqust 2022
logo
Vüqar Rəhimzadə: Bakı konfransı regionda dayanıqlı sülhün və inkişafın gələcək yol xəritəsini müəyyənləşdirdi

Vüqar Rəhimzadə: Bakı konfransı regionda dayanıqlı sülhün və inkişafın gələcək yol xəritəsini müəyyənləşdirdi

“Azərbaycan günümüzün aktual mövzusunun müzakirəsinə həsr olunan növbəti beynəlxalq konfransa ev sahibliyi etdi. İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı keçirildi. Onu da nəzərə alaq ki, hədəflərə yüksək səviyyədə nail olmaqda bütün qurumların, o cümlədən parlamentin roluna xüsusi önəm verən Azərbaycanın təşəbbüsü ilə tarixi Zəfərimizin təntənəsi olan, Azərbaycan və Türkiyənin müttəfiqliyini təsdiqləyən Şuşa Bəyannaməsindən sonra üç qardaş ölkənin-Azərbaycan, Türkiyə, Pakistan parlamentləri sədrlərinin iştirakı ilə Bakı Bəyannaməsi imzalandı. Regional təhlükəsizliyin təminatı, müsəlman ölkələrinin birliyinin möhkəmləndirilməsi baxımından tarixi hadisə olan Bakı Bəyannaməsinin imzalanması dünyanın diqqətini bu birliyə, eyni zamanda, parlament diplomatiyasının artan roluna yönəltdi. Azərbaycan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi və bu məsələdə quruma üzv dövlətlərin dəstəyi Azərbaycan tərəfindən yüksək dəyərləndirildi. Dövlət başçısı İlham Əliyev Bakı konfransındakı nitqində bir daha həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiklərinə görə Qoşulmama Hərəkatının üzv dövlətlərinə minnətdarlığını bildirdi. Bu əminliyi ifadə etdi ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməklə kifayətlənməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatının inkişafına və daha da güclənməsinə xidmət edən təşəbbüsləri davamlılığı ilə diqqət çəkir: “Növbəti ayda Bakıda Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcək. Yeni dövrün çağırışlarının cavablandırılmasında müasir dünyagörüşə malik gənclərin düşüncələrinə, yeni ideyalarına böyük zərurətin olduğunu önə çəkən Azərbaycan dövlətinin Gənclər Şəbəkəsinin yaradılması təşəbbüsü də böyük dəstək qazandı. Azərbaycan gəncliyinin 44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıq, şücaət belə bir təşəbbüsün irəli sürülməsində öz sözünü dedi. Azərbaycan iqtidarının dövlət idarəçiliyində gəncləri irəli çəkməsi beynəlxalq səviyyədə təqdir olunur. Bu məsələdə ənənəvi keçirilən Davos İqtisadi Forumunun 2020-ci ildəki “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında Azərbaycan Prezidenti İlham Əliyevin ona ünvanlanan “İndi Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni, əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz” sualına cavabını xatırlamaq kifayətdir: “ Biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startup biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib... Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilmişdir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır.” Ölkə Prezidenti bu cavabı ilə 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılması təşəbbsünü şərtləndirən amilləri də açıqlamış oldu. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüsü isə Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.”

YAP Xətai rayon təşkilatının sədri diqqəti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrünə yönəldib: “Azərbaycan Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşuldu və fəaliyyətinin ilk günlərindən həmrəylik, qarşılıqlı dəstək prinsiplərinin təşviqinə töhfələr verməyə səy göstərdi. Dövlət başçısı İlham Əliyev Bakı konfransında bir daha bu reallığı diqqətə çatdırdı ki, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı.”

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin daha bir il uzadılmasının da səbəbsiz olmadığını diqqətə çatdıran Vüqar Rəhimzadə bildirib ki, 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın quruma sədrlik müddətinin 2023-cü ilin axırına kimi uzadılması ölkəmizə verilən yüksək dəyərin göstəricisidir: “Onu da qeyd edək ki, ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19-la mübarizə tədbirlərinin başlandığı dövrə təsadüf edir. Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri oldu. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşünün keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Azərbaycanın səyləri təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdi. Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərildi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində ianə olunmuşdur və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır. Azərbaycan “peyvənd millətçiliyi”nə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biridir. Dövlət başçısı İlham Əliyev bu əminliyini də bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa davam edəcək.”

YAP Xətai rayon təşkilatının sədri son iki ilə yaxın dövrdə beynəlxalq tədbirlərdə daha çox diqqətdə saxlanılan tarixi Zəfərimizdən, Qoşulmama Hərəkatına üzv dövlətlərin 44 günlük Vətən müharibəsində Azərbaycana dəstəyindən də danışıb: “Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Məscidlərimizin təhqir edilməsi, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz. Amma 30 illik işğal dövründə dünyanın əksər gücləri ikili standartlara əsaslanan siyasətləri ilə baş verənləri görməzdən gəldilər. Eyni yanaşmanı Vətən müharibəsi dövründə də nümayiş etdirdilər. Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan ölkələr anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. ”

Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin hər bir çıxışında vurğuladığı ATƏT-in Minsk qrupunun işğal dövründə fəaliyyətsizliyindən, Ermənistana dəstək missiyasını yerinə yetirməsindən, Azərbaycan Qarabağ münaqişəsini təkbaşına həll etdikdən, işğala son qoyulduqdan sonra bu quruma ehtiyacın olmamasından, bir sözlə, Minsk qrupuna artıq əlvida deyildiyindən də bəhs edib. Bildirib ki, təəssüflər olsun Ermənistan və digərləri onu həyata qaytarmağa çalışırlar. Lakin bu, mümkünsüzdür. ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.»

“Göründüyü kimi, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı hazırkı dövrün əsas çağırışı olan regionda dayanıqlı sülhün və inkişafın təmin olunmasının gələcək yol xəritəsini müzakirə edərək bu qənaətə gəldi ki, bu gün dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların şahidiyik. Bu problemlərin həlli ədalətə, beynəlxalq hüquqa əsaslanan yanaşmanı, səylərin birləşdirilməsini tələb edir. Qoşulmama Hərəkatının üzv dövlətləri bu çağırışları müsbət cavablandırmaq və ona öz töhfələrini vermək imkanlarına malikdirlər”,- deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.