• 5 Dekabr 2020
logo
“Məchul” adam

“Məchul” adam

Yaxud Əhməd Şahidovun "rəhbərliyin nümayəndəsi" kimi tədqim etdiyi şəxs kimdir?

Əslində bu adama - Əhməd Şahidova bir neçə cümləlik yazı üçün ayırdığım vaxta belə heyfim gəlirir. Amma elə məsələlər var ki, onlar haqqında yazmağa, yaxud danışmağa sərf etdiyin vaxtı itki hesab etsən də, sonunda cəmiyyətin qazanacağını düşünüb təsəlli tapırsan. Öncə Əhməd Şahidovun "Müharibəyə necə getməməli" kitabının müzakirəsi zamanı ingilis dilində səsləndirdiyi ziddiyyətli mülahizələrin yer aldığı video haqqında kiçik bir arayış verək. Qeyd edək ki, bu videonu əldə etmək üçün xüsusi araşdırma aparılmayıb. Adam çıxışının videoyazısını özü paylaşıb və çıxışda yer alan bəzi məqamlar diqqətimizi cəlb etdiyi üçün peşəkar tərcüməçilərin köməyindən istifadə etmişik. Nəticədən isə, sadəcə təəssüflənmişik. Bir azərbaycanlının kimlərəsə xoş gəlmək üçün öz ölkəsinin maraqlarına zidd fikirlər səsləndirməsi bizi narahat edib. Çıxış Azərbaycan dilində alt yazı vasitəsilə izləyicilərə təqdim olunduqdan sonra Əhməd Şahidov videonun yayımlandığı YouTube kanalını şikayət edib və silinməsinə nail olub.

Burada təəccüblü heç nə yoxdur. Çünki Şahidov öz çıxışını öz kanalında ilk olaraq özü paylaşmışdı və təbii ki, ilkin mənbə də ona məxsus YouTube kanalında yayımlanan video sayılır. Amma məsələnin digər tərəfi də var: Məsələ orasındadır ki, Əhməd Şahidovun çıxışının təkrar videoyayımında heç bir təhrifə yol verilməyib, sadəcə çıxış alt yazılarla olduğu kimi tərcümə olunub ki, ingilis dilini bilməyən həmvətənlərimiz kimlərincə illərdir ictimai rəyə sırıdığı bu adamın "Azərbaycanın maraqlarının müdafiəsi" adı altında əslində hansı maraqlardan çıxış etdiyini özləri dəyərləndirə bilsinlər. Sadə bir məntiqlə Əhməd Şahidov haqqında söz açdığımız çıxışına aydınlıq gətirməli, yol verdiyi ciddi fikir və mövqe xətalarının izahını verməliydi. Amma başqa yol seçdi və bununla da həqiqəti insanlardan gizlətməyə çalışdığını ortaya qoydu. Məlum video ilə bağlı araşdırma apardığımız zaman, Şahidovun 2015-ci ildə keçirilən parlament seçkiləri zamanı seçicilər qarşısında etdiyi çıxışın kiçik bir videoyazısı ilə qarşılaşdıq. Bu videoda da maraqlı məqamlar var. Bunların arasında ən çox diqqət çəkən Şahidovun yanında oturan və tez-tez istinad etdiyi şəxsin kimliyidir. Düşünürəm ki, Əhmədin rəsmi, səlahiyyətli şəxs kimi təqdim etdiyi bu adamın kimliyinin ciddi şəkildə araşdırılmasına ehtiyac var. Təbii ki, kim, yaxud kimlərdən olduğunu təxmin edirik, amma... Əhməd Şahidov öz çıxışında seçicilərə müraciət edərək, onlardan öz dərdləri, problemləri haqqında açıq danışmalarını xahiş edir və yanında oturan şəxsi göstərərək deyir: "Mən də burdayam, bizim rəhbərliyin nümayəndəsi də burdadır". Maraqlıdır, kimsəyə sirr deyil ki, Əhməd Şahidov 2015-ci ildə keçirilən parlament seçkilərində bitərəf namizəd kimi iştirak edirdi. Yəni hansısa partiyanın namizədi deyildi ki, yanındakı şəxsi həmin siyasi təşkilatın rəhbərliyinin təmsilçisi kimi təqdim etsin. Digər tərəfdən, Əhməd Şahidov həmin dövrdə dövlət qulluğunda da çalışmırdı ki, hətta Seçki Məcəlləsinə zidd olsa da belə çalışdığı qurumun rəhbərinin seçki kampaniyasında iştirakına nail olsun. Bəs o zaman Əhməd Şahidovun "rəhbərliyin nümayəndəsi" kimi tədqim etdiyi şəxs kimdir? Yaxud həmin dövrdə Şahidovun öz rəhbəri hesab etdiyi şəxs və onun seçki kampaniyasında kimliyi açıqlanmayan nümayəndəsi kim olub? Zənnimcə elə buradan da başlamaq lazımdır - Araşdırmağa və qaranlıq məqamlara aydınlıq gətirməyə...

Əhməd Şahidovun "rəhbərliyin nümayəndəsi" kimi tədqim etdiyi şəxs kimdir? :: video.mail.ru my.mail.ru