• 8 Avqust 2022
logo
"Azərbaycan Ordusunun qüdrətinin artırılması bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir"

"Azərbaycan Ordusunun qüdrətinin artırılması bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir" - Turan Rzayev

"Bu gün 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür. Azərbaycan silahlı qüvvələrindən bəhs edərkən şübhəsiz qeyd edilməsi zəruri və vacib olan ilk məqam Azərbaycan demokratik cümhuriyyətidir. 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görüb. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir". Bunu Xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. T.Rzayev bildirib ki,
Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə əlahiddə korpus yarandı. Onun sözlərinə görə,
Azərbaycan Silahlı Qüvvələrindən bəhs edərkən ümummilli lider Heydər Əliyevin bu sahədə misilsiz xidmətlərindən bəhs etməmək mümkün deyil: "Əsası Azərbaycan demokratik cümhuriyyəti dövründə qoyulan ordu quruculuğu işləri təəssüf ki, cümhuriyyət süqut etdikdən sonra dayandı. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra gördüyü ilk işlərdən biri ölkəmizdə hərbi kadrların hazırlanması prosesini yenidən başlatmaq oldu. Bu istiqamətdə ümummilli liderin təşəbbüsü ilə Bakıda "Cəmşid Naxçıvanski adına Hərbi Məktəb" yaradıldı. Müqayisə üçün deyim ki, o zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Çünki belə bir qərar faktiki olaraq bir ölkəni, xalqı gələcəkdə öz müqəddəratını təyin etməyə hazırlamaq demək idi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, ümummilli liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarıb. Təsadüfi deyil ki, Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. Düzdür, Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qaldı. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ilk iş olaraq ordu quruculuğuna diqqət ayırdı. Heydər Əliyev Bakıya dəvət olunanda Azərbaycan Ordusunda ağır böhran mövcud idi. Belə ki, orduya dövlət rəhbərliyi təmin edilməmiş, ordu quruculuğu ilə bağlı dövlətin aydın proqramı yox idi. Bundan başqa dövlət və ordu bir-birindən ayrı düşmüş, ordu siyasi işlərə cəlb edilmiş, ordu daxilində siyasi mənsubiyyətə və məqsədlərə görə parçalanma yaranmışdı. Orduda vahid komandanlıq təmin edilməməsi isə şübhəsiz ən cidi problem idi.
1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı.
Bu gün qısa müddətdə qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri NATO standartları səviyyəsindədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.
Prezident İlham Əliyevin hərbi quruculuq siyasətində diqqət çəkən məqamlardan biri də Azərbaycan ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandırması, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır. Azərbaycanın iqtisadi gücündən maksimum faydalanaraq ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və s. kimi dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edən, onun davamlı modernləşdirilməsi prosesini həyata keçirən İlham Əliyev bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısındakı üstünlüyünü bir qədər də artırmış, onu sözün həqiqi mənasında məğlubedilməz etmişdi. Təkcə bir faktı qeyd edim ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyyat və zərbə dronları düşmən hədəflərinin müəyyən edilməsi və məhv edilməsində mühüm rol oynamış, nəticədə işğalçı orduya məxsus dəyəri milyonlarla dollarla hesablanan hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edilmişdi.
Xarici dövlətlərdən Azərbaycan ordusunun ehtiyacına uyğun olaraq alınan müasir hərbi texnika və raket sistemləri Vətən müharibəsi zamanı Ermənistanın hərbçilərimizə və mülki insanlarımıza qarşı tətbiq etdiyi ballistik raketlərin havadaca zərərsizləşdirilməsində uğurla istifadə edilib, məhz bunun sayəsində yaşayış məntəqələrimizi və əsgərlərimizi hədəf alan bir sıra raketlər, o cümlədən düşmənin Şuşaya atdığı “İsgəndər-M” raketlərinin bir çoxu havada vurulub. Nəticədə, sadəcə artilleriya və raket sistemlərimizin deyil, mülki insanlarımızın, əsgər və zabitlərimizin təhlükəsizliyi təmin edilib.
Prezident İlham Əliyevin ordu sahəsində gördüyü bu işlər nəticəsində 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Azərbaycan ordusu 27 illik işğala son verdi. Şuşa döyüşü və Şuşanın alınması isə şübhəsiz Azərbaycan silahlı qüvvələrinin nəyə qadir olduğunu, imkansız görülən tapşırıqları belə yüksək peşəkarlıqla bacardığını sübut etdi.
Sonda isə onu qeyd edim ki, 44 günlük müharibə ilə Azərbaycan ordusu torpaqlarımızın işğalına son qoysa da bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusunun qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Silahlı Qüvvələrimiz daha da modernləşdirilib, ən son hərbi texnologiyalar orduya cəlb edilir. Möhtəşəm hərbi paradlar da bunu təsdiq edir. Bu paradlar xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının gözəl nümunəsidir".

Əli