• 29 Mart 2024
logo
"Azərbaycanın hərbi potensialı və qüdrəti Vətən müharibəsi dövründə özünü göstərdi"

"Azərbaycanın hərbi potensialı və qüdrəti Vətən müharibəsi dövründə özünü göstərdi" - İlyas Hüseynov

"26 İyun Azərbaycanda Silahlı Qüvvələrin yaranması günü kimi qeyd olunur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şərəfli tarixi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Qeyd edək ki, müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir". Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. İ.Hüseynov bildirib ki, ümummilli lider hər zaman ordu quruculuğuna böyük diqqət ayırıb və Silahlı Qüvvələrimizin təkmilləşdirilməsi istiqamətində prinsipial addımlar atıb: "Digər tərəfdən, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait nəzərdə tutuldu, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil oldu.
Azərbaycanın tarixi qələbəsində bir sıra amillər həlledici rol oynadı. Vətən müharibəsində Qələbəni şərtləndirən amillər: iqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə uğurlar və bütün bunları təmin və təşkil edən, bütün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran İlham Əliyev kimi liderin olması idi. Azərbaycanın hərbi potensialı və qüdrəti Vətən müharibəsi dövründə özünü göstərdi. Hərbi gücün nümayiş etdirilməsi ilə bağlı beynəlxalq şəraitin düzgün qiymətləndirilməsi, normativ-hüquqi bazanın genişləndirilməsi, beynəlxalq hüququn implementasiyasi ilə bağlı təşəbbüslər və geosiyasi amillərin geniş təhlili göstərdi ki, hərbi və siyasi uzaqgörənlik Vətən müharibəsində qələbəmizi şərtləndirdi.
Müharibə dövründə cənab İlham Əliyevin böyük sərkərdə, müzəffər Ali Baş Komandan kimi fəaliyyəti bütün dünyanın diqqət mərkəzində idi. Həmin dövrdə dövlət başçısının çıxışları, hərbçilərlə görüşləri xalqımızda qələbəyə inamı daha da gücləndirirdi.
Vətən müharibəsinin tarixi əhəmiyyəti və xalqın öz ordusuna inamının, sevgisinin nümayişi idi. Azərbaycan hərbçisinin rəşadəti, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsi bu gün dünyanın tanınmış hərbi ekspertlərinin təhlillərində nümunə kimi göstərilir.
Azərbaycan Ordusu öz tarixi missiyasını uğurla reallaşdırmaqla ölkəmizin ərazi bütövlüyünü təmin etdi və yeni əsrin müharibəsini aparmaqla dünyanın hərb tarixinə öz adını qızıl hərflərlə yazdırdı.
Müharibədən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində ardıcıl addmlar atılır, silah-sursat təchizatı həyata keçirilir və müasir texnika ilə davranış vərdişləri inkişaf etdirilir. Bu xüsusda komando bölmələrinin yaradılması da Ordumuzda genişmiqyaslı islahatların tərkib hissəsi olmaqla, ölkəmizin təhlükəsizlik seqmentinin daha da gücləndirilməsinə xidmət edir".

Əli Zülfüqaroğlu