• 17 Aprel 2024
logo
Lavrov: “Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına yardım etməyə hazırıq”

Lavrov: “Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına yardım etməyə hazırıq”

“Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi məsələlərini müzakirə etdik”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üç bəyanatında qeyd olunan bütün razılaşmaların icra olunmasının alternativsizliyini təsdiq etdik. Hansı ki, bura praktiki olaraq regionda postmünaqişə nizamlanmasının bütün aspektləri aiddir. Cənubi Qafqaz regionunda bütün kommunikasiyaların və iqtisadi əlaqələrin açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun işindən məmnunluq ifadə etdik. Onlar iyunun 3-də Moskvada, iki həftə sonra isə Peterburq İqtisadi Forumu çərçivəsində görüş keçiriblər. Son təmaslar dəmir yol və avtomobil yolu marşrutu ilə bağlı tərəflərin mövqelərini əhəmiyyətli dərəcədə yaxınlaşmağa imkan verib”, - Lavrov vurğulayıb.

Lavrov Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın işinin davam etməsinin vacibliyini qeyd edib: “Rusiya tərəfi üç ölkənin liderlərinin razılaşmasına müvafiq olaraq, lazımı məşvərətçi yardımı etməyə hazır olacaq. Eyni ilə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına yardım etməyə hazırıq, hansı ki, bu təşəbbüslə bizim azərbaycanlı dostlarımız çıxış ediblər”.

Rusiya XİN başçısı azərbaycanlı həmkarı ilə görüşdə “3+3” formatında əməkdaşlığın davam etdirilməsinin vacibliyinə dair razılaşdıqlarını söyləyib: “Xəzər problematikasına da xüsusi diqqət ayırdıq. Dünən prezidentlə görüşümüzdə və bugünkü danışıqlarda Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın tam icra olunmasına vurğu etdik. Ümumi anlayışımız var ki, Xəzəryanı dövlətlərin liderləri iyunun 29-da Aşqabadda toplaşanda bu sənədin əhəmiyyətini və bu sənəddə qeyd olunan əsas prinsiplərin əhəmiyyətini təsdiq edəcəklər”.