"Yüksəliş" müsabiqəsi Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar kursunun bir halqasıdır.
Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilməsi ilə bağlı keçirilən tədbirdə deyib.
F.Əliyeva bildirib ki, Azərbaycanda idarəçilik vərdişləri olan və öz potensialına inanan hər kəs bu müsabiqədə iştirak edə bilər. O qeyd edib ki, müsabiqə Azərbaycanda kadrların bilik və bacarıqlarının inkişaf etməsinə mühüm töhfə verəcək.
Qeyd edək ki, bu gündən “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib. Müsabiqənin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi də yaradılıb. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.