• 27 Noyabr 2020
logo
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan əlaqələri xüsusi önəm daşıyır və bu əlaqələr bu gün ən yüksək zirvədədir

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan əlaqələri xüsusi önəm daşıyır və bu əlaqələr bu gün ən yüksək zirvədədir

Türkiyə-Azərbaycan əlaqələri xüsusi önəm daşıyır və bu əlaqələr bu gün ən yüksək zirvədədir.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Doğrudan da 2019-cu il bizim əlaqələrimiz üçün çox uğurlu il olmuşdur. Bizim çoxsaylı görüşlərimiz, eyni zamanda, nazirlər səviyyəsində keçirilmiş görüşlər, beynəlxalq tədbirlərdə görüşlərimiz birliyimizi daha da gücləndirdi. Bildiyiniz kimi, bu il Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilmişdir. Bu Zirvə Görüşü bir daha türkdilli dövlətlər arasındakı birliyi, həmrəyliyi təsdiq etdi. Əlbəttə, Türkiyə-Azərbaycan əlaqələri xüsusi önəm daşıyır və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Biz siyasi, iqtisadi, sərmayə qoyuluşu, enerji, nəqliyyat, mədəniyyət sahələrində sıx əməkdaşlıq edirik. Elə bir sahə yoxdur ki, biz uğurla əməkdaşlıq etməyək.

Əlbəttə, bu il də çox önəmli hadisələr birgə qeyd olundu. Onlardan biri də TANAP-ın Avropa sərhədinə çatdırılması layihəsidir. Biz TANAP-ın Türkiyə bazarına çatdırılmasını keçən il qeyd etmişdik. Bu il noyabrın sonunda isə TANAP artıq Avropa sərhədinə çatdırıldı və bu tarixi hadisəni birlikdə qeyd etdik. Əminəm ki, gələn il Cənub Qaz Dəhlizi tam istismara veriləcək və beləliklə, bizim birgə həyata keçirdiyimiz bu nəhəng layihə artıq başa çatacaq.

Qarşılıqlı sərmayə qoyuluşu məsələlərində də çox gözəl nəticələr var. Azərbaycan bu günə qədər Türkiyəyə 17 milyard dollardan çox, Türkiyə isə Azərbaycana 12 milyard dollardan artıq sərmayə qoyub. Qeyd etdiyiniz kimi, SOCAR-ın yeni planları, yeni sərmayə qoyuluşu layihələri var. Onlar da həyata keçdikcə bizim Türkiyəyə yatırdığımız sərmayənin həcmi 20 milyard dollara çatacaq. Bu, bir daha bizim qardaşlığımızı göstərir. Çünki ancaq bir-birinə sıx bağlı olan ölkələr bir-birinin iqtisadiyyatına bu qədər yatırım qoya bilərlər.

Biz çox şadıq ki, Azərbaycanda yüzlərlə Türkiyə şirkəti fəaliyyət göstərir. Onlar bizim üçün çox önəmli layihələrdə - xüsusilə texnoloji baxımdan tutumlu, inşaat və sənaye layihələrində iştirak edirlər. Bakıda bir çox müasir binanın inşaatında, dizaynında və memarlığında Türkiyə şirkətlərinin izi vardır. Burada xarici şirkətlər arasında dövlət xətti ilə gerçəkləşən layihələrdə Türkiyə şirkətləri böyük üstünlük təşkil edir. Bu da təbiidir. Çünki biz hər bir sahədə bir-birimizi dəstəkləyirik, həm siyasi sahədə, həm də iqtisadi və ticarət sahələrində. Qarşılıqlı ticarət dövriyyəsi də artır. Artıq hazır olan preferensianal ticarət anlaşması da imzalanandan sonra ticarət dövriyyəsi daha da artacaq".