• 29 Noyabr 2020
logo
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin çoxşaxəli fəaliyyətiniz müasir, suveren və çiçəklənən Azərbaycanın təşəkkülü üçün böyük əhəmiyyət kəsb edir. Siz aydın baxışınız və sarsılmaz iradəniz sayəsində müasir dövrün çoxsaylı siyasi və iqtisadi çağırışlarını dəf edərək milli birliyin, mənəvi dəyərlərin möhkəmlənməsində, ölkədə siyasi sabitliyin və davamlı iqtisadi inkişafın təmin edilməsində çox böyük uğurlar qazanmısınız. Sizin Azərbaycan xalqına sədaqətiniz və öz ölkənizə ləyaqətlə xidmət etməyiniz dahi atanız Heydər Əliyevin işinin davamıdır.

Bu əlamətdar gündə Zati-alinizə səmimi qəlbdən möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar, Sizə və yaxınlarınıza firavanlıq diləyirəm".

XXX

İtaliya Senatının sabiq vitse-spikeri Linda Lanzilottadan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən xoş və səmimi arzularımı çatdırıram. Azərbaycanın daha da inkişaf etmiş, müasir, açıq və tolerant ölkəyə çevrilməsi istiqamətində gördüyünüz işlərin davamlı olmasını diləyir, İtaliya və Avropa ilə dostluğun daha da möhkəmlənməsi işində Sizə uğurlar arzulayıram.

Cənab Prezident, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Sizin himayənizlə keçirilən son iclası Azərbaycanın təşkilatımızla əlaqələrə sadiqliyini bir daha təcəssüm etdirdi".

XXX

İtaliyanın sabiq xarici işlər naziri Franko Frattinidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə təbriklərimi və xoş arzularımı çatdırıram. Tanrıdan Sizə möhkəm cansağlığı və Azərbaycanın daha da inkişafı naminə yorulmaz fəaliyyətinizdə uğurlar diləyirəm.

Cənab Prezident, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Roma şəhərində çox uğurla keçirilən yüksəksəviyyəli görüşünə verdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm".

XXX

Rusiya Federasiyası Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizə Azərbaycan xalqının rifahı naminə məsul və çoxşaxəli dövləti fəaliyyətinizdə, Rusiya-Azərbaycan əlaqələrinin bundan sonra da möhkəmlənməsində, ölkələrimizin regionları arasında qarşılıqlı faydalı uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində uğurlar arzulayıram.

Sizə möhkəm cansağlığı, sülh və firavanlıq diləyirəm".

XXX

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Milorad Dodikdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Zati-Aliləri.

Sizi doğum gününüz münasibətilə təbrik etməkdən, Zati-alinizə böyük uğurlar və firavanlıq arzulamaqdan şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək, son görüşümüzdə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkür edirəm. Ümidvaram ki, gələcəkdə də xalqlarımıza fayda gətirəcək əməkdaşlığımızı davam etdirəcəyik.

Hörmətli cənab Prezident, xahiş edirəm, doğum gününüzlə əlaqədar xoş arzularımı və dərin ehtiramımı qəbul edin".

XXX

Rusiya Federasiyası İnquş Respublikasının birinci Prezidenti Ruslan Auşevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin.

Sizə möhkəm cansağlığı, çoxmillətli Azərbaycanın inkişafı naminə ali dövləti vəzifənizdə uğurlar, Zati-alinizə və yaxınlarınıza firavanlıq, xoşbəxtlik diləyirəm".

XXX

Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Altınbek Mamayusupovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Zati-aliləri cənab Prezident.

Doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf duyuram. Həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Zati-alinizə təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Sizin rəhbərliyiniz və yorulmaz səyləriniz sayəsində beynəlxalq aləmdə öz yerini tutmuş Azərbaycan siyasi, sosial-iqtisadi və mədəni sahələrdə uğurlu nailiyyətlər qazanaraq regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Multikulturalizmin və tolerantlığın örnək modelinin formalaşdığı Azərbaycan Assambleyamızda da fəal təmsil olunaraq regional əməkdaşlığa, eləcə də Avrasiya regionunda sülh və təhlükəsizliyə önəmli töhfəsini verməkdədir.

Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyinə daim göstərdiyiniz hərtərəfli diqqət və dəstəyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Əminliklə qeyd etmək istərdim ki, Sizin məqsədyönlü fəaliyyətiniz türkdilli ölkələr arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfəsini verməkdə davam edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzu edirəm".

XXX

“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvilidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Əziz İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz həyat əzmi, ölkənizin və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar diləyirəm.

Biz, dostlarınız Sizin rəhbərliyinizlə Azərbaycanın istər ölkə daxilində, istərsə də beynəlxalq arenada qazandığı uğurları ilə səmimi qəlbdən fəxr edirik.

Əziz İlham Heydər oğlu, Sizi bir daha əmin etmək istəyirik ki, bizə verilən hər hansı tapşırığı yerinə yetirməyə hazırıq.

İcazə verin, Sizə bir daha ən xoş diləklərimi çatdırım, planlarınızın və ideyalarınızın tezliklə həyata keçməsini arzu edim".