• 20 Aprel 2024
logo
“Hələ də erməni lobbisi dünya mediasında Azərbaycana qarşı qərəzli informasiyalar yaymaqda davam edir”

“Hələ də erməni lobbisi dünya mediasında Azərbaycana qarşı qərəzli informasiyalar yaymaqda davam edir”

Xanoğlan Əhmədov: “Ermənistanın işğal dönəmində Azərbaycana vurduğu zərərlərlə bağlı dünya ictimaiyyətini mütəmadi olaraq məlumatlandırmalıyıq”

“Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, onun ağır nəticələri barədə müxtəlif vəsaitlərin hazırlanması və bu haqda beynəlxalq ictimaiyyətin məlumatlandırılması hazırda qarşımızda duran ən ciddi, təcili həllini tələb edən problemlərdən biridir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov deyib. X.Əhmədov bildirib ki, 1988-ci ilin yanvarın 6-dan, Dağlıq Qarabağda separatçılıq hərəkatı aşkar şəkil aldığı gündən bəri Azərbaycan terrorçuluğa məruz qalıb, torpaqları işğal olunub və işğal müddətində Azərbaycan xalqına məxsus mülklər, eyni zamanda tarixi abidələr məhv edilib: “Bu məsələlərin bu gün də dünya ictimaiyyətinə çatdırılması vacibdir. İstər işğal dövründə, istərsə də qələbədən sonra dövlət və ictimaiyyət bu istiqamətdə böyük işlər görüb.
Məsələn qələbədən öncə müxtəlif beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədlər qəbul olunub, Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsiplərinin ümdə məqam sayıldığı sürəkli olaraq təkrarlanıb. Ölkəmizi təmsil edən rəsmi və qeyri-rəsmi heyətlər çeşidli ölkələrə yollanaraq bəhs etdiyimiz problemdən danışıblar, eyni zamanda ən müxtəlif ölkələrin təmsilçiləri Azərbaycana səfər edərək Qarabağ münaqişəsinin nəticələrini görüblər. Digər işlər, nəticələr və proseslər var ki, onların hamısı məlum olduğundaan bir daha sadalamağa ehtiyac duymuruq. Lakin bütün bunlar yetərli deyil, çünki, hələ də erməni lobbisi dünya mediasında Azərbaycana qarşı qərəzli informasiyalar yaymaqda davam edir.
Ermənistanın və ümumiyyətlə, dünya erməniliyinin yalanları bir çox dövlətlərin mətbuat orqanlarında işıqlandırılır”.
X.Əhmədov əlavə edib ki, Ermənistanın işğal dönəmində Azərbaycana vurduğu maddi, mənəvi və ekoloji zərərlərlə bağlı dünya ictimaiyyətini mütəmadi olaraq məlumatlandırmalıyıq: “Bu istiqamətdə görülən işlər hələ yetərli səviyyədə deyil. Müharibə bitsə də və biz tarixi qələbə qazansaq da Azərbaycan üçün informasiya müharibəsi daha böyük əhəmiyyət kəsb edir. Kompüter texnologiyalarının indiki inkişaf səviyyəsi effektiv informasiya təbliğatının qurulmasına imkan verir. Bu gün təbii ki, xüsusilə müharibə dönəmində dövlət başçısı erməni lobbisinin uzun illər ərzində apardığı strategiyaya böyük zərbə vurdu. Eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, həmçinin bəzi media nümayəndələrimiz də aktiv oldular.
Əminliklə vurğulamaq olar ki, yenə də ermənilərin təbliğat maşınını dağıtmaq üçün tam imkanlar və potensial var. Hazırda hər bir dövlət öz informasiyasını daha çox elektron informasiya vasitələrinin köməyilə yaymağa üstünlük verir. Etiraf edək ki, Ermənistanla informasiya savaşı da prioritet olaraq qalır. Bu gün xüsusilə dövlətimizin imkanları çərçivəsində ermənilərin yaratdığı ilkin təəssvvür səddini dağıtmışıq. Amma yenə də bu istiqamətdə daha ciddi şəkildə fəaliyyətimizi davam etdirməliyik”.
X.Əhmədov əlavə edib ki, təşkilat olaraq bu istiqamətdə müxtəlif layihə reallaşdırıblar: “Məsələn buna misal olaraq hələ müharibədən öncə “İnformasiya müharibəsində Azərbaycanın təbliğat imkanlarının öyrənilməsi və genişləndirilməsi” layihəsini həyata keçirmişik. Çalışmışıq ki, informasiya müharibəsində Azərbaycanın davamlı üstünlüyü təmin edilsin, Azərbaycanın haqqlı mövqeyi dünya ictimaiyyətinə çatdırılsın. Bugünədək Ermənistan tərəfindən beynəlxalq ictimaiyyətə yayımlanan yalan dolu materiallar və saxta faktları ifşa etmək istiqamətindəki fəaliyyət davam etdirilməlidir.
Hesab edirəm ki, bundan sonra da Erməni qərəzli informasiya-təbliğat maşınının effektivliyini azaltmaq üçün post-münaqişə dövrünün reallıqlarını və işğaldan azad edilmiş bölgələrdə erməni vandalizmi nəticəsində dağıdılan yaşayış məskənlərimizin yenidənm dirçəldilməsini, qazandığımız uğurları beynəlxalq miqyasda təbliğ etməliyik.
Ermənistan tərəfindən yayılmış yalan, saxta və böhtan xarakterli məlumatlara cavab olaraq həqiqəti özündə əks etdirən məlumatları daha çox yaymalıyıq.
Dünya ictimaiyyətində ermənilərin böhtan və yalanlarını ifşa etmək, onların regionda hansı fəsadlar törətdiklərini göstərməliyik, erməni terrorunun coğrafiyası, məqsədləri barədə tutarlı məlumatlar verməliyik.
Davamlı olaraq informasiya mübarizəsində Azərbaycanın üstün mövqeyə malik olması üçün strategiya planlar reallaşdırmalıyıq”.
X.Əhmədov həmçinin diqqətə çatdırıb ki, rəbərlik etdiyi təşkilat vətənpərvərlik mövzusunu da diqqətdə saxlayır və bu istiqamətdə layoihələr reallaşdırır: “Məsələn Media və Mülki Cəmiyyət İctimai Birliyi şəhidlərin şərəfinə xatirə kompleksi inşa etdirib. Bu il aprelin 27-də Yardımlı rayonun Şiləvəngə kəndində Qarabağ şəhidlərinin şərəfinə ucaldlmış xatirə kompleksinin açılış mərəsimi keçirilb.
Xatirə kompleksi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərfindən “Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi və tanıdılması” layihəsi çərçivəsində inşa edilib. Yüz nəfərə yaxın insanın qatıldığı açılış mərasimində şəhidlərin ailə üzvləri, rayonun qabaqcıl ziyalıları, müəllim və şagirdlər, eləcə də digər qonaqlar iştirak ediblər”.
Xanoğlan Əhmədov bildirib ki, bu xatirə kompleksi Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın şərəfinə ucaldılıb. Həyata keçirdikləri layihəyə dəstək verdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edən layihə rəhbərinin sözlərinə görə, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunan bu gözəl abidəni qısa müddətdə tikib başa çatırıblar: “Burada Şiləvəngə, Mamulğan, Ökü və Gavran kəndlərindən olan üzərində şəhidlərin şəkli əks olunmuş 12 mərmər lövhə asılıb. Xatirə kompleksdə 2 bulaq tikilib və ətrafında mini park salınıb, parkda xeyli bəzək və meyvə ağacları əkilib. Bu nəcib təşəbbüsdə bizə dəstək olan, köməyini əsirgəməyən hər kəsə minnətdaram”.
X.Əhmədov eyni zamanda, bu layihə çərçivəsində şəhid adlarının əbədiləşdirilməsi və tanıdılması istiqamətində digər tədbirlər də həyata keçirdiklərini deyib. Onun sözlərinə görə, şəhid məzarlarını ziyarət etməklə yanaşı, onların ailə üzvləri ilə görüşlər təşkil edilib.
X.Əhmədov qeyd edib ki, vətənin müdafiəsi uğrunda canından, qanından keçən bütün qəhrəmanlarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir.

Əli Zülfüqaroğlu