• 30 İyun 2022
logo
Co Baydenin növbəti məktubu

Co Baydenin növbəti məktubu

Elçin Mirzəbəyli: “Bu, rəsmi Bakının subregionun perspektiv enerji və nəqliyyat mənzərəsi ilə bağlı mövqeyinin təqdir olunmasıdır”

ABŞ Prezidenti Azərbaycanın dövlət başçısına son 10 gün ərzində ikinci məktubunu ünvanlayıb. Azərbaycanın dövlət müstəqilliyi günü ilə bağlı Prezident İlham Əliyevə ünvanlanan təbrikin mətnində olduğu kimi, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı münasibətilə göndərilən məktubda yer alan mesajlar da, ölkəmizin regional və qlobal proseslərdəki rolunun əhəmiyyətini vurğulayır və qarşılıqlı münasibətlərin bundan sonra da irəliyə doğru aparılacağını ifadə edir.
Bu sözləri “Xalq cəbhəsi” qəzetinə açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Siyasi şərhçi qeyd edib ki, Co Baydenin məktubundakı ilk önəmli məqam, Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində iki ölkənin güclü tərəfdaşlığının vurğulanmasıdır: “Bu, ABŞ-Azərbaycan münasibətlərinin ən müxtəlif istiqamətlərdə qarşılıqlı etimadlı və faydalı əməkdaşlığa söykəndiyinin və tərəfdaşlığın inkişafı üçün əlverişli zəmin yarandığının ifadəsi kimi də qiymətləndirilə bilər. Sözügedən xüsusda Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam etdiyinin xatırladılması bunu bir daha təsdiqləyir.
Məktubda Azərbaycanın həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malik olduğu vurğulanır ki, bu da ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələrinin qlobal miqyasda nə qədər mühüm önəm daşıdığının vurğulanması, həmçinin rəsmi Bakının subregionun perspektiv enerji və nəqliyyat mənzərəsi ilə bağlı mövqeyinin təqdir olunmasıdır.
ABŞ Prezidenti öz məktubunda ölkəmizin Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynadığını da xüsusi olaraq, qeyd edir. Bu yanaşma, qənaətimə görə, bir sıra dairələrin sözügedən mövzularda spekulyasiya etmək cəhdlərinə tutarlı cavab olmaqla yanaşı, eyni zamanda Azərbayan dövlətinin öz coğrafi mövqeyindən və çox da böyük olmayan təbii resurslarından necə uğurla istifadə etdiyini bir daha təsdiqləyir.
Cozef Bayden Azərbaycanda yaşayış standartlarının yüksəldilməsinə görə Prezident İlham Əliyevin addımlarını alqışladığını bəyan etməsi isə, ölkəmizdə şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi, hesabatlılığın möhkəmləndirilməsi və digər istiqamətlərdə həyata keçirilən islahatların artıq görünən və ölçülə biləcək nəticələr verdiyini nümayiş etdirir”.