• 30 İyun 2022
logo
Prezident: “Alternativ enerji ilə bağlı bir çox şirkətlə aktiv danışıqlar aparılır”

Prezident: “Alternativ enerji ilə bağlı bir çox şirkətlə aktiv danışıqlar aparılır”

İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş Azərbaycan ərazilərinin alternativ enerji resursları baxımından böyük potensialı var.
Bu barədə bu gün Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, hazırda alternativ enerji ilə bağlı bir çox enerji şirkəti ilə aktiv danışıqlar aparılır.
“Biz alternativ enerji ilə bağlı bir çox enerji şirkətləri ilə danışıqların aktiv mərhələsindəyik. Xəzərin nəhəng imkanları var. Artıq qiymətləndirilib və məlumata görə, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı və imkanları 150 000 meqavatdır. Bu, böyük həcmdir. Eyni zamanda, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq azad etdiyimiz ərazilərdə böyük potensial var. Xüsusilə də Kəlbəcər və Laçında, eləcə də digər ərazilərdə. Biz sadəcə külək və günəş potensialını təxminən 9-10 min meqavat olaraq proqnozlaşdırırıq. Böyük potensialı olan suyu da bura daxil etsək, təxminən 1000 meqavat əlavə həcm olar. Bütün bunlar hökumətimiz tərəfindən hazırda ciddi şəkildə həll edilir”, - Prezident İlham Əliyev vurğulayıb.