• 10 Oktyabr 2024
logo
"Paşinyan hətta istəsə belə bu prosesi poza bilməyəcək"

"Paşinyan hətta istəsə belə bu prosesi poza bilməyəcək"

Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb.
Artıq komissiyanın Azərbaycandan və Ermənistandan olan rəhbərləri - Baş nazirin müavini Şahin Mustafayev və Mqer Qriqoryan iki ölkə arasındakı sərhəddə görüşüblər. Növbəti görüşlərin Moskvada və Brüsseldə olacağı açılanıb.
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü "Xalq Cəbhəsi"nə açıqlamasında bildirib ki,
proses hələ ki nəzərədə tutulduğu şəkildə davam edir:"Tərəflər üzərlərinə götürdükləri öhdəliklərə uyğun olaraq ilkin addımları atırlar.
Burada narahatlıq doğuran əsas məqam Ermənistanla bağlıdır. Bilirik ki, hazırda ölkənin daxilində radikal qrupların, ekstremist qüvvələrin Paşinyan hakimiyyətinə qarşı mitinqləri keçirilir. Azərbaycanla, elə həm də Türkiyə ilə aparılan danışıqların, prosesin pozulması həmin qüvvələrin əsas istəyi və tələbidir. Paşinyan isə hələlik onların tələblərinə boyun əymir və danışıqlar prosesini davam etdirməkdə qərarlı görünür.
Belə olacağı təqdirdə biz ən qısa müddətdə sərhədlərin müəyyənləşdirilməsi, ardınca sülh müqaviləsinin imzalanması prosesinə, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına şahidlik edə bilərik".
M.Göyüşlü deyib ki, doğrudur, bəzi hallarda Ermənistanın hakim dairələri, siyasətçiləri Qarabağın, oradakı ermənilərin statusunu gündəmə gətirməyə çalışırlar. Lakin artıq bu məsələnin gündəlikdən çıxmasının şahidi olmaqdayıq: "Bu mövzu Azərbaycanın daxili işidir və Ermənistanın burada hansısa bir fikri gündəmə gətirməsi yolverilməzdir.
Ermənistanın bu prosesi pozması mümkünsüz kimi görünür. Çünki Azərbaycanla münasibətlərin normallaşdırılması yalnız Ermənistanın məsələsi deyil. Bu məsələ digər böyük dövlətlərin, beynəlxalq təşkilatların da maraqlarına uyğundur. Ona görə də düşünürəm ki, Paşinyan hətta istəsə belə bur prosesi poza bilməyəcək. Müəyyən ləngimələr ola bilər, amma ümumən prosesin dayandırılması mümkünsüz görünür.
Ermənistan Azərbaycanla əldə olunan bütün razılaşmaları icra etməlidir və edəcək də. Proses zatən Azərbaycanın təklif etdiyi 5 prinsip üzrə aparılır və diktə edən tərəf də rəsmi Bakıdır. Erməni baş nazir radikalların tələbələrinə boyun əyməsə, düzgün qərar verə biləsə, Azərbaycanla prosesi sürətli və beynəlxalq hüququn tələbələrinə uyğun bir şəkildə apararsa bundan onun xalqı, rəhbərlik etdiyi hakimiyyət də bəhrələnəcəkdir".
Cavid