• 10 Oktyabr 2024
logo
Baydenin məktubundakı mühüm mesajlar -

Baydenin məktubundakı mühüm mesajlar - ŞƏRH

ABŞ Prezidenti Co Baydenin Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda yer alan fikirlər həm zamanlama və məzmun baxımından qarşılıqlı münasibətlərin perspektivi ilə bağlı önəmli mesajlarla zəngindir. Zamanlama və məzmunla bağlı məqamlara eyni müstəvidə diqqət çəkməyim, şübhəsiz ki, təsadüfi deyil. Əks təqdirdə Ço Baydenin məktubuna dövlətlərarası münasibətlərin tərkib hissəsi, protokol və etiket qaydaları kimi də yanaşmaq olardı. Amma məktubun məzmunu və burada yer yer alan mesajlar ABŞ Prezidentinin Azərbaycanın Dövlət müstəqilliyi - Respublika Günü ilə bağlı mövqeyini, dövlətçilik, daha dəqiq desək, Cümhuriyyətçilik ənənələrimizin çağdaş Azərbaycan Respublikasının siyasi-ideoloji əsaslarını təşkil edən strateji hədəflərinə münasibətini əks etdirir.

Müasir Azərbaycan dövləti müsəlman Şərqinin ilk respublikasının varisi, nəhəng bir ərazinin kiçik hissəsində demokratik ənənələrin təməlini qoyan Azərbaycan Xalq Cümhuriyyətinin xələfidir. Azərbaycan müsəlman Şərqinin qaranlıqlarından milyonlarla insana işığı, inkişafın yolunu nişan verən Dan ulduzudur.

Vaxtilə real müstəqilliyə can atan Azərbaycan Xalq Cümhuriyyətinin arzuları müasir Azərbaycan Respublikasının liderinin zəkası və dəmir iradəsi nəticəsində gerçəkliyə çevrilib.

Azərbaycan Cənubi Qafqazda öz gücü və potensialı hesabına ayaqda durmağı bacaran, dövlətçiliyini real və müstəqil iqtisadi-siyasi əsaslar üzərindən inkişaf etdirən yeganə dövlətdir, müasir geosiyasi reallıqlar çərçivəsində öhdəliklərinə sadiq qalaraq, qürurunu, şərəfini qoruyaraq, sülhün, əminamanlığın, təhlükəsizliyin, milli və bəşəri dəyərlərin keşiyində dayanaraq, irəliyə doğru addımlamağı bacaran respublikadır. Azərbaycan dövlətinin müstəqilliyini, torpağının bütövlüyünü canından üstün tutan azad insanların Vətənidir.

İdeoloji baxımdan bir az yüklü görünsə də Ço Baydenin məktubunda yer alan məqamlara, məhz ABŞ-ın Azərbaycanın çağdaş obrazına - müstəqil mahiyyətinə və hədəflərinə verdiyi dəyər kimi qiymətləndirirəm. Mənə görə, dövlətlər də insanlar kimidir. Güclü, ədalətli və azad olanları, öz maraqlarını sonunadək qorumağı bacaranları sevməyə bilərlər, amma hörmət bəslədiklərinə zərrə qədər də şübhəm yoxdur.

Azərbaycan dövlət olaraq, məsuliyyətli davranışlarıyla, öhdəliklərinə sədaqətiylə, prinsipiallığı, qətiyyətli mövqeyi ilə bu gün dünyanın bir çox ölkələrinə nümunə ola bilər.

ABŞ prezidentinin 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa verdiyi yüksək dəyərin əsasında dayanan amillərdən biri də, məhz yuxarıda sadaladığım məqamlarla bağlıdır.

1994-cü ildən, “Əsrin müqaviləsi”ndən başlayaraq, Cənub Qaz Dəhlizinədək keçilən yolda ölkəmizin qarşılaşdığı saysız-hesabsız və keçilməz görünən maneələrin hansı çətinliklər hesabına dəf edildiyini nəzərə alsaq, milli hədəflərimizə çatmaq üçün sərf etdiyimiz əməyin nə qədər böyük olduğunu müəyyənləşdirə bilərik. Baydenin məktubunda Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığının xüsusi olaraq virğulanması da, istinasız olaraq, sözügedən istiqamətdə çəkilən zəhmətin, nümayiş etdirilən qətiyyətin bir daha diqqətə çatdırılması, ölkəmizin etimadlı tərəfdaş kimi qiymətləndirilməsidir.

Məktubda diqqət çəkən önəmli məqamlardan biri də Azərbaycanın Ukraynanın siverenliyinə verdiyi dəstəyin, göstərdiyi humanitar yardımların əhəmiyyətinin qeyd olunması, ölkəmizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələrin təqdir edilməsi, bütövlükdə dövlətimizin beynəlxalq hüququn qlobal məsuliyyətini yüksək səviyyədə dərk edən müstəqil subyekti kimi bəşəriyyət üçün həyati önəm daşıyan proseslərdəki müsbət rolunu ifadə edir. Bu və digər məqamlar, eləcə də hazırkı vəziyyətin Cənubu Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirilməsi, ABŞ-ın regiondakı mövcud reallıqları qəbul etdiyini bir daha təsdiqləyir. Bu yanaşma, eyni zamanda Birləşmiş Ştatların Azərbaycanın suverenliyinə, ölkəmizin bölgədə oynadığı mühüm sabitləşdirici rola açıq və birmənalı dəstəyi kimi də qəbil oluna bilər.

Azərbaycan-Ermənistan münasibətlərinin bu günü və perspektivi ilə bağlı ABŞ Prezidentinin məktubunda yer alan fikirlər də sübuta yetirir ki, rəsmi Vaşinqton sərhədlərin delimitasiyası və sülh müqaviləsi ilə bağlı birbaşa təmasların qurulmasında və davam etdirilməsində maraqlıdır. Bu isə Azərbaycanın mövqeyi ilə tamamilə üst-üstə düşdüyü üçün rəsmi Bakının təşəbbüslərinin və cəhdlərinin dəstəklənməsi anlamına gəlir.

Prezident Bayden məktubunda bəyan edir ki, Birləşmiş Ştatlar qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətlərini daha da genişləndirmək arzusundadır. Bu isə, dünyada və subregionda baş verən proseslərin, mövcud geosiyasi kataklizmlərin fonunda verilən çox ciddi mesajdır və Azərbaycanin müstəqil inkişafına, işıqlı gələcəyinə olan inamı ifadə edir.

Elçin Mirzəbəyli