İkinci Dünya müharibəsindən sonrakı Avropa ilə Qarabağın, o cümlədən Şuşanın indiki vəziyyəti oxşardır.
Bunu xarici ekspert Alessandro Bianki Şuşadakı "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyada müharibədən sonrakı bərpa işlərinin bir sıra mühüm nümunələri var: “Məsələn, Varşavanın mərkəzində müharibənin bütün fəsadlarının aradan qaldırılması tarixi şəkillərə baxaraq, o ənənəni mənimsəyərək həyata keçirilib. Çünki məqsəd müharibənin izini şəhərin mərkəzindən tamamilə silmək idi. Onlar bunu bacardı. Başqa tərəfdən, Berlini misal çəkə bilərik. Berlində bombalanmış binaların dağıntıya məruz qalmış bir hissəsi hələ də qorunur. Bu da tarixi yaddaşın qorunması anlamına gəlir. Demək istədiyim odur ki, Şuşa və Qarabağın bərpası zamanı sözügedən təcrübələri nəzərdən keçirilməlidir”.