• 5 Dekabr 2020
logo
Qanunsuz mühacir alveri ilə çirkli pull

Qanunsuz mühacir alveri ilə çirkli pull

Azərbaycanda növbədənkənar parlament seçkilərinə qatılmaq yolunda siyasi partiyalara hər hansı bir maneə törədilmir. Amma seçkidə iştirak etmək iddiasını artıq ortaya qoymuş bəzi müxalif partiyaların qərarı çoxsaylı suallar doğurmağa başlayıb.

Bunu açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, bəzi hallarda ictimai-siyasi dairələrdən gələn suallar artıq bir sıra müxalif partiyaların seçki platformasına cəmiyyətin hansı münasibət göstərdiyini qabaqcadan təyin etməyə imkan verir: "Qətiyyətlə demək mümkündür ki, müəyyən müxalifət qüvvələrinin ictimai reputasiyasında ciddi problemlərin olması onların seçki nəticələri barədə ən bədbin fikirlər söyləməyə əsas verir.

Seçkidə iştirak etmək istəyən partiyalar arasında Müsavat partiyası bu cəhətdən daha "parlaq obyekt" kimi müzakirələrin mərkəzində görünür. Cəmiyyətin bu partiya haqqında kifayət qədər geniş məlumatları olsa da, bu məlumatlar əslində onun seçkidə hər hansı uğuruna yox, tam uğursuzluğuna işləyir. İctimai rəydə dolaşan konkret kompromat xarakterli faktlar əslində Müsavatın taleyini pis mənada bu başdan həll etmək gücündədir. Müsavat və onun lideri İsa Qəmbər bir illik AXC hakimiyyətinin biabırçı tarixi iflasının əsas müqəssirlərindən biri kimi ictimai yaddaşlarda qalıb, siyasi sistemin ən stajlı təşkilatı olsa da 27 ildə ciddi bir seçki uğuruna imza ata bilməyib. Bütün fəaliyyəti hakimiyyətin ünvanına ittihamçı və yorucu şüarçılıqdan ibarət olub. Bir vaxtlar ətrafında müəyyən sayda ziyalıların olsa da bu gün bütün ziyalı ordusunu özünə qarşı yönəldib. Radikal ittihamçı kursa görə xalqın mütləq əksəriyyəti onun siyasətini pisləyir. Seçki proseslərində rüsvayçı saxtakarlıqların baş verdiyini hətta öz üzvləri açıb-töküblər, bu gün cəmiyyət Müsavatı özünə demokratik və şəffaf başqan seçməyi bacarmayan təşkilat kimi tanıyır".

Ekspert vurğulayıb ki, bu partiyanın seçki ərafəsində keçirdiyi dərin nüfuz böhranına ən sarsıdıcı zərbəni Almaniyada ifşa olunmuş qanunsuz mühacir alverində iştirak faktları vurdu: "Qanunsuz mühacir biznesində Müsavat rəhbərliyinin və üzvlərinin iştirakına dair o qədər konkret faktlar ortaya qoyuldu ki, bunları nəzərə almadan partiyanın hansı qələbə ümidlərilə seçkiyə qatıldığını təsəvvür belə etmək çətindir. Həm də faktların Almaniya polisi tərəfindən aşkarlanması Müsavatı bunu Azərbaycan hakimiyyətinin üzərinə atmaq imkanlarından tam məhrum etdi".

A.Quliyev əlavə edib ki, cəmiyyət indi Müsavatın seçki qələbələri barədə yox, "qanunsuz transmilli mühacir alveri ilə çirkli pullar qazanan bir partiya xalqdan hansı üzlə səs istəyəcək?" sualı üzərində düşünür: "Göründüyü kimi, sualın məntiqi və tonu o qədər ittihamçıdır ki, cəmiyyət Müsavatın siyasi səhnədə yenidən baş qaldırmasını istəmir, bunu mümkün saymır və bir illik dağıdıcı hakimiyyət partiyası kimi bir daha dövlət idarəçiliyində iştirakını məqbul hesab etmir. Tarixi uğursuz reputasiyası hətta cinayətkar biznes elementləri ilə ləkələnmiş, ictimai rəyə heç bir təsir gücü olmayan, perspektivi ciddi görünmyən və sosial bazası tam dağılmış Müsavatın seçki iflası bu başdan məlumdur. Partiyanın irəli sürdüyü namizədlərin ayrılıqda cəmiyyət üçün mötəbər və xarizmatik şəxslər sayılmaması da onun iflas sonluğunu hazırlayan tutarlı faktorlardandır".