“Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanuna müvafiq olaraq qəbul edilmiş Mərkəzi Seçki Komissiyasının (MSK) qərarlarının mübahisələndirilməsinə dair iddia üzrə icraat xüsusiyyətləri müəyyənləşir.
Bu, İnzibati Prosessual Məcəlləyə təklif edilən yeni – 130-2-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanuna müvafiq olaraq qəbul edilmiş Mərkəzi Seçki Komissiyasının (MSK) aşağıdakı qərarlarının mübahisələndirilməsinə dair ərizəsi apelyasiya instansiya məhkəməsinə verilə bilər:
- Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı yaradılmış təşəbbüs qrupunun və təklif olunan qanun (qərar) layihəsinin qeydiyyata alınmasından imtina barədə;
- Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı yaradılmış təşəbbüs qrupunun “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunun tələblərinə riayət etməməsi barədə.
Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı yaradılmış təşəbbüs qrupunun və təklif olunan qanun (qərar) layihəsinin qeydiyyata alınmasından imtinaya dair Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələndirilməsinə dair iddia ərizəsi, həmin qərarın surəti Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı yaradılmış Təşəbbüs Qrupunun sədrinə təqdim edildiyi gündən 10 gün müddətində verilə bilər. İddia ərizəsinə məhkəmə tərəfindən 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin və MSK-nın nümayəndəsinin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. İş üzrə Apelyasiya İnstansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Ali Məhkəmə şikayətə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxıb qərar qəbul etməlidir.