• 29 Mart 2024
logo
TBMM sədri: “Regional səviyyədə əməkdaşlıq gücləndirilməlidir”

TBMM sədri: “Regional səviyyədə əməkdaşlıq gücləndirilməlidir”

“Problemlərimizin ümumi olduğunu başa düşdüyümüz kimi, onları həll etmək üçün də birgə hərəkət etməli olduğumuzu anlamalıyıq”.
Bunu İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Bakıda keçirilən Üçüncü Ümumi Konfransında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.
TBMM sədri bildirib ki, beynəlxalq həmrəylik prioritetə çevrilib, eyni zamanda, bu proses parlament diplomatiyasının nə qədər əhəmiyyət kəsb etdiyini göstərib.
"Pandemiya əleyhinə mübarizədə Türkiyə olaraq biz çoxtərəflilik prinsipini dəstəkləyirik. 160 ölkəyə yardımları çatdırmışıq. Biz pandemiya zamanı ehtiyacı olan ölkələrə yardım üçün əlimizdən gələn bütün imkanlardan istifadə etmişik. Pandemiya hələ də davam edir. Miqrasiya, işsizlik, həddindən artıq yoxsulluq təhdidə çevrilib. Ədalətsizlik, tarazlılığın olmaması problemi daha da artırır. Ukraynada olan müharibə ərzaq məhsulları ilə bağlı problemlərin yaranmasına gətirib çıxaracaq. Ticarətin asanlaşdırılması inteqrasiyanın daha rəvan şəkildə getməsi üçün vacibdir. Mövcud beynəlxalq təşkilatların zamanın tələblərinə uyğun olaraq islahatlara getməsi vacibdir. Bu özünü artıq büruzə verməkdədir. İkili standartları rutin həyat səviyyəsinə çevirən, bəzi ölkələrin mənafeyini daha üstün mövqeyə çevirən təşkilatlarda islahatlar getməlidir. Yeni dünyada hamını başa düşən, hamıya aid olan qurumlara ehtiyac var. Bizim də İƏT üzvləri olaraq dialoq mühitində problemləri həll etməliyik. Biz öz aramızda əməkdaşlığımızı güclü şəkildə inkişaf etdirməliyik. Regional səviyyədə əməkdaşlıq gücləndirilməlidir. Qlobal iştirakçılar regional problemlərə həll tapmırlar, onlar problemləri dərinləşdirirlər”.