• 26 İyun 2022
logo
Bakıda İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçirilib

Bakıda İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçirilib - YENİLƏNİB

Bu gün Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransı keçirilib.

Tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfin rəhbərlik etdiyi nümayəndə heyəti, İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin birinci müavini Əli Nikzadın başçılıq etdiyi parlament nümayəndə heyəti, Qazaxıstan Respublikası Parlament Məclisi sədrinin müavini Balaim Kesebayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi parlament nümayəndə heyəti, Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primovun başçılıq etdiyi parlament nümayəndə heyəti və Tacikistan Nümayəndələr Palatasının üzvləri iştirak ediblər.

Milli Məclisin plenar iclas zalında keçirilən İƏTPA-nın Üçüncü Ümumi Konfransında “Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu müzakirə olunub, postpandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
İslam Əməkdaşlıq Təşkilatının Parlament Asambleyasının Baş katibi Tahir Hussain bildirib ki, konfransın gündəliyi İranın müəyyən düzəlişləri ilə qəbul edilib: “2023-cü ildə növbəti ümumi konfrans İranda keçiriləcək. İran parlamentinin sədri İƏT PA-nın vitse-prezidenti seçilib”.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (IƏT PA) sədrlik Azərbaycana keçib: “Azərbaycan bu təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında maraqlıdır”.
Daha sonra parlamentin sədri azad edilmiş ərazilərdə görülən işlər və 44 günlük vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan münasibətlərinə diqqət çəkib: “Azad edilmiş ərazilərdə bərpa işlərinə ən əsas maneə mina problemidir. Azərbaycan ən çox minalarla çirklənmiş ölkə olsa da ən az beynəlxalq maddi yardım alan ölkədir. Ermənistan Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyini elan etsə də, Ermənistanın hər hansı addımlar atması müşahidə olunmur. Azərbaycan sülh danışıqlarına başlamağa hazırdır. Ermənistan anlamalıdır ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Postmünaqişə dövründə Ermənistan beynəlxalq layihələrin iştirakçısına çevriləcəkdir”.
Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf qeyd edib ki, bu qurumun tədricən güclənməsi nailiyyət hissi yaradır: “Azərbaycanda çox hikmətli atalar sözü var: Dama-dama göl olar. Mən burada bizim birləşdiyimizi görürəm. qədim bir deyim var: dostlarını seçə bilərsən, ancaq qonşularınla yaşamalısan. Bizim cəmiyyətlərimiz bir-birinə sıx bağlıdır. Çünki xalqlarımızın çoxlu ortaq xüsusiyyətləri var. Bu bizim gücümüzdür”.
Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda diqqətə çatdırıb ki, bu görüş ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi üçün yeni imkan olacaq: “COVID-19 pandemiyanın nəticələrinin aradan qaldırılması üçün regional və qlobal səviyyədə beynəlxalq ictimaiyyətin sıx şəkildə əməkdaşlığına ehtiyac olduğunu gördük. Ölkələrimiz arasında ticarətlə bağlı maneələrin aradan qaldırılmasını Tacikistan Prezidenti təklif edib. İƏT-in ticarət razılaşması təəssüf ki, hələ əməli fəaliyyətə başlamayıb. Biz üzv ölkələri qarşılıqlı ticarəti artırmaq üçün təkliflər hazırlamağa çağırıram. Nəqliyyat əlaqələrinin açılması, kommunikasiyaların genişlənməsi İƏT ölkələri arasında qarşılıqlı ticarətin həcmini artıracaq”.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop regional əməkdaşlığın gücəndirilməsinə diqqət çəkib: “Beynəlxalq həmrəylik prioritetə çevrilib. Miqrasiya, işsizlik, həddindən artıq yoxsulluq təhdidə çevrilib. Ədalətsizlik, tarazlılığın olmaması problemi daha da artırır. Ukraynada olan müharibə ərzaq məhsullarında problemlərin yaranmasına gətirib çıxaracaq. Ticarətin asanlaşdırılması inteqrasiyanın daha rəvan şəkildə getməsi üçün vacibdir. Mövcud beynəlxalq təşkilatların zamanın tələblərinə uyğun olaraq islahatlara getməsi vacibdir. Bu özünü artıq büruzə verməkdədir”.
Mustafa Şentop vurğulayıb ki, regionda mövcud olan problemləri həll etmək hamımızın prioritet vəzifəsi olmalıdır: “Bu problemlərin dərinləşməsinə qlobal müdaxilədən qorunmalıyıq, tədbirlər görməliyik. Bu problemləri özümüz həll etməliyik. Biz bu coğrafiyada yaşayırıq. Regional qurumlar olaraq regionumuzda olan problemləri özümüz həll etməliyik. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini gördük. Bir sıra beynəlxalq təşkilatlar torpaqların işğalını tanıyıblar. İşğala son qoymaq üçün ATƏT-in Minsk qrupunu yaratmışdılar. 30 il ərzində dünyanın aparıcı ölkələrindən ibarət olan mexanizm bu problemi həll edə bilmədi. Bu regionda yerləşməyən dövlətlərin burada iştirakı problemin həllindənsə bunun dərinləşməsinə səbəb olur. Azərbaycan nümunəsində bunu gördük. Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu bu işğala son qoydu. Türkiyə Azərbaycana bu məsələdə hər zaman dəstək olubmuşuq. Türkiyə Azərbaycana hüquqi cəhətdən onun haqlı olmasına görə dəstək olub. Ermənistanla Azərbaycan arasında regionda olan münaqişə regional təhlükəsizlik üçün təhlükə yaradıb”.
Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov konfransında sonunda imzalanacaq Bakı Bəyannaməsinin əhəmiyyətindən danışıb.
İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin birinci müavini Əli Nikzad qeyd edib ki, dünyanın enerji ehtiyatlarının böyük hissəsi İƏT ölkələrindədir: “İƏT PA bizə hökumətlərimizlə birlikdə hərəkət etmək imkanı verib, İƏT ölkələrinin hədəflərinə nail olması üçün addımlar atmaq şansı yaradıb. İran İƏT-in əsas və nüfuzlu üzvü kimi fəal regional diplomatiyanı ön plana çıxarır. Üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da artırılmasına çağırırıq. Region xalqlarının maraqlarına cavab verən sazişlərin dəstəklənməsində üzv dövlətlərin parlamentlərinin rolu danılmazdır”.
Əli Nikzad təklif edib ki, Assambleyanın Nizamnaməsinə uyğun olaraq, pandemiyadan sonrakı iqtisadi bərpa üçün İƏT PA dəstək komitəsi yaradılsın: “Təklif qəbul edilərsə, komitənin ilk iclasını İran parlamentində keçirməyə hazırıq”.
Qazaxıstan Respublikası Parlament Məclisi sədrinin müavini Balaim Kesebayeva pandemiya dövrünün çətinlikləri, pandemiya dövründə İƏT ölkələri arasında əməkdaşlıq və pandemiya dövründə Qazaxıstanın yardımları barədə məlumat verib.
Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primov qlobal iqtisadi böhranın son fəsadlarından, beynəlxalq təhlükəsizliyə təhdidlərin İƏT-ə üzv ölkələr qarşısında yeni vəzifələr qoymasından danışıb: “Təəssüf ki, İƏT ölkələri arasında ticarətin artmasına tarif və qeyri-tarif xərcləri mane olur. Bunun aradan qaldırılması üçün işləməliyik. Biz əlimizdən gələni edirik ki, turizm bizim regionumuzda inkişaf etsin. Bunun üçün birlikdə çalışmalıyıq. Bu kontekstdə çox vacibdir ki, biz öz fəaliyyətimizi turizm sahəsində də davam etdirək. Biz bu əməkdaşlıqda bütün sahələr İƏT platformasına daxil edilsin və İƏT-ə üzv ölkələr bütün sahələrdə əməkdaşlıq etsinlər”.
Parlamentin spikeri Sahibə Qafarova sonda sözü Konfransda xüsusi qonaq olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziriyə verib.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri bütün dünyada parlamentlərin artan rolundan bəhs edib: “İƏT PA-nın yaradılması ən vacib qərarlardan biridir. Postpandemiya dövründə regionun bütün tələblərini və ehtiyaclarını qarşılamaq üçün İƏT tədbirlər görüb. İƏT-ə üzv ölkələr arasında ticarətin sərbəstlədirilmsi, prefensial ticarətin yaradılması, biznes fəaliyyətini həyata keçirmək üçün xərclərin və vaxtın azaldılması bizim hədəflərimiz arasındadır. Üzv dövlətlər müvafiq razılaşdırılmış hüquqi və institutsional dəyişikliklərə hazırdır. Viza rejiminin sadələşdirilməsi, qaçaqmalçılığın qarşısının alınması, gömrük rüsumlarının azaldılması sahəsində işləyirik. Eyni zamanda üzv dövlətlərin bankları arasında əməkdaşlığın həyata keçirilməsi üçün regional ödəniş qaydasını hazırlayırıq”.
İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Asambleyasının Baş katibi Tahir Hussain konfransın sonunda Bakı Bəyannaməsinin imzalanmasını təklif edib.
Konfransın sonunda Bakı Bəyannaməsi imzalanıb və konfrans iştirakçıları ümumi foto çəkdirib.
***
15:02

Bu gün Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransı başlayıb.
Tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfin rəhbərlik etdiyi nümayəndə heyəti, İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin birinci müavini Əli Nikzadın başçılıq etdiyi parlament nümayəndə heyəti, Qazaxıstan Respublikası Parlament Məclisi sədrinin müavini Balaim Kesebayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi parlament nümayəndə heyəti, Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primovun başçılıq etdiyi parlament nümayəndə heyəti və Tacikistan Nümayəndələr Palatasının üzvləri iştirak edirlər.
Milli Məclisin plenar iclas zalında keçirilən İƏTPA-nın Üçüncü Ümumi Konfransında “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu müzakirə olunur, post-pandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılır.
Qeyd edək ki, İƏT PA-nın Üçüncü Ümumi Konfransından sonra təşkilata sədrlik Azərbaycana keçəcək.