Turan Rzayev: “Dövlət başçısı Azərbaycan xalqının etimadını layiqincə doğrulda bilib”
İlyas Hüseynov: “Şuşanın azad olunması böyük qəhrəmanlıq salnaməsidir”
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində səfərdə olublar. Dövlətimizin başçısına və birinci xanıma Şuşadakı inzibati binada aparılan son tamamlama və binanın ətrafında həyata keçirilən abadlıq işləri barədə məlumat verilib. Bundan başqa Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində, Mehmandarovlar malikanə kompleksində aparılacaq bərpa işləri ilə tanış olublar.
Dövlət başçısı və birinci xanım “Shusha Boutique Hotel”də və Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə də tanış olublar. Sonra Prezident İlham Əliyev Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
Politoloq Turan Rzayev “Xalq Cəbhəsi”nə bildirdi ki, ümumiyyətlə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri ardıcıl xarakter alıb: “Hesab edirəm bu da təbiidir. Ölkə başçısı və birinci xanımın Şuşaya hər səfəri yeni bir açılışla, eyni zamanda cənab prezidentin açılışlar zamanı söylədiyi nitqlərlə yadda qalır. Ölkə başçısı və birnci xanımın Şuşaya növbəti səfəri də mühüm məqamlarla yadda qaldı.
İlk olaraq onu deyim ki, cənab prezidentin Şuşaya səfəri əlamətdar bir tarixə 10 May xalqımızın ümummili lideri Heydər Əliyevin doğum gününə təsadüf idi. Əslində ölkə başçısı bununla bir daha ümummili liderə dərin ehtiramını və özünün də Şuşa işğaldan azad edilərkən dediyi kimi ata vəsiyyətini yerinə yetirdiyi mesajını vermiş oldu. Hesab edirəm bir övlad üçün ata vəziyyətini özü də Şuşa kimi yerinə yetirilməsi çətin və məsuliyyəti olan bir vəziyyəti yerinə yetirməkdən qürurlu və şərəfli bir an ola bilməz. Təsadüfi deyil ki, ölkə başçısı da bu duyğularını “Keçən il mayın 10-da Naxçıvanda idim. Bu il mayın 10-da isə Qarabağdayam, işğaldan azad edilmiş Qarabağda” sözləri ilə ifadə etdi.
Hesab edirəm cənab prezidentin çıxışında ən vacib məqamlardan biri də məhz onun “Mən isə öz növbəmdə demişdim ki, əgər xalq etimad göstərərsə, mən prezident kimi Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyəm” sözləri oldu. Hesab edirəm ölkə başçısı 2003-cü ildən bu günə qədər Azərbaycan xalqının ona etdiyi etimadı layiqincə doğrulda bilib. Həqiqətən də xalq Ulu Öndərin siyasətinə sədaqətini nümayiş etdirdi. Prezident İlham Əliyev də bu etimadı doğruldaraq həm verdiyi vədləri yerinə yetirdi, həm də ata vəsiyyətini yerinə yetirdi. Söhbət şübhəsiz ki, ölkəmizin ərazi bütövlüyünü bərpa edilməsindən gedir. Bu gün mədəniyyət paytaxtımız Şuşada Azərbaycan bayrağı dalğalanır.
Əlbəttə Prezident İlham Əliyev bu illər ərzində verdiyi bütün vədləri yerinə yetirdi. Hesab edirəm bu hal bundan sonra da davam edəcək. Yeri gəlmişkən, çıxışın sonunda cənab prezident özü də açıq şəkildə qeyd etdi ki, “Bu gün mayın 10-da mən yenidən Ulu Öndərin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə edərək Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da xalqımızın, dövlətimizin inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəm”.
Mühüm mesajlar
Politoloq İlyas Hüseynov isə diqqətə çatdırdı ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşada çıxışı zamanı mühüm mesajlar verdi. Prezident İlham Əliyev ötən il mayın 10-da Naxçıvanda idi, bu il isə Mədəniyyət paytaxtımız, musiqi beşiyimiz Şuşada və Füzulidə olub: “Mayın 10-u ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Ümummilli lider Heydər Əliyevin arzusu Qarabağı azad görmək idi. Bu gün bu arzu qəhrəman ordumuz və qalib sərkərdəmiz sayəsində reallığa çevrilib. Heydər Əliyev yolu Azərbaycana böyük siyasi, iqtisadi qələbələr qazandırmışdır və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirərək tarixi zəfərə imza atdı.
Heydər Əliyev bütün həyatı boyunca Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərib. Dövlətimiz və xalqımız üçün ən çətin anlarda xalqın yanında olub, Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən xilas edib. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin banisidir, onun qurucusudur. O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu. 1994-cü ildə dünyanın aparıcı neft şirkətlərinin iştirakı ilə Gülüstan sarayında “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkənin sosial-iqtisadi inkişafının təməli qoyuldu.
Bu gün Ali Baş Komandan İlham Əliyev xoşbəxtdir ki, ata vəsiyyətini yerinə yetirdi. Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır. Şuşanın azad olunması böyük qəhrəmanlıq salnaməsidir. Prezident İlham Əliyev xalqımızın, dövlətimizin inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyib”.
Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır
Ekspert əlavə edib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır və dirçəlməkdə davam edir: “Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri sürətlə gedir, bu sahədə bütün potensial səfərbər olunub. Mənfur düşmən işğal dövründə bütün şəhər və kəndlərimizi yerlə-yeksan edib, bütün tarixi abidələrimizi dağıdıb. İşğal dövründə Qafqazın konservatoriyası, bölgənin incisi Şuşa kimi şəhər bərbad vəziyyətə salınıb. Bu gün Şuşada genişmiqyaslı bərpa işləri gedir və müasir şəhərsalma standartlarına uyğun olaraq əziz Şuşamız öz əvvəlki görkəminə qayıdır”.
Əli Zülfüqaroğlu