• 20 Yanvar 2025
logo
Revanşizm Ermənistan üçün intihara bərabərdir

Revanşizm Ermənistan üçün intihara bərabərdir

1988-ci ildən Azərbaycanın, artıq mövcud olmayan “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə başlayan, ultramillətçi, neofaşist ideyalarla “silahlandırılmış” aqressiv separatizm-terrorizm dalğası, 30 ilə yaxın zaman kəsiyində davam edən işğal, xaos və cəzasızlıq mühiti müharibə canilərinin yalnız, təxminən 2 il öncə işğaldan azad etdiyimiz və Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında ərazilərimizdə deyil, həm də Ermənistanda saysız-hesabsız qətllər, terror və digər qanlı cinayətlər törətmələri üçün əlverişli zəmin yaratmışdı... Azərbaycan torpaqlarının işğalı, azərbaycanlılara qarşı həyata keçirilən soyqırım və etnik təmizləmə cinayətləri, terror, vandalizm, ağlasığmaz vəhşiliklər üzərindən “qəhrəmanlaşdırılan”, bütləşdirilən, saxta mif və əfsanələrin “məğlubedilməz” obrazlarına çevrilən canilər, nəticədə nəhayətsiz səlahiyyətlərə, var-dövlətə və toxunulmazlığa sahiblənmişdilər. Onlar hər şeyin fövqündə dayanırdılar – Konstitusiyanın, qanunların, hətta uzun illərdən bəri erməni cəmiyyətinin zəhərlənməsinə xidmət edən qondarma tarix, saxta mif və əfsanələr üzərində qurulan ariizm ideyalarının belə...
Ötən əsrin əvvəllərindən başlayaraq, “erməni məsələsi”ndən Avrasiya məkanında öz maraqlarını ifadə etmək üçün yararlanan qüvvələr, 1988-ci ildən etibarən, bu məqsədlə yenə də Azərbaycan ərazilərini hədəf seçdilər və bu ərazilərə vaxtilə “yatmış bomba” kimi yerləşdirdikləri etnik ermənilərdən istifadə etməklə prosesi daha geniş müstəviyə daşımağa çalışdılar və müəyyən zaman kəsiyində buna nail olmağı bacardılar.
Lakin “eməni məsələsi” üzərindən yürüdülən siyasət təkcə Azərbaycan üçün başağrısına çevrilmədi, neofaşizm ideyası ilə “silahlanmış” aqressiv separatizm donunu və yönünü dəyişərək Xankəndidən İrəvana sıçradı və Ermənistan cəmiyyətinə öz qanlı, heç bir ölçüyə sığmayan qatil və soyğunçu şərtlərini diqtə etməyə başladı...
...Bu gün Ermənistanda baş verənlər, bizim “revanşçı” adlandırdığımız, əslində isə Azərbaycandan daha çox onları siyasi “Olimp”in zirvəsindən endirən ermənilərdən qisas almaq üçün alışıb-yanan müharibə cinayətkarlarının, qatil və soyğunçuların hakimiyyəti yenidən ələ keçirmək cəhdlərindən başqa bir şey deyil. Regiondakı mövcud reallıqlar, Ermənistanın acınacaqlı durumu və Azərbaycanın gücü, ölkəmizə qarşı revanş cəhdlərinin taleyini öncədən müəyyənləşdirir. Yenidən işğala cəhd yenidən və daha acınacaqlı darmadağın, daha biabırçı kapitulyasiya deməkdir. Hesab etmirəm ki, burunları ovulmuş, saxta “qəhrəman” obrazları yerlə bir edilmiş Köçəryan, Sarkisyan və meydanlarda 90-cı illərin şüarlarını cıəğıran digər müharibə caniləri bunu başa düşmürlər. Çox yaxşı anlayırlar. Amma vaxtilə törətdikləri saysız-hesabsız qanlı cinayətlərinə görə onları gözləyən cəzadan yayınmaq və erməni cəmiyyətini yenidən öz nəhayətsiz cinayətkar iştahlarına tabe etdirmək üçün siyasi hakimiyyəti ələ keçirmək istəyirlər. Eyni ssenarini 1998-ci ildə də gerçəkləşdirmişdilər və daha sonra parlamentdə sülh tərəfdarlarının gülləbaranı baş tutmuşdu. Görünür, bu qanlı istək və arzu yenə də onların qatil yaddaşını tərk etməyib. Robert Köçəryan, Serj Sarkisyan və digərləri Ermənistandakı bütün sülh tərəfdarlarına, normal, sağlam bir cəmiyyətdə yaşamaq istəyən insanlara 1994-cü ildə evinin qarşısında güllənənən yazıçı Varqes Petrosyanın taleyini yaşatmaq istəyirlər.
İndi İrəvanda və Ermənistanın digər ərazilərində başladılan “kütləvi itaətsizlik” kampaniyalarına, kiçikmiqyaslı aksiyalara, “kreativ” etirazlara Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan ərazilərdən açılan atəş səsləri də “rəng” qatmaqdadır. 2008-ci il martın 1-də Ermənistanda keçirilən prezident seçkilərinin nəticələrinə etirazlarını bildirən aksiya iştirakçılarının gülləbaran olunmasına rəhbərlik edən Samvel Karapetyanın Xankəndidə odlu silahla bir neçə gənci yaralaması da Köçəryan-Sarkisyan cütlüyünün “strategiyasında” hər hansı bir dəyişikliyin baş vermədiyini təsdiqləyir. Bu dəfə iştah daha “genişmiqyaslıdır” və qanuçən cütlük, Ermənistanın acınacaqlı məğlubiyyətindən sonra keçirilən parlament seçkilərində onlara “yox” deyən, keçmişin qaranlıq, qanlı səhifələri ilə vidalaşmaq istəyən bütün erməniləri cəzalandırmaq istəyir. Amma unudurlar ki, indi 1990-cı illər deyil. Azərbaycan heç bir halda Ermənistanda müharibə cinayətkarlarının hakimiyyətə gəlişinə və bölgəni yenidən qana boyamaq üçün hərəkətə keçmələrinə imkan verməyəcək. Revanşimzə istənilən real cəhd “beşiyində” boğulacaq... Qənaətimə görə, bunu Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi kifayət qədər yaxşı başa düşür! Mübaliğsiz deyirəm, indi revanşizm Ermənistan üçün yeni müharibədən daha çox intihara bərabərdir.
İrəvanda sülhün, təhlükəsizliyin əleyhinə kəsilən istənilən “hökm”ün cəzasını bütün Ermənistan ödəyəcək!
Yaxşı-yaxşı düşünsünlər...

Elçin Mirzəbəyli