• 30 İyun 2022
logo
“Ermənistanda baş verənlər ən pis halda sülh gündəliyinin metodunu dəyişdirə bilər”

“Ermənistanda baş verənlər ən pis halda sülh gündəliyinin metodunu dəyişdirə bilər”

Aqşin Kərimov: “Yəni revanşizmə qarşılıq olaraq hərbi əməliyyatlar gündəmə gətiriləcək”

Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq. Onun sözlərinə görə, Qazax rayonunun 7 kəndi və Kərki ilə bağlı məsələ delimitasiya prosesi çərçivəsində həllini tapmalıdır: “Ermənistan heç vaxt bəyan edə bilməz ki, bu ərazilər Azərbaycan ərazisi deyil. Bu ərizələr Azərbaycan ərazisidir. Bu ərazilərin Azərbaycanın tərkibinə qaytarılması delimitasiya prosesi tələb etdiyi üçün məsələyə bu çərçivədə baxılacaq. Bu ərazilərin Azərbaycanın tərkibinə keçməsi müzakirə olunub öz həllini tapacaq”.
Qeryd edək ki, Ermənistan delimitasiya və demarkasiyanı, ümumilikdə sülh prosesini yubadır. Bu və digər proseslərlə bağlı siyasi şərhçi Aqşin Kərimov “Xalq Cəbhəsi”nin suallarını cavablıandırıb.
-Qarabağ münaqişəsinin Qarabağ coğrafiyasından kənarda miras buraxdığı kəndlərdən erməni izlərinin təmizlənməsi Azərbaycanın formalaşdırdığı sülh gündəliyindəki istiqamətlərdən biridir.
Xarici işlər nazirinin müavini Xələf Xələfovun açıqlaması belə deməyə əsas verir. Söhbət Qazaxın hələ də işğalda olan 7 kəndinin (Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara, Yuxarı Əskipara, Bərxudarlı, Sofulu, Qızılhacılı) və Naxçıvan ərazisindəki Kərki kəndinin Azərbaycana geri qaytarılmasından gedir.
Xələf Xələfov 8 kəndin geri qaytarılması məsələsini sərhəd delimitasiyası prosesinin tərkib hissəsi kimi önə çəkib.
8 kənd mövzusu Azərbaycanın 2020-ci ilin noyabrında, Azərbaycanın Ermənistan üzərində qazandığı qələbə ərəfəsində Bakı tərəfindən masaya qoyulmuşdu, amma onun rəsmi sənədlərdə əksini tapmamasının bir neçə səbəbi var idi.
Birinci səbəb: Ermənistan Qarabağdakı məğlubiyyətdən dərhal sonra həmin məsələni açıq elan edə bilməzdi (Düşünürük ki, geniş izaha ehtiyac yoxdur).
İkinci səbəb: Azərbaycan müəyyən prosesləri həyata keçirdikdən sonra həmin məsələnin aktuallıq qazanmasını sürətləndirdi, hərçənd ki, yerli mediada daim bu mövzu müzakirə mövzusu idi.
İndi Bakının istədiyi zəmin tam olaraq formalaşıb və danışıqlarda həmin kəndlərin geri qaytarılması müzakirə olunur.
Hələ 2021-ci ilin yay aylarında Ermənistandakı Rusiya sərhədçilərinin Əskipara coğrafiyasına dislokasiya edildiyi bildirilirdi, bu, Bakının əleyhinə işləyən mexanizmə deyil, Azərbaycana danışıqlarda üstünlük gətirən şərtə çevrilirdi.
Postmünaqişə dövrünün “8 kənd periodunda” Azərbaycana müstəsna üstünlüklər verən bütün detalları sadalamadan deyə bilərik ki, Bakı həmin yerləri geri qaytarmağa nail olacaq.
Ermənistan isə buna hazırdır, daha doğrusu bundan başqa çıxış yolu da yoxdur, ona görə də, hələ bir neçə ay öncə Qazaxın işğal altındakı kəndlərindən keçən yola alternativ yol çəkdiyi haqqında məlumatlar dövriyyəyə buraxılmışdı.
Bu proses həm də regionda yeni nəqliyyat-kommunikasiya marşrutlarının yaradılmasının tərkib hissəsidir, buna görə də Qazax-İcevan dəmir yolunun açılması da sonrakı gedişatlarda müzakirə oluna bilər.
Proses ümumilikdə vaxt aparacaq, çünki erməni cəmiyyətinin bir-birə bunu həzmə verməsi çətin prosesdir, lakin mümkünsüz deyil.
Ona görə də, gələcəkdə Ermənistanın sərhəd istiqamətində, eləcə də 8 kənd istiqamətində ara-sıra təxribatlara yol verərək gözə kül üfürəcəyini istisna etmək olmaz.
- Bu ilin birinci rübü üçün Qarabağla bağlı gedən prosesləri necə qiymətləndirirsiniz?
- Qarabağla bağlı gedişatlar Azərbaycanın strateji məqsəd və uzunmüddətli hədəfləri istiqamətində irəliləyir. Artıq 2021-ci ildən fərqli olaraq 2022-ci ildə Qarabağ məsələsində açıq qalan məsələlərin həlli sürətləndi, burada Azərbaycanın Fərrux zəfərindən sonra qurulan diplomatik masalar da böyük rol oynadı.
Azərbaycan Ermənistana sülh gündəliyi üçün 5 maddədən ibarət baza prinsipləri təqdim edib, Ermənistanın buna 6 bəndlə cavabı isə demək olar ki, Bakının şərtlərinin İrəvan tərəfindən nisbətən fərqli formada bəyanıdır.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qalan ermənilərin təhlükəsizliyi məsələsinə gəlincə, Ermənistan bunu ərazi münaqişəsi kontekstində deyil, hüquqi-təhlükəsizlik mövzusu kimi qabardır. Bu, Nikol Paşinyan hökumətinin əvvəlki hakimiyyətlərdən fərqli olaraq yeni yanaşma ortaya qoyduğunu göstərir və mətnaltı da olsa, həmin ərazilərin Azərbaycanın olduğunu etiraf edir. Onsuz da Azərbaycan bəyan edib ki, Qarabağdakı ermənilər Azərbaycanın yurisdiksiyası altında təhlükəsiz mühitdə yaşaya bilər.
2021-ci ilin ilk aylarından 2022-ci ilin martına – Fərrux zəfərinə qədər Bakının gündəliyində antiterror əməliyyatları dayanırdı, amma bundan sonrakı proseslərdə hibrid müharibə elementləri gözə çarpacaq. Əgər Ermənistan üçtərəfli bəyanatların müddəalarını yerinə yetirməkdən boyun qaçırmağa cəhdlər etsə.
Digər məsələ sərhədlərin delimitasiya və demarkasiya prosesidir, burada hansı xəritələrin əsas götürüləcəyinə dair ortaq yanaşmada fərqli fikirlər olduğunu düşünürəm.
Prezident İlham Əliyevin xəritə mövzusunda 1918-ci il və hətta ondan əvvəlki dövrə istinad etməsi sözsüz ki, Azərbaycanın öz tarixi ərazilərinin daha çox hissəsini Ermənistandan geri alması üçün əsaslar yarada bilər və bu istiqamətdə gedən danışıqlarda Bakıya üstün manevr imkanları qazandırar.
Ümumiyyətlə sülh gündəliyini formalaşdırmaq çətin məsələdir, xüsusilə bu mövzuda etnik amil də rol oynayırsa, o zaman onun xüsusiyyətlərinə mürəkkəblik qatılması ehtimalları daha çox artır. Ermənistan hakimiyyəti xalqı sülhə hazırlamaq istəyir, lakin illərdən bəri yoğrulub şişən revanşist meyllərin nəzəri cəhətdən boğulması çətin məsələdir.
- Ermənistanın daxilində sülhə qarşı revanşist duyğular baş qaldırıb...
-Bunun səbəblərini nədə görmək olar?
- Ermənistanda vəziyyətin hansı məcraya getməsindən asılı olmayaraq nəticə Bakının xeyrinə olacaq. Bu, birmənalıdır. Mən düşünmürəm ki, indi Koçaryan-Sarkisyan cinayətkar ikilisi hakimiyyətə gələcəkləri təqdirdə, genişmiqyaslı hərbi hərəkətliliyə yol versin. Çünki Ermənistan bu zamana qədər üçtərəfli bəyanatlara görə dövlət olaraq məsuliyyət daşıyır və ondan sapmalar onun dövlət kimi varlığının fiziki məhvinə gətirib çıxarar.
Müxalifətin indiki arqumentləri sadəcə hakimiyyət uğrunda mübarizə üçün lazımdır. Fərz edək ki, Paşinyan devrildi və onu keçmiş xunta əvəzlədi. Bu zaman nələr olacaq? Təbii ki, cani siyasətçilər gözə kül üfürmək üçün qısamüddətli hərbi təxribata yol verəcək, daha sonra vəziyyətlə barışdığını bu formada ifadə edəcək: “Günahkar Paşinyandır, sənədləri o imzalayıb”. Ermənistanda baş verənlərin anatomiyasını qısa şəkildə belə təsvir edə bilərik.
- Bu sülh prosesinə necə təsir edir?
- Təbii ki, müəyyən axsamalar üçün Ermənistanın əlinə bəhanələr verir, amma Azərbaycan vəziyyətə dair operativ, çevik reaksiyalar verir. Yəni, Bakı elə siyasət yürüdür ki, Ermənistanın vaxt qazanması üçün barmaq yeri də qalmasın. Bunun üçün Bakının həmlələrini aşağıdakı amillər stimullaşdırır:
1. Türkiyə ilə dərin strateji müttəfiqlik,
2. Ordu gücünün yeni fazaya qədəm qoyması,
3. Əhəmiyyətli beynəlxalq dəstək qazanması,
4. Rusiya ilə münasibətlərin yeni konfiqurasiyaya uyğun olaraq dərinləşdirilməsi,
5. Strateji yüksəkliklər,
6. Güclü kəşfiyyat-nəzarət və texniki-nəzarət imkanları.
Ona görə də, Ermənistanda baş verənlər ən pis halda sülh gündəliyinin metodunu dəyişdirə bilər, yəni revanşizmə qarşılıq olaraq hərbi əməliyyatlar gündəmə gətirilər. Bu isə Ermənistanın baş daşı halına gələ bilər, ona görə də, İrəvan maksimum şəkildə bu meyldən qaçır.

Əli Zülfüqaroğlu